Qurban Qurbanov: “Özünü yaxşı aparsa, oğlumu “Qarabağ”a transfer edəcəyəm”

Ağdamın “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov “Media forum” saytının suallarını cavablandırıb. Allsport.az xəbər verir ki, 42 yaşlı Qurban Qurbanov futbolçu karyerası ərzində Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarında hücumçu mövqeyində çıxış edib. Azərbaycan milli komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub.

2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov əvvəl Bakının “İnter” klubunun idman direktoru vəzifəsində çalışıb, sonra “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.

– Siz ölkənin ən populyar adamlarından birisiniz. “Qarabağ” sizin baş məşqçiliyiniz dövründə Avropa arenasında tanınıb. Futbolçu kimi də məşhur olmusunuz, Azərbaycanın, Gürcüstanın, Rusiyanın tanınan klublarında oynamısınız, Azərbaycan milli komandasının aparıcı üzvlərindən olmusunuz. Bir sözlə, çox tanınırsınız. Amma istərdik özünüzü qısa təqdim edəsiniz: Qurban Qurbanov kimdir?
– Özüm haqda geniş danışmağı xoşlamıram. Qısa deyim ki, Zaqatala rayonunda doğulmuşam. Futbolla böyümüşəm desəm, yanılmaram. Hələ uşaq olarkən məhəllədə futbol oynamağa başlamışam, sonra pillə-pillə yüksələrək rayon komandasında oynamışam, ardınca daha yaxşı klublara transfer olunmuşam, milli komandanın üzvü seçilmişəm. Daha sonralar beş il Rusiyada çıxış etmişəm. Bakıya qayıtdıqdan sonra karyeramı “Neftçi”də davam etdirmişəm. “İnter” klubunda futbol həyatımı yekunlaşdırıb məşqçiliyə başlamışam.

– Hər bir oğlan uşaqlıqda futbol oynayır. Amma heç də hər kəs futbolçu olmur. Taleyinizi futbola bağlamağınızın tarixçəsi var yəqin…
– Futbola marağım lap uşaqlıqdan başlayıb. Kənddə böyüdüyüm üçün daha çox küçələrdə, məktəbin idman sahəsində futbol oynayardıq. O zamanlar gənclər arasında rayon çempionatı keçirilirdi. Mən də orada iştirak edirdim. 7-ci sinifdə oxusam da, fiziki cəhətdən üstün olmağımla diqqət çəkirdim, kənd komandasının üzvü idim. Həmin dövrdə Zaqatalanın “Daşqın” komandası vardı. Baş məşqçi Şaban Şirdanov rayon çempionatı keçiriləndə oyunlara gəlirdi, perspektivli oyunçular axtarırdı. Oyunumu bəyəndiyi üçün məni kluba dəvət etdi. Qardaşım Musa da əsgərlikdən yeni qayıtmışdı. Özü də futbolçu olduğundan məni futbola yönləndirdi. Qardaşım dedi ki, istəyirəm futbolçu olasan. Həm Şaban Şirdanov, həm qardaşım futbolçu kimi gələcəyimin yaxşı olacağına inanırdılar. Onların dəstəyi ilə karyerama başladım. Orta məktəbin 8-ci sinfində oxuyanda “Daşqın” komandasının əsas heyətində məşqlərə başladım. 10-cu sinifdə isə “Daşqın” klubunun əsas heyətinin üzvü oldum, Azərbaycan çempionatında oyunlara çıxdım.

– “Daşqın” klubunun sonrakı taleyi necə oldu?
– Klub çempionatımızda uğurla çıxış edirdi. Hətta bəzi illər üçüncülük yarışında yer aldıq. Sonra klubun adı dəyişildi. Hazırda “Simurq”dur komandanın adı. Mənsə Tovuzun “Turan” komandasına transfer olundum. Elə ilk ilimizdə – 1994-cü ildə çempion olduq.

– Peleyə, Bekkenbauerə, Platiniyə, Maradonaya pərəstiş edən xeyli gənc taleyini futbolla bağlayıb. Siz özünüzü hansı futbolçuya oxşatmaq istəmisiniz?
– Təbii, hər dövrə damğa vuran futbolçular olub. Hazırda balaca uşaqlardan kumir olaraq kimi gördüklərini soruşsanız, Messi və ya Ronaldo cavabını alacaqsınız. Bizim dövrün kralı isə Maradona idi. Hər birimiz ondan ilham alırdıq. Onun qollarından, oyunundan bəhrələnirdik. Təəssüf ki, bu cür futbolçular əsrdə bir yetişir.

