Anar XANLAROV
Yerlipərəst, inadkar “xaxol”

Bir neçə ay bundan qabaq qəhrəman idilər. Həm klub olaraq “Qəbələ”, onun futbolçuları, həm də baş məşqçi olaraq Roman Qriqorçuk. Son zamanlar isə həmin qəhrəmanlar dönüb olub tənqid hədəfi. Haqsız? Qətiyyən. Tam haqlı olaraq. Bir neçə ay bundan qabaq ona görə qəhrəman idilər ki, ard-arda uğurlu oyunlar, nəticələr göstərərək Azərbaycanın futbol azarkeşinə sevinc bəxş edirdilər. Klub kimi tarix yazaqar ilk dəfə Avropa Liqasının qrupuna düşdülər.

İndi isə ona görə tənqid olunurlar ki, həmin nəticələrdən və futboldan əsər-əlamət yoxdur. Komanda günü-gündən geri gedir, uğursuz nəticələri sıralaylıb. Sadəcə, Azərbaycan futbolunun hazırkı dönəmində rəqabət olmadığı üçün bu qədər uğursuzluqlara rəğmən ilk “3-lük”dəki yerlərini qoruyub saxlaya biliblər. Olardı 4-5 il bundan qabakı dövr, “Qəbələ” bu nəticələrlə çoxdan ilk “altılığ”ı tərk etmişdi. Bəs bu uğursuzluqların səbəbi nədir? Niyə “Qəbələ” bu cür bərbad oyun və nəticə göstərir? Səbəbini hərə bir cür göstərir. Hər kəsin fikrinə hörmətlə yanaşıram, amma mənim şəxsi fikrim budur ki, bütün bu uğursuzluqların tək səbəbkarı Qriqorçuk özüdür.

İlk növbədə ona görə ki, baş məşqçidir. İkincisi, əvvəllki Qriqorçukla indiki arasında yerlə-göy qədər fərq var. 5 ay bundan qabaqkı Qriqorçuk daha obyektiv, daha səmimi idi. Deyə bilmərəm Qəbələnin dağ havası, təbii südü, qaymağı, ən əsası Tale Heydərovun pulları onu dəyişib, yoxsa ortada başqa səbəb var, amma fakt odur ki, bu insan dəyişib. Təbii ki, ədalətin itdiyi yerdə uğursuzluq da gec-tez gələcək. 5 ay bundan qabaq cənab Qriqorçuk heyət qurarkən ayrı-seçkilik etmirdi, yerlilərə də şans verirdi. Düzdür, hələ Kamran Ağayevin göndərildiyi dönəmdə “xaxol”un yerlipərəstlik damarı ilk dəfə tutdu. Bununla belə, seçmə mərhələ oyunlarında o, Cavid Hüseynov, Ürfan Abbasov, Asif Məmmədov, Rəşad Sadiqov kimi yerlilərə şans verirdi. Zaman keçdikdə yerlipərəstliyi, özü də inadkar yerlipərəstliyi daha çox özünü büruzə verməyə başladı.

Yerlipərəst olmaq olar. Həmyerlini o halda meydançaya buraxarsan ki, əsas heyətdə oynamağa layiq olsun. Ancaq bu gün görünən odur ki, Qriqorçuk öz gətirdiyi futbolçularını, xüsusilə də ukraynalıları inada inad oynadır. Bəzən mənə elə gəlir ki, Qay və Antonov “Qəbələ” ilə müqavilə bağlayanda ora belə bir bənd salınıb ki, bu futbolçular əvəzlənə bilməz. Kimsə deyə bilər ki, Antonov 5 qol vurub. Amma mən iddia edirəm ki, “Qəbələ”nin öz əli ilə yetişdirib sonra da öz əli ilə çölə atdığı Amil Yunanov Antonovdan daha keyfiyyətli hücumçudur. Antonova yaradlılan şərait, imkan kimə yaradılsa idi indi 5 yox 15 qol vurardı. Antonov 2 dövrəyə 5 qol vurubsa, Amil 3 oyuna 4 qol vurub. Bir hücumçu ki, legioner ola-ola rəqabətin olmadığı bir çempionatda iki dövrəyə 5 qol vurursa bundan utanmalıdır. Üstəlik, bu hücumçu qrup mərhələsinin bütün oyunlarında meydanda olsa da bir dəfə də fərqlənə bilmədi. Elə isə belə hücumçi mənim nəyimə lazımdır? Qriqorçuk qrupa düşdüyü üçün ilk növbədə Cavid Hüseynova və Dodoya minnətdar olmalıdır. Antonov kimi natamam futbolçuların gücü isə ancaq media ilə dilləşməyə çatır. Amma çox təəssüf ki, Qriqorçuk öz həmyerlisini daim dəstəkləyir, onu hətta meydançanın ən bərbadı olanda da əvəzləmir.

