Qriqorçuk: “Əminəm ki, Zets bizə çox kömək edəcək”

“Qəbələ” UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Kiprin “Apollon” klubu ilə ilk görüşdən öncə növbəti transferini gerçəkləşdirdi. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” Bosniya və Herseqovina yığmasının hücumçusu Ermin Zetslə müqavilə bağladı. Tərəflər “1+1 il” şərti üzrə razılaşıblar.

Artıq Zetsin yeni komandasında rəsmi debütü də baş tutub. “Apollon”la səfər matçının 76-cı dəqiqəsində ukraynalı həmkarı Aleksey Antonovun yerinə meydana daxil olan bosniyalı hücumçu qol vurmaq imkanı da qazanıb. Ancaq onun yaxın məsafədən zərbəsi “çərçivə”yə düşməyib.

Ermin Zets 18 fevral 1988-ci ildə keçmiş Yuqoslaviyanın Buqoyno şəhərində doğulub. O, hazırda Bosniya və Herseqovinanın ərazisində yerləşən bu şəhərin “İskra” klubunda futbolun sirlərinə yiyələnib. Maraqlıdır ki, onun peşəkar futbolçu kimi bütün karyerası ölkə xaricində keçib. İlk peşəkar müqaviləsinə 2007-ci ildə imza atan Zets Xorvatiyanın “Şibenik” klubuna transfer olunub. Gənc futbolçu tezliklə “Şibenik”də özünü göstərərək, özü haqqında yaxşı rəy formalaşdırıb. Hücumçu 2008/09 mövsümündə 27 oyunda 14 dəfə fərqlənməklə şərəfini qoruduğu klubun ən sərrast üzvü olub. 2009-cu ildə Xorvatiya çempionatının ən yaxşı futbolçusu, habelə, Bosniya və Herseqovinanın ən yaxşı gənc oyunçusu seçilib. Hətta həmin vaxtlar Ermini həmyerlisi, “Mançester Siti”nin məşhur hücumçusu Edin Dzekoya bənzədərək, ona “Dzeko №2” ləqəbini verib. Təsadüfi deyil ki, parlaq çıxışına görə Avropanın bir sıra klubları – “Borussiya” (Dortmund), “Hamburq”, PSJ, “Portsmut”, “Qalatasaray”, PSV, “Şaxtyor” Zetsə maraq göstəriblər. Lakin perspektivli futbolçunu daha çox Türkiyənin “Gənclərbirliyi” komandasından gələn təklif qane edib. 2010-14-cü illərdə qardaş ölkədə oynayan hücumçu “Gənclərbirliyi”ndə 107 oyuna 19 qol vurub.

2014-cü ildə yenidən Xorvatiyaya, bu dəfə “Rieka”ya qayıdan Ermin burada çox duruş gətirə bilməyib. O, cəmi bir neçə aydan sonra, daha dəqiqi, bu ilin əvvəllərində Türkiyəyə dönmək qərarına gəlib. Yenə Superliqada oynamaq imkanı qazanan bosniya və herseqovinalı “Balıkesirspor”un şərəfini qoruyub. “Qəbələ”yə də məhz bu klubdan keçib. 177 sm boya, 72 kq çəkiyə malik hücumçu peşəkar karyerasında, ümumilikdə, 224 matçda 70 dəfə rəqib qapısına yol tapıb. Yeni transfer, həmçinin, Bosniya və Herseqovina milli komandasının da uğurları üçün çalışıb. Öncə gənclər yığmasında çıxış edən hücumçu 20 yaşında əsas milliyə dəvət alıb. Zets burada 9 oyunda 1 dəfə fərqlənib. Əsas yığmada yeganə qolu 29 may 2010-cu ildə səfərdə İsveç komandası ilə yoldaşlıq görüşündə vurub (2:4).

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Zetslə bağlı fikirilərini klub qəzetinə açıqlayıb: “Əminəm ki, Zets yüksək səviyyəli futbolçudur və “Qəbələ”yə çox kömək edəcək. İstənilən hücumameyilli oyunçu qapıya doğru istiqamətlənməlidir ki, Zets də məhz belələrindəndir. Ona top ötürəndən sonra bir neçə hərəkətiylə aydın olur ki, peşəkar futbolçu, əsl hücumçudur”.

Həmin kateqoriyadan