Nazim Süleymanov: “Heç vaxt Rusiya yığmasında oynamaq barədə düşünməmişəm”

Azərbaycan futbolunun veteranı Nazim Süleymanov azərisport.az saytının suallarına cavab verib. Allsport.az sizi bu gün 50 yaşını qeyd edən yubilyarın həmin müsahibəsi ilə taniş edir.

– Sizi ad gününüz münasibətiylə təbrik edirik. Nazim Süleymanovun hansı arzusu həyata keçməyib?
– Bilirsiniz, arzular çoxdur. Hər hansı bir arzun reallaşırsa, sonra yenisi yaranır. Amma bununla belə məşqçi kimi sözümü demədiyimi düşünürəm. İmkan olmadı, müəyyən problemlərə görə özümü göstərməmişəm. Məşqçiliyə Rusiyada başladım, ardınca Azərbaycana gəldim. 2004-cü ildə Vətənə qayıdanda məqsədim var idi – özümü doğruldub əcnəbi ölkədə çalışmaq. Bu, mənim arzum olaraq qalır. Sadəcə, alınmadı və mən hələ də bu barədə düşünürəm. Nə yaşımız var ki? 11 il keçib amma həmin məqsədimizin reallaşmasına çalışmalıyam.

– O vaxt sizi həm də Rusiya yığmasında oynamağa dəvət edirdilər. Siz isə Azərbaycan millisini seçdiniz. Bəlkə Nazim Süleymanov Rusiya yığmasında oynasaydı, karyerası daha uğurlu olardı?
– Onda mən Nazim Süleymanov olmazdım. Söhbət nəyəsə görə millidə oynamaqdan getmir. O vaxt futbola indiki qədər diqqət yox idi. Lakin millidə oynamaq hər bir futbolçuya şərəf olurdu. Mən hər zaman yalnız Azərbaycan millisi barədə düşünmüşəm.

– Rusiya yığması təklif ediləndə yəqin müəyyən mükafatlar da olub…
– İndi o barədə danışmaq düzgün olmaz. Sözsüz futbolçuya hər cür şərait yaradılacaqdı. Mənzil məsələsi həll olunurdu. Müəyyən məbləğdən söhbət gedirdi. Ən əsası mən artıq Rusiyada legioner sayılmayacaqdım. Bu isə mənə komandamda daha tez-tez oynamağa imkan verirdi. Bəzən limitə görə ehtiyatda qalırdım.

– 1996-cı il. Rusiya çempionatında qızıl oyun – “Spartak” – “Alaniya” görüşü. Həmin qızıl oyunda vacib zərbəni vursaydınız, hər şey tam başqa ola bilərdi…
– 1995-ci ildə “Alaniya”nın heyətində Rusiya çempionu olduq. Ondan əvvəl 1992-ci ildə Rusiya ikincisi olub, UEFA kubokuna vəsiqə qazandıq. “Borussiya”yla (Dortmund) oynadıq. Həmin dövrdə “Borussiya” final oynadı. Məyus edən məqamlar da olub. “Neftçi” 1988-ci ildə aşağı dəstəyə düşdü. Bu, olmamalıydı, layiq deyildik. 1996-cı ildə ikinci dəfə Rusiyada çempion olmalıydıq. Onda da dedilər ki, Nazim Süleymanov axırıncı dəqiqələrdə qol vura bilmədi. Bəli, belə bir epizod oldu. Amma həmin epizoda qədər, hətta həmin oyuna qədər çox sayda səhvlər oldu. Hətta həmin “qızıl oyun” olmaya bilərdi.

– Həmin oyundan sonra baş məşqçi Valeri Qazzayevlə münasibətiniz necə idi?
– Futbolda belə hallar olur. Hətta dünya ulduzları belə, əsas məqamlarda qeyri-dəqiq olurlar. Dünya çempionatının finalında belə, bu cür hallar olur. Fikir bildirməyə tələsmək lazım deyil. Roberto Bacco kimi ulduz mundialın finalında penaltini vura bilmədi. Mişel Platininin oyununun alınmadığı məqamlar olub. Mən də istəyirdim qol olsun. Sadəcə, alınmadı. Həmin mövsüm biz çoxlu səhvə yol verdik. “Qızıl oyun” olmaya bilərdi, əvvəldən hər şeyi həll etmək olardı. Qazzayevlə münasibətim normaldır. Yaxınlarda yenə görüşdük, söhbətləşdik.

– SSRİ dövründə azərbaycanlı futbolçu üçün Rusiyada futbol oynamaq çətin deyildi?
– Mən sovet dövründə Rusiyaya yollandım. Müəyyən mənada çətin idi. İndiki kimi hər xarici futbolçuya şans verilmirdi. Gərək gələn futbolçu yerlidən 2-3 dəfə güclü olaydı. Yoxsa heç onu heyətə götürmürdülər. 1991-ci ildə ilk oyunu xatırlayıram. Qazzayev məni Moskva “Spartak”ına götürüb. İlk oyunda “Lokomotiv”lə oynayırıq. Görüş 2-2 hesabıyla başa çatdı. Mən ilk 18-də olsam belə, meydana buraxmadılar. Matçdan sonra yaxınlaşdım Qazzayevə ki, niyə belə oldu. Dedi ilk oyunda yerli futbolçulara şans vermək istəyir. Ona etiraz etmişdim. Rusiyada oynayanda belə Azərbaycanı düşünmüşəm. Hər hərəkətimə fikir vermişəm. Çalışmışam ki, ətrafdakılarda azərbaycanlılar haqda yaxşı fikir formalaşsın. Çünki, biz futbolla ölkəmizi təmsil edirdik.

– Niyə indi səviyyəli futbolçularımız azdır. Sanki hamı yalnız Azərbaycan futbolunda yaxşı olmaq istəyir…
– Müasir dövrdə istənilən legioner rahat gəlib Azərbaycanda oynaya bilər. Halbuki onlar bizim futbolçulardan o qədər güclü deyil. O vaxt legionerə rahat oynamağa imkan verilmirdi. Gərək yerlidən çox fərqlənərdin. Bizim futbolçulara gəldikdə onlar meydanda bütün potensialını göstərmir. Bəlkə kimsə inciyəcək, amma meydanda yorulmaq lazımdır. 90 dəqiqə gərək maksimum gücünü qoyasan. Lakin bizimkilər bunu etmir. Bəzən jurnalistlər qol vuran futbolçunu çox tərifləyir, halbuki bu onun işidir. Yazılan təriflər isə arxayınçılıq yaradır. Səbəblər çoxdur.

– Nazim Süleymanov gələcəkdə Azərbaycan millisinin baş məşqçisi olmaq istərdimi?
– General olmaq istəməyən əsgər deməli inkişaf etmək istəmir. Düzünü deyim ki, istəyirəm. Amma bunun üçün müəyyən yol keçmək yaxşı olardı. Təcrübəmi artırım, nəticə qazanım. Məşqçi üçün Azərbaycan millisi karyerasının zirvə nöqtəsidir. Ona görə vaxtı ilə futbolçusu olduğum millidə baş məşqçi olmaq mənim üçün şərəfdir.

– 50 yaşında özünüzə nə arzu edərdiniz?
– Mən hər kəsə can sağlığı arzulayıram. Canımız sağlam olanda işləməyə həvəsimiz artır. Gələcəkdə daha yaxşı işləməyə çalışmalıyıq. Özümə də ilk növbədə can sağlığı arzu edirəm.

Həmin kateqoriyadan