“Sumqayıt” Xaqan Sünalı təqdimat edib

Xəbər verdiyimiz kimi, “Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə Xaqan Sünal təyin edilib. Allsport.az saytı xəbər verir ki, bununla əlaqədar olaraq, “Kapital bank arena”nın mətbuat konfransı zalında adıçəkilən mütəxəssisin təqdimat mərasimi keçirilib. Tədbiri “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov giriş sözləri ilə açıq elan etdikdən sonra, söz klubun prezidenti Riad Rəfiyevə verilib. O, öz növbəsində Sumqayıt şəhərinin idman şəhəri olduğunu, idmanın müxtəlif sahələrində dünya və Avropa çempionları yetişdirdiyini söyləməklə yanaşı klubun yeni direktorunun təyinatından danışıb:

“İdman şəhəri olan Sumqayıtda klubumuzun akademiyası bu gündən etibarən yeni mərhələyə qədəm qoyur. Avropa təcrübəsi olmuş Hakan Sünal növbəti iki ildə akademiyamızın rəhbəri vəzifəsində çalışacaq. Bu gündən plan üzrə işlərimizə start verəcəyik. Bildiyiniz kimi, bu yaxınlarda AFFA tərəfindən klublara uşaq futbolunun inkişafı üçün vəsait ayrılıb. Bu məqsədlə akademiyamızın məşqçiləri Avropanın öndə gedən futbol akademiyalarından olan “Altunordu”da təcrübə keçdi. Əsas prinsiplərimizdən biri də, “Sumqayıt” futbol akademiyasının yalnız “Kapital Bank Arena”dan ibarət olmamasıdır.

Yaxın gələcəkdə şəhərin müxtəlif ərazilərində akademiyamızın bölmələrini açmağı düşünürük. Bizim aşağı yaş qruplarımız növbəti mövsümdən etibarən şəhərin müxtəlif ərazilərində də cəmləşəcək. Bu sistem valideynlərin işini bir qədər də asanlaşdıracaq. Əsas prinsiplərimizdən biri də yaxın illər ərzində “Sumqayıt”ın “A” komandası və milli komandalar üçün üçün futbolçu yetişdirməkdir. İstəyimiz ondan ibarətdir ki, ən azı 5 ildən sonra, əasa komandamızın böyük hissəsi akademiyamızın futbolçuları tutsun. Daha bir vacib məsələyə toxunum ki, ötən həftə

“Sumqayıt” futzal məktəbinin açılışı barəsində məlumat verdik. Düşünürəm ki, futzal futbolçuların böyük futbola gəlməsində önəmli rol oynayır. Misal üçün deyə bilərəm ki, bu gün bir neçə dünya ulduzu məhz futzaldan böyük futbola qədəm qoyub. Futzal məktəbinin yaradılması bizim layihələrimizin bir hissəsini təşkil edəcək. Ümumi götürsək layihələr çoxdur, bu işləri pillə-pillə həyata keçirməyə çalışacağıq. Yekunda bildirim ki, Hakan Sünala inamımız sonsuzdur, onunla əl-ələ verib bu işləri zamanla həyata keçirəcəyimizə inanıram”.

Riad Rəfiyevin ardından söz yeni direktor Xaqan Sülana verilib. Fikirlərinə tədbir iştirakçılarının Novruz bayramını təbrik etməklə başlayan adıçəkilən mütəxəssis klub rəhbərliyinə bu şansı ona verdikləri üçün təşəkkürünü bildirib. Karyerası barədə məlumat verən Sünal “Sumqayıt” Futbol Akademiyasında məşqçilərlə birlikdə istedadlı futbolçuların yetişdirilə biləcəyini vurğulamaqla yanaşı əsas iş sistemi və gələcək planlarından danışıb:

“İlk öncə klubun rəhbəri Riad Rəfiyevə mənə inanıb bura dəvət etdiyi üçün minnətdarlığımı bildirirəm. Özüm haqqında qısa məlumat verim. 38 yaşındayam, 2001-ci ildən məşqçilik karyerama başlamışam. “Ayntraxt Frankfurt”, “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” və “FSV Frankfurt” klublarında çalışmışam. Son iki mövsümdə “FSV Frankfurt” klubun U-19 komandası ilə uğurlu nəticələrə imza atmışam. Bu müddət ərzində bu klubun əsas komandasına 12 futbolçu verdiyimi deyə bilərəm.

Akademiyamızda əsas hədəfimiz “Sumqayıt” Futbol Klubunda sağlam akademiya mühiti yaratmaqdır. Görüləcək işlər həddindən artıq çoxdur. Lakin bunu mən tək bacara bilmərəm. Birlikdə, məşqçilərimizlə bu işlərin öhdəsindən gələcəyimizə inanıram Üç həftə əvvəl bura gəldim şərait və akademiya ilə tanış olduqdan sonra bu şəhərdə uğur qazanacağımı anladım. Yaxın gələcəkdə “Sumqayıt” akademiyasını Azərbaycanın sayılıb-seçilən akademiyalarından birinə çevirəcəyimizə inanıram. İlk öncə düzgün bir strukdur qurmağı planlaşdırırıq. Daha sonra pilləli şəkildə futbol fəlsəfəmizi aşılamaqla düzgün iş qurmağımızdır”.

Daha sonra klub rəhbərliyi və Xaqan Sünal media mənsublarının onlara ünvanladığı sualları cavablandırıb.

Həmin kateqoriyadan