“Mən Bakıya gələndə qarşıma məqsəd qoyulmuşdu ki, “Neftçi” avrokuboklarda iştirak edə bilsin”

“Neftçi” güclülər dəstəsinin 32-ci turunda rəqib meydanında “Sabah”a 2:1 qalib gələrək avrokuboka vəsiqəni təmin edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “xalq komandası”nın Baş məşqçi Yuri Vernidub qələbəni belə şərh edib: “Bu çox gözəl axşamdır, çünki məqsədimizə çatdıq. Mən Bakıya gələndə qarşıma məqsəd qoyulmuşdu ki, “Neftçi” avrokuboklarda iştirak edə bilsin. Bilirdim ki, 4-cü yerdən çox uzaqdayıq. Eyni zamanda, qarşımızda kifayət qədər çox oyun olduğunu anlayırdım.

2025-ci ilin sonlarında 2 oyun keçirəndən sonra toplanışa getməyimiz yaxşı oldu. Futbolçularla daha yaxından tanıdım. Bilirdim ki, buna nail ola bilərik, sadəcə, daha çox işləmək, daha yaxşı oynamaq lazımdır ki, Allah da bizi buna görə mükafatlandırsın. Səmimi olaraq deyim ki, mən bu gün xoşbəxt bir insanam. Futbolçular mənə və köməkçilərimə, biz də onlara inandıq ki, bu çox önəmli idi.

Bütün komanda üzvlərinə, klub rəsmilərinə, əməkdaşlarına təşəkkür edirəm. Çünki bu qələbədə onların da böyük rolu var. Xüsusilə klub rəhbərliyinə minnətdaram. Onlar hər zaman yanımızda oldular, bizə dəstək verdilər, istədiyimiz hər şeylə bizi təmin etdilər. Bu cür nəticələrin əldə edilməsində belə dəstək və klub rəhbərliyi ilə komandanın bir ailə kimi olması çox önəmlidir. Bax, bizim qələbələrimizin təminatı budur”.

Həmin kateqoriyadan