– Azərbaycanda Pele, Maradona kimi futbolçuların yetişməsi nə dərəcədə realdır?
– Son illərə nəzər salsaq, ölkəmizdə futbola maraq yetərincə artıb. Lakin dahi futbolçunun tezliklə ortaya çıxacağını vəd etsək, özümüzü aldatmış olarıq. Böyük futbol ölkələri ilə özümüzü müqayisə edə bilmərik. Argentina, Braziliya, öndə gələn Avropa ölkələri bizdən çox irəlidədir. Ola bilsin, yaxın illərdə bir futbolçu parlasın və bizi heyran etsin. Bu ehtimaldır. Amma xəyalpərəst olmaq lazım deyil.

– Bunun bir sirri varmı? Bu istiqamətdə irəliləmək üçün nə etməliyik?
– Bilirsiniz, bir idman növünə maraq nə qədər çoxdursa, o qədər də inkişaf müşahidə olunur. Məsələn, güləş üzrə dünya, olimpiya çempionlarımız var. Futbolun populyarlığı artdıqca səviyyəsi yüksələcək. Argentina və Braziliya kimi ölkələrin xəmiri futbolla yoğrulub. Onlara yetişməmiz zaman alacaq.

– Sizdə diqqəti cəlb edən bir keyfiyyət var. Qurban Qurbanov çox təmkinlidir. Komanda udanda da, uduzanda da çox sakit, emosiyasız görünürsünüz. Bu, uşaqlıdan gələn xarakterdir, ya özünüzü ələ almağa zamanla vərdiş etmisiniz?
– Uşaqlıqdan gələn keyfiyyətdir. Yaş irəlilədikcə anlayırsan ki, belə olmaq daha yaxşıdır. Digər tərəfdən hər kəsin özünəməxsus xarakteri var. Mənim də xarakterim belədir. Bunu dəyişə bilmərəm. Bir nüans da var. Mənim təmkinli olmağım oyunçuların da xeyrinədir. Emosional, hisslərini sahə kənarında büruzə verən məşqçi olsam, bu birbaşa oyunçulara təsir göstərər, oyunun gedişatında, nəticədə əks olunar.

– Biz belə məşqçi tiplərinə rast gəlirik. Məsələn, Fatih Terim, Dieqo Simeone, Slaven Biliç kimi məşqçilər emosionallığı ilə seçilir…
– Hər məşqçinin tərzi fərqlidir. Belə desək, hərə öz yolunu seçir. Bəziləri düşünə bilər ki, bu cür yolla öz oyunçularına ruh verir…

– Məşq zamanı da təmkinli olursunuz?
– Xeyr. Məşq zamanı fərqli oluram. Hiss və duyğularımı daha bariz şəkildə göstərə bilirəm.

– Qurban bəy, ümidlərinizi doğrultmayan, məşqdə, oyunda can yandırmayan və ya nizam-intizamı pozan futbolçunu necə cəzalandırırsınız?
– Hər futbolçu fərqlidir. Ümumi şəkildə cəza vermək düzgün olmaz. Bəzisinə pul cəriməsi etdikdə pis təsir göstərər və ya irad bildirdikdə oyunçu neqativ reaksiya verə bilər. Ona görə də hər futbolçu ilə ayrı-ayrılıqda danışıq aparırıq.

– Gənc olmağınız futbolçularla münasibətlərdə necə özünü göstərir?
– Mənim üçün yaş faktoru yoxdur. Məşqçi elə məşqçidir. Cavan, yaşlı bölgüsü aparmaq düzgün deyil. Məşqçi elə davranmalıdır ki, oyunçu qarşısındakının məşqçi olduğunu dərk edə bilsin. Ona hörmət eləsin. Məncə, bu hər bir insanın özündən asılıdır. Özümü misal göstərib deyə bilərəm ki, oyunçularla zarafat da edirəm, söhbətlərimiz də olur. Amma hər şey çərçivə daxilində olmalıdır. Xarakterimdə tez-tez zarafat etmək olmasa da, yeri gəldikcə məşqlərdə zarafatlara yol veririk. Təbii ki, belə hallar futbol terminləri ilə bağlı olur. Bununla belə ağıllı oyunçu bilir ki, hər bir zarafat həm də bir işarədir.

