- Baxış sayı: 47
- 26 Aprel 2024 23:41
- Baxış sayı: 37
- Aprel 30, 2024
- 0
“Əməkdar bədən tərbiyəsi və idman xadimi” Cavanşir Qurbanov, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyevin 100-illiyi” (1923-2023) yubiley medalı ilə təltif olunub. Allsport.az saytı xəbər verir ki, ona mükafatı Yasamal rayonu icra başçısı Elşad Həsənov və həmin rayonun millət vəkili Ülvi Quliyev təqdim ediblər.
Dünyaca məşhur idman ustadı 6 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub. İdmana erkən yaşlarında, güləşə olan böyük sevgisi ilə gəlib. İki gündən sonra 7-ci onilliyi başlanacaq böyük həyat yolunun güləşə həsr olunmuş hissəsi uzun bir dövrü əhatə edir. Güləş xalçası üzərinə ilk dəfə 1962-ci ildə Ordu İdman Klubunda çıxıb. 4 ildən sonra artıq idman ustası normasını yerinə yetirib. Dəfələrlə Azərbaycan çempionu olub, ümumittifaq və beynəlxalq turnirlərdə mükafata layiq yer tutub.
1972-ci ildə Xalq Təsərrüfatı İnstitutunu (indi İqtisadiyyat Universiteti) bitirib. Amma özünü idmandan ayrı təsəvvür etməyən Cavanşiq Qurbanov, idman sahəsi üzrə ali təhsil almaq üçün Bədən Tərbiyəsi institutuna (indi-ADBTİA) daxil olub. Təhsilini davam etdirməklə yanaşı, Bakı Xalq Maarifi şöbəsinin güləş idman məktəbində məşqçi, eləcə də məktəbin müdiri vəzifəsində çalışıb. Məktəbə rəhbərlik etdiyi 1990-cı ilə qədər orada sərbəst güləş üzrə SSRİ, dünya və Avropa çempionu Xəzər İsayev, yunan-Roma güləşi üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Natiq Eyvazov, Avropa çempionatının gümüş mükafatçısı Azad Əliyev, gənclər arasında SSRİ birinciliklərinin qalibləri Tapdıq İsmayılov, Seymur Kərimov, Bayram Abdullayev, Əfqan Məmmədov, Həmid Rəsulov, Bəhruz Məmmədov kimi tanınmış pəhləvanlar yetişib. Onun özünün şəxsi məşqçilik fəaliyyətinin məhsulu 10-a yaxın idman ustası və müxtəlif dərəcəli idmançılardır. Onların arasında 2003-cü ilin sərbəst güləş üzrə bürünc mükafatçısı, Afina olimpiadasında 5-ci olmuş Rüstəm Ağayevi xüsusi qeyd etmək lazımdır.
Onun güləş federasiyanda 1-ci vitse-prezidenti kimi fəaliyyət dövrü Azərbaycan güləşinin şanlı səhifələrini təşkil edir. Bu illər ərzində pəhləvanlarımız, 2 qızıl və 1 gümüş olmaqla, 3 olimpiya medalına sahib olublar.
Cavanşir Qurbanovun əməyinə verilən qiymət yuxarıda sadaladığımız fəxri adlarda öz əksini tapıb. Beynəlxalq Güləş Federasiyası da, ölkəmizdə güləşin inkişafına verdiyi töhfələrin əvəzində, onu özünün qızıl medalına layiq bilib. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında o vaxtkı FİLA prezidenti Rafael Martinetti daha bir mükafatı – Senatorlar klubunun qızıl medalını ona təqdim edib.
Azərbaycan prezidentinin 05 mart 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. “Fəxri bədən tərbiyəsi və idman işçisi”, xalq maarifi əlaçısı, MOK üzvü professor Cavanşir Qurbanov Azərbaycan güləşinin inkişafı sahəsindəki çoxillik fəaliyyətini yorulmadan davam etdirməklə yanaşı, həm də “Təfəkkür” universitetinin bədən tərbiyəsi kafedrasının müdiri kimi ölkədə tələbə idmanının, gənclərimizin hərtərəfli, harmonik inkişafına da zəhmət payını qatır. Professorun idman nəzəriyyəsi və tədris metodikası sahəsindəki yarıdıcılığı da təqdirəlayiqdir. İndiyə kimi onun qələmindən 20-yə yaxın elmi məqalə və metodiki vəsait çıxıb. Onun Azərbaycan idmanına lazım olan əməyi hələ bundan belə də öz əvəzsiz bəhrəsini verəcək.
Cavanşir Qurbanovun ötən il 70 illik yubileyi mübasibəti və ölkə idmanında roluna görə ölkə başçısı İlham Əliyev onu “Vətənə xidmətə görə” ordeni ilə də təltif edib.
Kamran HACI