“Synergy Baku” 3 mərhələdən sonra 2-ci yerdə

“Synergy Baku” klubu Çində keçirilən daha bir çoxgünlük yarışda mübarizə aparır. Allsport.az saytı xəbər verir ki, qoşaçarxçılarımız sayca 5-ci dəfə təşkil olunan “Tour of Taihu Lake” yürüşündə çıxış edir. 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdir.

Bu gün keçirilən 3-cü mərhələdə iştirakçılar 135.4 km məsafə qət ediblər. Velosipedçilərimizin hamısı – Maksim Averin, Aleksandr Surutkoviç, İsmayıl İlyasov, Samir Cəbrayılov, Elçin Əsədov və Ənvər Asanov finiş xəttini liderlə eyni vaxtda keçən pelotonun içərisində olublar – 3 saat 4 dəqiqə 49 saniyə. 3 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 3 üzvü yer alır: Samir Cəbrayılov 11-ci, Aleksandr Surutkoviç 13-cü, Maksim Averin isə 18-cidir.

Yürüşün 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılov ilk üçlüyü tamamlayır – o liderə cəmi 15 saniyə uduzur. İsmayıl İlyasov 7-ci, Ənvər Asanov 13-cü pillədə qərarlaşır. Komanda hesabında “Synergy Baku” 2-ci yerdədir. Sabah keçiriləcək 4-cü mərhələdə iştirakçılar 129.7 km məsafə qət etməlidirlər.

Həmin kateqoriyadan