– Futbolçularla hər hansı mübahisəniz olubmu?
– Şükürlər olsun ki, indiyə qədər belə halla rastlaşmamışam və bundan sonra qarşılaşmayacağıma ümid edirəm. Hər hansı futbolçu ilə münaqişə yaşamamışam. Sadəcə narazılığım olub. Komanda yaxşı oyun göstərməyəndə, ilk hissəni məğlub bitirdikdə, bəzi hallarda isə qalib gəldiyimiz oyunlardan sonra belə iradlarımı bildirirəm. Amma bəzən elə hallar olur ki, çox yaxşı oynasaq da, məğlub oluruq. Rəqib girdiyi bir qol vəziyyətindən faydalanır, biz isə 5-10 qol vəziyyətindən istifadə edə bilmirik. Belə hallarda oyunçularıma təsəlli verirəm, onlara olan inamımı vurğulayıram.

– Oyunlara hazırlaşarkən psixoloq xidmətindən də yararlanırsınızmı? “Qarabağ”ın psixoloqu varmı?
– Xeyr. Psixoloq köməyinə ehtiyac duymuruq. Açığı, elə bir dövrdür ki, fərdi psixoloq oyunçunun oyununa mənfi təsir də göstərə bilər. Mən özüm futbolçu olmuşam. Bizə də psixoloq təlimlər keçəndə və ya motivasiya xarakterli söhbətlər edəndə o qədər də ciddi təsiri olmurdu. Ola bilər, psixoloq öz peşəsini mükəmməl icra edir, lakin futbolçu üçün ən önəmlisi baş məşqçidir. Klubumuzda bütün yükü mən öz üzərimə götürmüşəm.

– Avropa futbolunda psixoloqların köməyindən istifadənin şahidi oluruq. Buna münasibətiniz…
– Get-gedə bu hallar azalır. Çünki futbol fərqli bir idman növüdür. Futbolun öz dili var. Qeyd etdiyim kimi, mən də futbolçu olduğum zaman psixoloq köməyinə ehtiyac duymamışam. Mənim üçün ən önəmlisi baş məşqçi olub. Onun dediyinə əməl etməyə çalışmışam. Futbolçular digər idmançılardan seçilir. Bəziləri gənc yaşda tanınır, özündən razılıq yaranır. Çalışırıq belə halların qarşısını alaq. Bu cür vəziyyətlərin şahidi olmuşam. O zaman oyunçunu tənbeh etmişəm, ona iradımı bildirmişəm.

– Futbolumuz yaxşı günlərini yaşamır. Düzdür, Azərbaycan kiçik ölkədir, futbol yeni inkişaf edir. Buna baxmayaraq o qədər də böyük olmayan Belçika, Hollandiya kimi ölkələr bu əngəli aşıblar. Bəs çıxış yolu nədir?
– İnkişaf etməliyik və bu yolda irəliləməliyik. Sadaladığınız ölkələrlə müqayisə oluna bilmərik. Bu yanlış olar. O ölkələrdə neçə illərdir müstəqil çempionat keçirilir, Avropa kuboklarında iştirak edirlər. Biz isə hələ yeni addımlamağa başlayırıq. Avropa kuboklarına ilk dəfə 1994-cü ildə “Turan” komandası ilə qatılmışıq. 20 il çox qısa zamandır. İnkişaf üçün futbol meydançalarına, bazalara ehtiyac var. Hazırda bizim yeni bazamız tikilir. Belə davam etdiyi təqdirdə inkişaf olacaq. Biz yeni müstəqil olmuşuq. Milli çempionatımız da yenidir. Əvvəllər SSRİ-nin tərkib hissəsi idik. Bu səbəbdən bütün gözlər yalnız yüksək liqalarda oynayan “Neftçi” klubuna dikilmişdi. Respublikada yetişən futbolçular uzağı “Neftçi”də oynaya bilirdi. Bunlar bizi çox geri salıb. Keçmiş SSRİ respublikalarına baxın. Gürcüstan, Ukrayna kimi ölkələr də eyni çətinlikləri yaşayır. Hər şeyi sıfırdan başlamalı olmuşuq. Zamana ehtiyacımız var. Futbol fərdi idman növü olsa, daha asan olardı. Lakin bu, kollektiv oyundur. Digər tərəfdən struktur baxımından geridəyik. Bizim indi inşa etdiklərimizi Avropada 50 il öncə ediblər.

