Azərbaycan cüdosu əcnəbilərə tapşırıldı. Səhvdən nəticə çıxarılmır. ACF-in “ixtirası”: performans direktor

Azərbaycan cüdo federasiyası milli komandaların idarəçiliyində struktur və vəzifə dəyişikliyi edib: yeni yaradılan performans direktorluğuna niderlandlı Mark van der Ham, kişilərdən ibarət yığmaya isə almaniyalı Riçard Trautman gətirilib. Komandanın hazırkı baş məşqçisi Mövlüd Mirəliyev martın 1-dən böyük məşqçi qismində fəaliyyətini davam etdirəcək. Açığı, ACF-in bu siyasətini anlamaq olmur. Görünür, yeni rəhbərlik bundan öncəkilərin səhvlərini təkrarlamaq niyyətindədir. Əks halda, ölkə cüdosu yadlara tapşırılıb geriyə atılmazdı.

Düzdür, 2015-cı ildə federasiyada dəyişiklik olanda, Rövnəq Abdullayevin komandası da millini əcnəbiyə tapşırmış, öncəki rəhbərlik (prezident – Füzuli Ələkbərov) ilə çalışan avstriyalı Piter Zayzenbaxeri geri qaytarılmışdı. Onun dönəmində, 2013-cü ildə Elxan Məmmədov (90 kq) müstəqil Azərbaycan cüdosu tarixində ilk (hələlik yeganə) dəfə dünya çempionluğunu qazanmışdı.
Rio-2016 yay olimpiya oyunlarında Rüstəm Orucovla (73 kq) Elmar Qasımovun (100 kq) gümüş medala yiyələnmələrində də onun əməyi var. Amma avstriyalı mütəxəssislə sonradan gələnlər fərqlənirlər. Piter Zayzenbaxerin yanaşması və iş üslubu Qafqaz cüdosuna uyğun idi. 2-qat olimpiya çempionu bizəcən, 2010-2012-ci illərdə Gürcüstanda 2 il baş məşqçi olmuş, London olimpiadasında komandaya qızıl medal qazandırmışdı.

İlk dönəmdə çətin olsa da, sonradan avstriyalı çalışdırıcı azərbaycanlı idmançılar və mütəxəssislərlə dil tapmağı bacarmış və yeni gənc məşqçilərin yetişib formalaşmasında xidmət göstərmişdir. Hər yarışdan sonra mükafat, milli üzvlərinin fiziki durumunun aparatlarla yoxlanması Azərbaycan cüdosunda yenilik idi. Amma tale elə gətirdi ki, o, Avstriya hökümətində siyasi intriqalardan dolayı, bir neçə azyaşlı qıza qarşı cinsi cinayətlərdə ittiham edildi və ölkəmizi tərk etmək məcburiyyətində qaldı.

Ondan sonra yığma 2-ci məşqçi Fərhad Məmmədova həvalə olundu. Arxadan əsən rüzgarla yola çıxan komanda uğurları ard-arda sıraladı. Hər şey zirvəyə irəlilədiyi bir vaxtda, öncəki rəhbərlik böyük yanlışlığa yol verərək, onu ukraynalı  Ruslan Maşurenko əvəzlədi. Fərhad Məmmədov onunla işləyə bilmədi və istefa verdi. Onun yerinə idmançı karyerasını bitirib məşqçiliyə keçən Elxan Məmmədov keçdi. Millinin zaman-zaman qeyri-sabit çıxışı hər kəsi narahat etdi. Düzdür, pandemiya ilə əlaqədar Tokio-2020 1 il uzandı və belədə, kişi komandamız 2 çəkidə xallarının sayını yüksəldərək, ilk dəfə olimpiadaya tam heyətlə (7!) yollana bildi. Sonrası isə, məlumdur: fiasko!

Ötən ilin payızında Bakıda keçirilmiş “Böyük dəbilqə” yarışının ilk günündə 60 kq-da qızıl medal və 1000 əmsal xalı qazanan Orxan Səfərov KİV-ə açıqlamasında dedi ki, indiki yığmada çalışan məşqçi heyətindən (Mövlud Mirəliyev – Elçin İsmayılov) həm o, həm də komanda yoldaşları çox razıdır: “Yeri gələndə, məşqçilər heyəti təcrübəli idmançılarla məsləhətləşirlər. Özü də çox. Biz təcrübəliyik, çox şey görmüşük. Onlar deyirlər ki, əl-ələ verib komandanı daha səviyyəli yerə gətirməliyik. Amma öncəki məşqçilərlə bu alınmırdı. Nə deyirdisə, o da olurdu. Rəyimiz nəzərə alınmırdı. İndi necə olacaq? Bunu zaman göstərəcək. Amma təcübə göstərir ki, almaniyalı mütəxəssislər Azərbaycanda uğur qazanmaqda çətinlik çəkirlər. Sətrliyə meyilli qərbi avropalılar, sərbəstliyə öyrəşən, yaradıcı olan və texnikalı mübarizə nümayiş etdirən qafqazlılarla uzlaşa bilmirlər.

