Ağ evdən Bakıya uzanan UFC həyəcanı

Bu həftəsonu UFC tarixinin ən möhtəşəm tədbirlərindən birini keçirəcək. Allsport.az saytı xəbər verir ki, “UFC Azadlıq 250” turniri ABŞ prezidentinin rəsmi iqamətgahı Ağ evin ərazisində təşkil olunacaq. İyunun 14-də (Bakı vaxtı ilə 15 iyun, saat 4:00) Vaşinqtonda baş tutacaq tədbir ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunub.

Turnirdə 7 döyüş təşkil olunacaq. Gecənin əsas qarşılaşmasında yüngül çəki dərəcəsinin çempionu İlya Topuriya müvəqqəti çempion Castin Qeyci ilə üz-üzə gələcək. Gecənin 2-ci əsas döyüşündə isə Aleks Pereyra ilə Siril Qan UFC-nin ağır çəkidə müvəqqəti çempionluq kəməri uğrunda mübarizə aparacaqlar.

Hazırda UFC təşkilatı tarixinin ən əlamətdar layihələrindən birinə son hazırlıqları tamamlayır. Turnir Ağ evin ərazisində keçiriləcək ilk peşəkar idman tədbiri kimi tarixə düşəcək.

Bu gün UFC təkcə qarışıq döyüş növləri üzrə aparıcı təşkilat deyil, həm də qlobal idman və əyləncə bazarının ən tanınmış brendlərindən biridir. “UFC Azadlıq 250” isə təşkilatın tarixində ən böyük əks-səda doğuran və milyonlarla tamaşaçının diqqətini cəlb edən tədbirlərdən biri olacağı gözlənilir.

Vaşinqtonda keçiriləcək tarixi turnir dünya idman ictimaiyyətinin diqqət mərkəzində olduğu bir vaxtda, Bakı növbəti UFC gecəsinə hazırlaşır. Azərbaycanlı MMA azarkeşlərini dünyanın aparıcı döyüş təşkilatının bayrağı altında daha bir möhtəşəm tədbir gözləyir.

İyunun 27-də keçiriləcək UFC döyüş gecəsi paytaxt Bakını yenidən qlobal MMA gündəminin mərkəzinə çevirəcək. Gecədə tanınmış döyüşçülər səkkizbucağa çıxacaq, yerli və xarici azarkeşlər isə bu həyəcanı arenada canlı izləmək imkanı qazanacaqlar.

Azərbaycan hazırda Cənubi Qafqaz və MDB məkanında UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkədir. Müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il UFC döyüş gecəsi tədbirlərinin keçirilməsi planlaşdırılır.

Həmin kateqoriyadan