– Milli çempionatda legioner limitinə münasibətiniz necədir? Hazırda 6+5 sistemi tətbiq olunur.
– Bu işlə futbolumuzun funksionerləri məşğul olur. Məncə, bu məsələdə önəmli olan stabil sistemin tətbiqidir və buna doğru addımlar atılır, zamanla hər şey öz yerinə oturacaq.

– Bəs sizin hər hansı ideya və təklifiniz varmı?
– Mənim bu haqda rəy bildirməyim yersiz olardı. Çünki funksionerlərimiz artıq tədbir görürlər. Bizə düşən öz klubumuzun işləri ilə məşğul olmaqdır. Bunun üçün də çalışırıq.

– Yüksək liqada 10 komanda vardı, 9-a endi. Sizcə, sistem necə olmalıdır?
– Stabil çempionat üçün zaman lazımdır. İki dövrəli sistem daha münasibdir. Biz indi hər komanda ilə dörd dəfə qarşılaşırıq. Yəni saya görə sistem yaranıb. Daha stabil çempionat üçün regionlarda futbolun inkişafı mütləqdir. Gəncə kimi böyük bölgəmizdə futbol böhran keçirir. Tovuz kimi futbol məktəbimizin klubu aşağı liqada oynayır. Regionlar irəliləsə, komandalar çoxalar və sistem daha münasib şəkil alar.

– Azərbaycanda futbola sahibkarlıq subyekti kimi yanaşılsa daha əlverişli olar, yoxsa bu sahəni yalnız dövlətin dəstəyi ilə inkişaf etdirmək mümkündür?
– Dövlətin futbola dəstəyi onsuz da var. Kömək olmasa, klublar fəaliyyət göstərə bilməz. 10 il bundan qabaq dövlət başçısının tapşırığı ilə futbolun inkişafı üçün dövlət proqramı hazırlandı. Bu proqram, yüz faiz olmasa da, uğurla həyata keçirildi. Əvvəllər klublar az qala hamısı bir stadionda oynayırdı, indi hər klubun öz stadionları var. Misal üçün, “Qəbələ”, “Xəzər Lənkəran” klublarının gözəl stadionları və futbol bazaları var. Həmçinin “Bakı” klubunun çox gözəl futbol bazası yaradılıb. Zaqatalada olimpiya kompleksi tikildi və “Simurq” klubunun da stadionu oldu. Hazırda ölkədə yeni stadionlar tikilir. Bu amillər futbolun inkişafına təkan verir.

– Azərbaycan futbolunda kifayət qədər pul varmı?
– Yetərincə pul var. Lakin bəzi klublar maliyyə çətinliyi yaşayır. “Araz Naxçıvan” bəlkə maliyyə problemlərinə görə çempionatda fəaliyyətini dayandırdı. Həmişə Azərbaycan çempionatında ilk üçlükdə olan, Azərbaycanı Avropa kuboklarında təmsil edən “Bakı” klubunun da maliyyə problemləri var. Sponsorlar klubları yuxarı qaldırırlar. Lakin bəzən çətinlik yaranır, klub pillə-pillə aşağı düşməyə başlayır. Bu problemləri aradan qaldırmaq lazımdır.

– Azərbaycan futbolunun durumundan narazı olanlar deyirlər ki, futbolçular yaxşı maaş alırlar, lakin istənilən nəticəni ortaya qoya bilmirlər…
– Məncə, bu düzgün fikir deyil. Futbol klublarını idarə edən şəxslər heç vaxt boş yerə pul verməzlər. Futbolçular ölkə səviyyəsində maaş alır. Ola bilər ki, bəzi futbolçular aldıqları pulun qarşılığını vermirlər. Lakin elə də olur ki, futbolçular zədəyə görə karyeralarını erkən başa vururlar. Hətta bəzən elə olur zədəyə görə futbolçu başqa işlə də məşğul ola bilmir. Bu amili nəzərə almaq lazımdır. Azərbaycanda həm yerli, həm də legioner oyunçulara başqa aspektdən də baxmaq lazımdır. Elə klublar var ki, oyunçularla FİFA nəzdində müqavilə bağlamırlar. Belə halda klubun maliyyə problemi olsa və yaxud klub dağılsa, futbolçu kompensasiya ala bilməz. Müqavilə olduqda isə oyunçu FİFA-ya üz tutub klubdan pulunu tələb edə bilər. Elə klublar var ki, oyunçularla belə müqavilələr bağlayır, lakin bağlamayanlar da var. Məsələyə bu tərəfdən də baxmaq lazımdır. Futbolçuların pulu haqqında danışanda bu onlara psixoloji olaraq mənfi təsir göstərə bilər. Hər bir futbolçu müqaviləsində göstərilən maaşın qarşılığını verir və verməlidir də. Ola bilər ki, futbolçu yaxşı oynamasın. Bu zaman baş məşqçi onunla danışmalıdır, lazım gəlsə, futbolçunu cəzalandırmalıdır və məsələni həll etməlidir.