Unutmayaq ki, Azərbaycan cüdosunda yüksək uğurlar elə yerli mütəxəssislərin dönəmində qazanılıb. Pekin-2008 olimpiya oyunlarında Elnur Məmmədli 1-ci, Mövlüd Mirəliyev 3-cü yer tutdu. Həmin dönəmdə millinin başında Ağayar Axunzadə dayanmışdı. Onun ətrafı azərbaycanlı çalışdırıcılardan ibarət idi. Bir il sonra “Atilla”nın yetirməsi Elmar Qasımov İrəvanda keçirilən gənclərin Avropa birinciliyində baş mükafata yiyələndi. Onun şərəfinə Ermənistan paytaxtında Azərbaycan himni səsləndirildi. Bu, yerli mütəxəssislərin növbəti böyük uğuru idi.

Ataların bir misalı var: Çox istəyən, azdan da olar. Yeni rəhbərliyin tutduğu inkişaf xətti yalnız ingilis sözlərin Azərbaycan dilinə yeridilməsindən başqa bir şey deyil. Sovet dönəmindən ölkə cüdosunda can qoymuş Zair Məmmədov, Ağayar Axunzadə, Tərlan Həsənov, Əli Dərvişov, Hacıağa Hacıəhmədov, Fərhad Rəcəbli, Ruzbek Vəliyev, Elçin İsmayılov, Tərlan Poladov İbadulla Şahbanov kimi ustadların təcrübəsindən hər zaman yararlanmaq lazımdır.
İndiki gənc məçqçilərin adlarını isə saymaqla bitməz. Artıq onlardan biri karyerasını yurd dışında davam etdirir – Rəşad Həsənov Polşanın kişilərdən ibarət millisinin baş məşqçidir.
Son dəyişiklikdə Sumqayıt məktəbinin yetirmələri – İlham Məmmədovla Şümşad Bəhramovun yığmalardan kənarlaşdırılması, “Atilla” idman klubunun rəhbəri Fərhad Məmmədovun unudulması da cüdo və idman ictimaiyyətində birmənalı qarşılanmadı.

Keçim performans direktorluğuna. Düzü, 22 illik idman jurnalistliyi karyeramda və elə ondan öncə də, ilk dəfədir belə bir vəzifə eşidirəm. Yəqin, “Yaşıl eynəkli adam” teletamaşasında Xanuşun dedi kimi, aerobikadan dərs demək üçündür. Federasiyanın baş katibi Rəşad Rəsullu bunu ictimaiyyətə belə izah edib: “Köklü şəkildə inkişafa nail olmaq üçün strukturdakı yenilik federasiyada beynəlxalq təcrübədəki performans direktor vəzifəsinin yaradılmasıdır. Bütün yaş qrupları üzrə milli yığmaların işinin təşkilinə nəzarət edəcək performans direktoru Mark van der Ham eyni zamanda, idmançıların çıxışlarında effektivliyin yüksəldilməsi üzrə məsul şəxs olacaq. O cümlədən, milli yığma üzvlərinin performanslarının yüksəldilməsi üçün onların və rəqiblərinin çıxışlarının analitik təhlili, müasir idman tibbi və fiziki hazırlıq yanaşmaları tətbiq olunacaq. Bu zaman müvafiq proqram təminatı, elmi-metodiki yanaşmalardan və texniki cihaz və vasitələrdən istifadə ediləcəkdir”.

Avaz yaxşı gəlir, oxunan Quran olsa. Təcrübə göstərir ki, əcnəbilər heç də həmişə uğurlu olmurlar. Amma onlar gedəndən sonra, onun fəsadı hələ uzun müddət özünü göstərir. Necə ki, bunu Ruslan Maşurenkonun timsalında gördük və görəcəyik də.
Hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu nəticələrin imtahan məqamı isə qarşıdakı 3 ildə qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, 2024-cü ildə yetişəcək Paris oyunları deyəcək. Yeni rəhbərliyin əsas hədəfi növbəti olimpiadada uğur qazanmaqdır. Amma indiki halda bu elə səhradır ki, nəinki qızıl, heç üfüqündə də bürünc medal görünmür.

Kamran HACI

Həmin kateqoriyadan