Firdovsi Umudov: Biz şəhid ailələriylə görüşdə söz vermişdik ki, qələbələrlə onları sevindirəcəyik

Rumıniyan paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 3-cü olan sərbəst güləş üzrə yığmamız bu gün gecə Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına beynəlxalq hava limanında millimizin təntənəli qarşılanma mərasimi keçirilib. Qəhrəmanları AGF rəsmiləri, güləşçilər və mətbuat nümayəndələri qarşılayıb. Ənənəvi brifinqdə vitse-prezidenti Firdovsi Umudov bunu deyib:

İlk növbədə gecə saat 5-də bizi qarşıladığınız və sevincimizə şərik olduğunuz üçün siz mətbuat nümayəndələrinə minnətdarlığımı bildirirəm. Həqiqətən çox böyük qələbədir. Güləşçilərimiz böyük əzmkarlıq və xarakter nümayiş etdirdi. 3 il öncə aprel ayında şəhidlər verdik, qazilərimiz oldu. Biz şəhid ailələriylə görüşəndə söz vermişdik ki, qələbələrimizlə onları sevindirəcəyik.

Belə də oldu. 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq, komanda hesabında 3-cü olduq. Bizə qısqanclıqla yanaşan bəzi qüvvələr Azərbaycanda idmanın inkişafda olduğunu bir daha gördü. Hər zaman bizi diqqət mərkəzində saxlayan cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Qələbəmizi həm də 10 milyonuncu vətəndaşımıza həsr edirik. 

Buxarestdə federasiyamızın rəhbəri Namiq Əliyev UWW-nin rəhbər şəxsləriylə məhsuldar görüşlər keçirdi, gələcək planlar müzakirə olundu. 
Bu yarışda medalsız qalan güləşçilər ruhdan düşməsin. İşləmək lazımdır. Baş məşqçi Saypulla Absaidov başda olmaqla, bütün məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Bu il bizi 2-ci Avropa Oyunları və dünya çempionatı gözləyir. İnanıram ki, bu məsul yarışlarda da uğurlu çıxış edəcəyik”.

Həmin kateqoriyadan