“Qəbələ” İzmir kubokunda “Valensiya” və “Benfika”ya qarşı

“Qəbələ” İzmir kubokunda “Valensiya” və “Benfika”ya qarşı

“Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, Elnur İmanquliyevin baş məşqçisi olduğu U-12 aprelin 5-dən 7-dək Türkiyədə təşkil olunacaq ənənəvi İzmir kubokunda qüvvəsini sınayacaq.

“Milan”, “Latsio” (hər ikisi – İtaliya), “Mançester Siti”, “Çelsi” (İngiltərə), “Ayaks” (Niderland), “Porto” (Portuqaliya) kimi klubların qatılacağı yarışda 72 komanda 8 qrupda mübarizəyə başlayacaq.

Əyalət təmsilçisi “G” qrupunda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” aprelin 5-də “Benfika” (Portuqaliya), “Brügge” (Belçika), “Valensiya” (İspaniya) və “Qrasshopers”lə (İsveçrə) qarşılaşacaq. Qrup mərhələsinin ikinci günündə komandamızın rəqibi “Ankaragücü” (Türkiyə), “Kardiff” (Uels), “Göztəpə” (Türkiyə) və “Tvente” (Niderland) olacaq.

Qrupda ilk dörd yeri tutan komandalar aprelin 7-də final mərhələsində mübarizə aparacaqlar. Digər iştirakçılar isə 33-72-ci yerlər uğrunda matçlar keçirəcəklər.

Həmin kateqoriyadan