– Maaşınız sizi qane edirmi?
– Bəli, qane edir.

– Maaşınız Avropa klublarının baş məşqçilərinin maaşı ilə müqayisə oluna bilərmi?
– Azərbaycan reallığında mən kifayət qədər yaxşı maaş alıram. Maaşımdan çox razıyam.

– Sizin rəhbərliyiniz altında “Qarabağ” bir dəfə Azərbaycan kubokunu qazanıb, Azərbaycan çempionatının 1 qızıl, 1 gümüş, 2 bürünc medalını əldə edib. “Qarabağ” UEFA Avropa Liqasında inamlı çıxışları ilə də şöhrətlənib. Bu mövsüm komanda qrup mərhələsində oynayıb və 1/16 finala çıxmaq imkanını hakimin yanlış qərarı nəticəsində itirib. Uğurların davamı olacaqmı?
– Əgər mən məşqçilik peşəsini seçmişəmsə, daim uğura can atmalıyam. Mən uğura can atdıqca komanda da, futbolçular da uğur qazanmaq üçün əllərindən gələni edəcəklər. “Qarabağ” klubunun rəhbərliyi də komanda üçün əlindən gələni eləməyə çalışır. Bizim klubun adı başqa məsuliyyətdir. Biz oyunumuzla, nəticələrimizlə, mədəniyyətimizlə Qarabağın adını qoruyub saxlayırıq. Gələcək hədəfimizdə yalnız uğurlu nəticələrdir.

– Qış transfer dövründə “Qarabağ”a yeni oyunçular gətirmək planınız varmı?
– Bu vaxt transfer etmək çətindir. Çünki hər bir oyunçunun oynadığı klubla mayın sonuna qədər müqaviləsi olur. Buna baxmayaraq axtarışdayıq. Tələblərimizə cavab verən oyunçu tapsaq, niyə də tranfer etməyək?

– Avropa Liqasının qrup mərhələsində son oyunda – dekabrın 11-i “İnter”lə oyunda qələbənin əlinizdən alınmasının sirrini anlaya bildinizmi? Yəni hakimin oyunu satma ehtimalını müzakirə etdinizmi?
– Bu məğlubiyyət hər birimizə təsir etdi. Lakin bu məsələ haqqında oyunçularım çox danışsa, müzakirələr aparsa, onda komandanın işi yaxşı getməyəcək. Biz həmin gün yaxşı oynadıq, mübarizə apardıq, lakin alınmadı. Bundan sonra yalnız Topaz Premyer Liqasındakı oyunları düşünməliyik.

– Bəs sizin epizodla bağlı fikriniz necədir? Əslində nə baş verdi həmin an? Hakim səhv etdi, yoxsa qolu bilərəkdən qeydə almadı?
– Hakimlik ən çətin peşələrdən biridir. Bu peşəni seçən insan o qədər ədalətli olmalıdır ki, ən xırda səhvə yol verməsin, ən mübahisəli anlarda, epizodlarda da düzgün qərar verə bilsin. Məsələ ondadır ki, hakimlər səhv etdiklərini qəbul etmirlər, nə etsələr də, sonda onlar haqlı çıxır. Səhv edir, deyirsən ki, səhv etdin, cavab verir ki, yox, mən haqlı idim, düz etmişəm. Heç kimin fikrini qəbul etmirlər. Çünki hakimlər toxunulmazdır. “İnter”lə oyunda vurduğumuz qolun qeydə alınmaması hakimin qalib gəlməyimizi istəmədiyindən düşünülmüş formada verdiyi qərar da ola bilər, yaxud bilməyərəkdən etdiyi səhv də. Hesab edirəm ki, bu haqda danışmamaq daha yaxşı olardı. Çünki sizin kimi mən də həqiqəti bilmirəm.

