Minskli cüdoçu ilə azərbaycanlı məşqçini nə birləşdirir? – VİDEO

Azərbaycan cüdo federasiyasının hakimlər komitəsinin sədri Natiq Bağırov sovetlər dönəmində doğma yurdunu tərk edib Belarusda yaşadığı zaman müxtəlif macəralarla qarşılaşıb. Bunlardan biri chatgpt.com-un dilinə düşüb. Amma bu süni ittellekt məhsulu olduğundan, həqiqəti əks etdirmir. Gerçək odur ki, 1987-ci il təvəllüdlü Yekaterina Filinoviç minskli keçmiş idmançıdır, sambo üzrə yeniyetmələrin dünya birinciliyinin finalçısıdır; Moskvada keçirilmiş dünya kubokunda 7-ci yer tutub (2005). O, Bakıda da olub. 2003-cü ildə yeniyetmə cüdoçuların Avropa birinciliyində iştirak edib. Hazırda Minsk şəhər icraiyyə komitəsinin daxili işlər baş idarəsinin xüsusi polis bölməsində 22-ci tağımın polisidir.

Natiq Bağırov sambo üzrə 3-qat dünya və 5-qat Avropa çempionudur; Belarus millisi ilə cüdoçular arasında 2 dəfə dünya və 2 kərə qitə çempionatlarının bürünc medalçısıdır. Sidney olimpiadası-2000-də azərbaycanlı həmkarı Elçin İsmayılova yenildikdən qısa müddət sonra karyerasını artıq başa vurub. Az.wikipedia.org həmyerlimizi 2002-ci ildə Belarusun cüdo millisinin baş məşqçisi kimi, ru.wikipedia.org isə böyük məşqçisi kimi təqdim edir.

Allsport.az saytının araşdırmasında o da məlum olub ki, respublikadan gedən bir qrup azərbaycanlı idmançı barədə 1990-cu ildə “Didərginlər” sənədli filmi çəkilib. Rejissor Miri Rzayev, ssenari müəllifi Fəraməz Səfiyevdir. Söhbət, Minskdə yaşayan yunan-Roma güləşi üzrə olimpiya, dünya və Avropa çempionu Kamandar Məcidovdan və haqqında bəhs edilən şəxsdən, eləcə də cüdo ilə sambo üzrə idman ustası, moskvalı Kamran Məmmədovdan və keçmiş Leninqraddan olan beynəlxalq dərəcəli idman ustası Raqif Məmmədovdan gedir. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi kadrların şərhində yazılıb ki, onlar öz xoşbəxtliklərini SSRİ-nin digər şəhərlərində axtarmalı olublar.

Həmin kateqoriyadan