“Əziz Şuşa” beynəlxalq veloturun 3-cü mərhələsi başa çatıb

İyunun 9-da ümummilli lider Heydər Əliyevin 100 illiyinə “Əziz Şuşa” beynəlxalq veloturda 3-cü mərhələ keçirilib. Allsport.az saytı xəbər verir ki, şose velosipedinin qrup ötüşməsi növü üzrə 3-cü yarış günündə velaton Qəbələdən başlayaraq Ağdaş və Mingəçevirin ərazisindən keçib Gəncə şəhərinin mərkəzinə qədər 170 km məsafə qət edib. Qəbələ, Ağdaş, Mingəçevir və Gəncədə idman həvəskarları, məktəblilər, ictimaiyyət nümayəndələri velosipedçiləri bayram əhval-ruhiyyəsi, böyük coşqu və alqışlarla qarşılayıblar. 

Beynəlxalq velosipedçilər ittifaqının təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışın bu mərhələsində Belçikanın “Bataia Brigade” klubunun üzvü Yari Verstraeten (03:36:49) 1-ci, Rumıniya millisinin üzvü Mihnea-Aleksandru Harasim (03:36:49) 2-ci, Qazaxıstanın “Almatı Astana Motors” klubunun üzvü Anton Kuzmin (03:36:49) 3-cü yerdə qərarlaşıblar.

Azərbaycan millisinin üzvlərindən ən yaxşı nəticəni 10-cu yerlə Kamran Mirzəxanov (03:37:18) göstərib. İtaliyanın “Team Technipes İnemiliaromagna” klubunun üzvü Emanuele Ansaloni üç mərhələdən sonra yarışın lideri, Niderlandın “Universe Cycling Team” klubunun üzvü Luk Şurmans ən yaxşı sprinteri, Qazaxıstanın “Vino Sko Team” klubunun üzvü İlkxan Dostiyev ən yaxşı dağ velosipedçisi, Türkiyənin “Sakarya BB Pro Team” klubunun üzvü Aleksandr Bereznyak isə ən yaxşı gənc idmançısı olub.

Komanda hesabında üç mərhələnin cəminə görə Qazaxıstanın “Vino Sko Team” klubu birinci yerdə qərarlaşıb.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yerin qalibləri medallar, lider velosipedçi sarı, ən yaxşı sprinter yaşıl, ən yaxşı dağ velosipedçisi qırmızı, ən yaxşı gənc idmançı isə ağ köynəklərlə təltif olunublar.

Qeyd edək ki, velotura ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın velosipedçi qatılıb. İdmançılar iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl milli parkına qədər 102,9 km, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə ötüşəcəklər.

Həmin kateqoriyadan