- Baxış sayı: 62
- 06 Sentyabr 2026 18:20
- Baxış sayı: 380
- Sentyabr 08, 2026
- 0

Azərbaycanda qış idman növlərinin inkişafına dair seminar keçirilib.
Allsport.az xəbər verir ki, sentyabrın 10-da Azərbaycan qış idman növləri federasiyası ilə beynəlxalq xizək və snoubord federasiyasının (FİS) əməkdaşlığı çərçivəsində iki günlük seminarın açılışı baş tutub.
Tədbirdə Azərbaycan qış idman növləri federasiyasının prezidenti Fuad Nağıyev və FİS-in baş katibi Urs Lehmann çıxış ediblər.
Fuad Nağıyev Azərbaycanın qış idman növlərində mövcud potensialının reallaşdırılması, idmançı və mütəxəssislərin inkişafının dəstəklənməsi, eləcə də ölkənin beynəlxalq qış idmanları sistemində mövqeyinin gücləndirilməsi istiqamətində genişmiqyaslı işlərin görüldüyünü bildirib. O, ötən il FİS ilə dövlət turizm agentliyi arasında müqavilə imzalandığını və əməkdaşlığın qarşıdakı illərdə də davam etdiriləcəyini qeyd edib.
Urs Lehmann isə Azərbaycanın qış idman yarışlarının keçirildiyi beynəlxalq destinasiyaya çevrildiyini vurğulayıb. FİS rəsmisi seminarın mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətləri ilə bağlı vahid yanaşmanın formalaşdırılması baxımından əhəmiyyətli olduğunu bildirib.
Seminarda Azərbaycanda qış idman növlərinin hazırkı vəziyyəti, inkişaf imkanları və bu sahədə vahid strateji yanaşmanın formalaşdırılması məsələləri müzakirə edilib. Həmçinin idmançı, məşqçi və hakim hazırlığının təkmilləşdirilməsi, xizək məktəbləri və idman klublarının fəaliyyətinin inkişaf etdirilməsi, ali təhsil müəssisələrinin prosesə cəlb olunması, mövcud infrastrukturun və gələcək ehtiyacların qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə gənclər və idman nazirliyi, milli olimpiya komitəsi, Azərbaycan turizm bürosu, Azərbaycan idman akademiyası, “Şahdağ” turizm mərkəzi, Azərbaycan qış idman növləri federasiyası və FİS-in nümayəndələri, həmçinin dağ xizəyi üzrə məşqçilər iştirak ediblər.
Seminarın yekunları əsasında Azərbaycanda qış idman növlərinin inkişafı üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.