- Baxış sayı: 34
- 10 Oktyabr 2024 17:17
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
İdman hər bir millətin sağlam gələcəyə malik olması baxımından çox vacib bir amildir. Gənclərin məhz bədən tərbiyəsi ilə məşğul olması onları arzuolunmaz yollardan çəkindirə bilər. Azərbaycanda əhalinin kütləvi bədən tərbiyəsi ilə məşğulluğu ciddi diqqət mərkəzindədir. Əsasən də son illərdə bu işə daha çox yer ayrılır.
Ölkəmizdə xalqın fiziki sağlamlığı və bədən tərbiyəsinin kütləviliyini təmin edən idman növlərindən biri səmti müəyyən etmədir. Burada xüsusi məqam ondan ibarətdir ki, yarışlara istər peşəkar, istərsə də həvaskar idmançılar qatıla bilərlər. Səmti müəyyən etmənin digər özəlliyi yaş məhdudiyyətinin olmamasıdır. Fiziki sağlam olan istənilən Azərbaycan vətəndaşının burada öz bacarığını nümayiş etdirmək imkanı var. 2011-ci ildə federasiyada baş verən dəyişikliklərdən sonra inkişaf nəzərə çarpır. Bunu allsport.az saytına SMEF-in baş katibi Zaur Seyidov da təsdiqləyib. Onunla görüşdə, ümumi vəziyyətdən, qazanılan nailiyyətlərdən söhbət etdik.
– 2015-ci il nə ilə yadda qaldı?
– Ümumiyyətlə, 2015-ci il səmti müəyyən etmə ailəsi üçün uğurlu oldu. Bu mövsüm həm federasiya tərəfindən keçirilmiş yarışların sayı çoxaldı, həm də Azərbaycan tarixində ilk dəfə beynəlxalq yarışda medal qazanıldı. Belə ki, Türkiyədə keçirilmiş “Antalya o days” turnirində idmançımız M40 kateqoriyasında 3-cü yeri tutdu. Bu, ölkəmizdə idmanın sürətli inkişafından xəbər verir.
– Beynəlxalq yarışlardan söz düşmüşkən, səhv etmirəmsə, bu mövsüm bizdə maraqlı bir tədbir keçirildi.
– “Silk way of orienteering” beynəlxalq layihə çərçivəsində ölkəmizdə turnir təşkil olundur. Azərbaycana 5 ölkədən – İsveçrə, İsveç, ABŞ, Norveç və Finlandiyadan 60 veteran idmançı gəlmişdi. Federasiya tərəfindən İçəri Şəhər və Qalaaltıda (Şabran) yeni xəritələr üzrə yüksək səviyyədə yarış keçirildi. Bu, ölkəmizə təşrif buyuran veteran idmançılarda xoş ovqat yaratdı.
– Zaur müəllim, bildiyimə görə, ölkə çempionatı da diqqət çəkib.
– Tamamilə doğrudur. Cari mövsümdə keçirilmiş açıq ölkə çempionatı Şabranranın Qalaaltı və Xaçmaz Nabran qəsəbələrində təşkil olundu. Yarış rekord sayda idmançı sayı ilə yadda qaldı. Havanın yağmurlu olmasına baxmayaraq, mübarizəyə 200-dən çox idmançı qatılmışdı. Əvvəlki illərlə müqayisədə, iştirakçı sayı 2-qat artıq oldu. Bu da səmti müəyyən etmənin inkişafından xəbər verir. Federasiyamızın prezidenti Mirəli Kazımov dayanmadan çalışır. Əminəm ki, gələn il tədbirlərimiz daha maraqlı alınacaq.
– Gələn il hansı yarışlar gözlənilir?
– 2016-cı ildə federasiya tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə beynəlxalq turnir, açıq ölkə çempionatının keçirilməsi nəzərdə tutulub. Eləcə də, il ərzində güc strukturlarının, idman klublarının daxili yarışlarının, mütamadi olaraq təlim-məşq toplanışlarının təşkili planlaşdırılır. Səfərlərimizəgəlincə, idmançılarımızı İsveçin Strömstad şəhərində dünya çempionatında və Türkiyədə beynəlxalq turnirlər gözləyir.