– “Qarabağ”ı Avropa Liqasının 1/16 finalına çıxmaqdan məhrum eləyən hakim qərarının acısı keçibmi?
– Bir az olsa da qalıb. Eyni zamanda illər keçsə də, həmişə bu an yada düşəcək.

– Qurban bəy, “Qarabağ”ın milli çempionatın oyunlarını Ağdamın Quzanlı qəsəbəsində deyil, Bakıda keçirməsi zaman-zaman etirazlar doğurur. Niyə Quzanlıda, ağdamlıların öz meydanında oynamırsınız?
– Sadəcə olaraq Quzanlı stadionunda futbol oynamaq mümkün deyil. Orda futbol oynamaq üçün böyük işlər görülməlidir. Futbolda nəticə əldə etmək üçün mütləq yaxşı şərait olmalıdır. Stadionun olması da kifayət deyil. Klubun Ağdamda oteli, futbol bazası, məşq meydançaları olmalıdır. Bu gün futbolçuları da düşünmək lazımdır. Ora yol da uzaqdır, şərait də yoxdur. Bütövlükdə bizim Quzanlıda oynamağımıza mane olan amillər çoxdur. Çətin olsa da orada oynadıq. “Qarabağ”ın oradakı azarkeşlərini də unutmuruq. Gedib görüşürük, çempion olanda kuboku Quzanlıya apardıq. Heç kim narahat olmasın, biz oradakı azarkeşlərimizi heç zaman yaddan çıxarmırıq. Bu komandanın məsuliyyəti mən başda olmaqla hamımzın üzərindədir, bunu hər kəs dərk edir. İstər Ağdam, Şuşa, Laçın, istərsə də işğal altındakı başqa rayonlarımız olsun, istəyirik ki, bütün qarabağlılar üçün uğurlu nəticələr əldə edək və onlar bir anlıq da olsa ağrı-acılarını unutsunlar, üzləri gülsün, onları sevindirə bilək. Bakıda oynamağımız da klubun inkişafı üçündür. Digər tərəfdən Vətənimiz Qarabağ kimi klubumuz “Qarabağ” da bütün Azərbaycana məxsusdur. Bakıda da işğal edilmiş ərazilərimizdən, Qarabağdan olan xeyli məcburi köçkün var. Hesab edirəm ki, “Qarabağ”ın harada oynamağı məsələsini geniş müzakirə etməməliyik. Çox istərdik Ağdamın mərkəzində, “İmarət” stadionunda, yaxud Şuşada oynayaq.

– Qurban bəy, siyasətlə maraqlanırsız?
– Yox.

– Bu sualı təsadüfən vermirik. Sizin baş məşqçisi olduğunuz komanda ermənilərin işğalı altında olan Ağdamı təmsil edir. “Qarabağ” komandası bütövlükdə Qarabağ nisgilinin təcəssümünə çevrilib. “Qarabağ”ın başında dayanan adam Qarabağ probleminin həllini nədə görür?
– Hər bir ölkənin başçısı var. Biz cənab prezidentin qərarını gözləməliyik. Prezidentimiz işğal olunmuş torpaqlarımızın qaytarılması üçün əlindən gələni edir. Mən inanıram ki, Allahın köməkliyi ilə torpaqlarımız azad olunacaq. Biz də vətəndaş olaraq üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Fransada “Sent-Etyenn”lə 1:1 hesabı ilə heç-heçə etdik. Fransada erməni lobbisi kifayət qədər güclüdür. Və biz bununla göstərdik ki, çempionatımız Fransa çempionatından zəif olsa da, əlimizdən gələni etdik və məğlub olmadıq. Heç kim öz övladını itirmək istəməz. Prezident İlham Əliyev də problemin sülh yolu ilə həll olunması üçün çalışır. O da xalqının müharibə yolu ilə, itkilər verməsi ilə torpaqların azad olunmasını istəməz. Lakin hər şeyin də sonu var. Danışıqlar yolu ilə alınmasa, hərb yolu ilə torpaqların azad edilməsinə çalışacaq.

– Futbolçu, məşqçi Qurbanı həyatın bir başqa üzündəki Qurbandan fərqləndirən nələr var? Məsələn, ailədəki Qurban, dostlar arasındakı Qurban futbolçu, futbol mütəxəssisi Qurban Qurbanovdan fərqlənirmi?
– Ailədə, əlbəttə ki, fərqli olmalıyam və ailəm üçün hər şeyin ən yaxşısını və düzünü etməyi çalışmalıyam. Dostlar və futbolçular üçün həmişə sadiqliyimi qoruyub saxlamalıyam. Bunların hamısında ədalətli və düzgün olmağa çalışıram.