“Xaxol”un Qayla bağlı mövqeyi isə məni daha çox hiddətləndirir. Bu gün futboldan az-çox anlayışı olan hər kəs razılaşar ki, bu futbolçunun dövranı elə “Şaxtyor”la bitdi. Qriqorçuk onu Azərbaycana pul qazanmağa gətirib. Gətirib özü də durub arxasında. Meydançada ayağını sürüsə də onu əvəzləmir. Bunun dəfələrlə şahidi olmuşam. “Borussiya” ilə Bakıdakı oyunda Qriqorçukun etdiyi artıq inadkarlıq yox, həyasızlıq idi. 50-ci dəqiqədən sonra meydançada Qay adlı futbolçu yox idi. Qriqorçuk özü də gözəl bilir ki, Qay bu gün “Borussiya” kimi komandaya qarşı 90 dəqiqə oynamağ hazır deyil. Onun fiziki hazırlığı imkan vermir axı çıxıb cavan, sürətli almanlara qarşı başa-baş oynasın. Buna görə 50-ci dəqiqədən sonra meydançada ayağını arxasınca sürüməsi mənim üçün tam normal idi. Ancaq Qriqorçuk inadkarlığın həyasız dərəcəsinə qalxıb həmyerlisini 90 dəqiqə meydançada saxladı.

Bu gün də eyni proses gedir. “Qəbələ” uduza-uduza gedir, nə Qayın liderlik keyfiyyəti var, nə Antonovun qolçuluq. Amma hər iki futbolçu Qriqorçuk tərəfindən toxunulmaz şəxs elan olunaraq bütün oyunlarda oynadılır. Adi bir fakt deyim. Son 10 turda Antonov bütün oyunlarda 90 dəqiqə meydançada olub və cəmi 2 qol vurub. Qriqorçukun bəyənməyib qışda göndərməyə hazırlaşdığı Fakunda Fereyra isə ancaq əvəzləmələrdən oyuna çıxıb və o da 2 qol vurub. Nəticəni özünüz çıxardın.

Antonovla Qay azmış kimi, bu yandan Popoviç ortaya çıxıb. Adam dirəşib ki, Bezatosnı sağalana kimi qapıda ukraynalı dayanmalıdır vəssalam. Pietrzkeviç bu gün “xaxol”un yerlisindən daha hazırlıqlı olsa da pasportuna “Polşa” yazıldığı üçün oturub ehtiyatda. Halbuki “Borussiya” ilə səfər matçında polşalı olmasa idi almanlar bəlkə də 4 yox, 8 qol vurardı. Amma gəl, bunu Qriqorçuka sübut elə. Deyir ki, baş məşqçiyəm kefim belə istəyir. Popoviçin “Krasnodar”la oyunda buraxdığı biabırçı səhvi gördünüz. Buna baxmayaraq, Premyer Liqada çərçivənin ixtiyarı yenə onun əlindədir. “Neftçi” ilə oyunda buraxılan qolda da səhvi var idi. Nə olsun, “Zirə” ilə oyunda yenə qapıda idi. “Qarabağ”la oyunda da Popoviç, Qay və Antonov 90 dəqiqə meydançada olacaq görəcəksiniz. Ona görə də “Qəbələ” uğursuzluq zolağından çıxa bilməyəcək. Məncə, artıq rəhbərlik də bu işə müdaxilə etməli, Qriqorçukla əməlli-başlı söhbət olunmalıdır. Avropa Liqasının qrupuna düşdü, sağ olsun buna görə yetəri qədər tərif aldı, alqış qazandı. Ancaq bu, əsas vermir ki, bundan sonra istədiyini edə bilər.

Bu arada onun yerlilərə qarşı olan nifrətini də anlaya bilmirəm.Vaqif Cavadovla Vüqar Nadirov niyə alınıb mənə çatmır. Zəifdilərsə niyə alındırdılar, oynamağa hazırdılarsa niyə oynamırlar. Klub nəyə görə oynamayan futbolçulara hər ay boş yerə pul verməlidir? Yoxsa oynamaları üçün Vaqiflə Vüqarın da pasportunda milliyətləri ukraynalı olmaldır? Premyer Liqada limit var, məlum məsələdir ki, yerlilər məcburiyyətdən oynadılır. Əks halda “xaxol” meydançaya ancaq legionerləri buraxar. Bir fakt da deyəcəm: Avropa Liqasının qrupunda keçirilən 6 oyunun 5-də Qriqorçukun meydançaya buraxdığı start heyəti ancaq legionerlərdən təşkil olunmuşdu. Yalnız PAOK-la son turdakı əhəmiyyıtsiz oyunda Rəşad sadiqovla, Samir Zərgırov ilk “11-lik”də meydançaya çıxıblar ki, hər ikisi oyunun gedişində əvəzləniblər.
Sonda deməyim odur ki, Qriqorçuk yersiz inadkarlığından və yerlipərəstliyindən əl çəkməli, ədalətli heyət qurmalı, haqqı olanın haqqını verməlidir. Əks halda qəhrəmana çevrildiyi Azərbaycandan anti-qəhrəman kimi gedəcək.

(Rekord.az)

Həmin kateqoriyadan