– Bunların hamısı sizə ailə tərbiyəsindən gəlir, yoxsa dini inanclarınızla bağlıdır? Yoxsa hamısı bir yerdə?
– Hazırda hamısı bir yerdədir. Ancaq hər şey ailədən başlayıb.

– Doğma kəndinizə, Zaqatalanın Aşağı Tala kəndinə tez-tez gedirsinizmi?
– Təəssüf olsun ki, çox vaxtım olmur. İldə bir neçə dəfə gedə bilirəm.

– Kəndə gedəndə sizinlə görüşməyə çox adam gəlir?
– Az adam gəlmir (gülümsəyir). Kənddəki insanları görəndə çox sevinirəm. Bu, əvəzolunmaz hissdir. Onlarla keçmiş haqqında söhbət etdikdə həqiqətən zövq alıram.

– Siz ibadət edirsinizmi?
– Hər birimiz müsəlmanıq. Hamımız islam dininin qaydaları ilə getməyə çalışmalıyıq. İbadət etməyə çalışıram. Amma hələ ki zəifəm.

– Sosial şəbəkələrdə “Qarabağ” klubunun bəzi oyunçularının uzun saqqal saxlaması müzakirə olunur. Hətta komandanın üzvlərini radikal dini qrupların üzvü olmaqda suçlayanlar da var. Futbolçularınızla bu haqda söhbətləriniz olurmu?
– Hazırda müzakirə olunacaq çox mövzu olsa da, bu məsələnin müzakirə edilməsi mənə qəribə gəlir. Saqqalı biri dəb üçün saxlayır, biri din üçün. Bu haqda yazanlar məsələnin mahiyyətini dərk etmirlər. Deyim ki, bunları heç də çox adam müzakirə etmir. Baxsanız, bunları müzakirə edənlərin 10-15 nəfər olduğunu görə bilərsiz. Bizim klubda əhli-sünnə, əhli-şiə, xristian oyunçular da var. Bu bizim üçün problem deyil.

– Topaz Premyer Liqasının hazırda ən yaxşı oyunçuları kimlərdir?
– Bədavi Hüseynov, Qara Qarayev, Səlahət Ağayev.

– Dünya futbolunda bəyəndiyiniz oyunçular kimlərdir?
– Potensialına görə Messi cəlbedici oynayır. Lakin zəhmətkeşliyinə görə Kriştiano Ronaldo daim mübarizə aparmağı xoşlayır. Bu il dünyanın ən yaxşılarındandır.

– Xaricdən, ya Azərbaycanın başqa klublarından dəvət alırsınızmı?
– Yox. Hazırda “Qarabağ” klubundayam.

– Qurban Qurbanov Azərbaycanın Yurqen Kloppu, yoxsa Joze Maurinyosudur?
– Mən sadəcə olaraq Qurbanam (gülür). Mən heç vaxt özümü hansısa məşqçiyə bənzətməmişəm. Biz xarici məşqçilərin işi ilə maraqlanmalıyıq və bizə lazım olanları götürməliyik.

– Sosial şəbəkələrdən istifadə edirsinizmi?
– Xeyr, etmirəm.

– Asudə vaxtınızı necə keçirirsiniz? Özgə nələrə marağınız var?
– Heç asudə vaxtım olur ki (gülür). Asudə vaxtım olanda daha çox futbol oynamağa üstünlük verirəm. Kafedə dostlarla kofe içməyi də xoşlayıram. İmkan olanda tennis də oynayıram. Keçən il Şamaxıya gedəndə stend atıcılığı ilə də məşğul oldum. Bunu xoşlayıram.

– 9 yaşlı oğlunuz Musa da sizin kimi futbol oynayır. Futbolu özü seçib, yoxsa sizin istəyinizlə seçim edib?
– Özünün marağı çoxdur.

– Necə oynayır?
– Potensialı var. Lakin bu haqda danışmaq hələ tezdir.

– Bir müddət sonra Musanı “Qarabağ” klubuna transfer etmək olar?
– Özünü yaxşı aparsa, transfer edəcəyəm (gülür).

Həmin kateqoriyadan