- Baxış sayı: 285
- 02 Oktyabr 2024 15:15
- Baxış sayı: 104
- Dekabr 05, 2024
- 0
Kamran Hacı | kamran-haji@mail.ru
80-ci illərdə SSRİ-nin böyük şəhərlərində belə bir dəb düşmüşdü: dükana girən, mağazaya alış-verişə çıxan, ilk növbədə, malın xarici olub-olmadığını soruşurdu. Keyfiyyət qalmışdı bir kənara. Əksəriyyətdə elə təəssurat yaranmışdı ki, başqa ölkələrdən gələn mallar sovet istehsalından yaxşı, səviyyəli olur. Sözsüz, bu ab-hava Bakıda da yayılmışdı. Dükana girib nəyəsə baxan vətəndaşın ilk sualı belə olurdu: «İmpırtnıdı?» Cavabı gözləmədən, ardınca, «İmportnı» olsun» deyirdi.
Formalaşmış bu xasiyyət «Mozalan» satirik kinojurnalının diqqətindən də yayınmamışdı. Kinojurnalın 1-ci süjetindəki səhnəciklə bu ədəbazlıq məsxərəyə qoyulmuşdu. O vaxt bu kadrlara baxanda, xeyli gülmüşdüm. Amma nə biləydim ki, haçansa AFFA-nın baş katibi Elxan Məmmədov milli komandamızı da belə «importnılaşdıracaq». Son zamanlar elə hey legioner gətirir. Baş məşqçi Şahin Diniyevin dönəmindən fərqli, indi gözdən pərdə asmaq üçün, Azərbaycan əsilli futbolçular aranır. Olsun, nə deyirəm.
Zamanında Türkiyə seçmə komandası Almaniyada yaşayan və elə orada futbolun sirlərinə yiyələnmiş soydaşlarının dəstəyi hesabına beynəlxalq arenalarda uğur qazandı. 2002-ci ildə keçirilən Dünya Kubokunda azərbaycanlıların da yaxından izlədiyi və azarkeşlik etdiyi «ay-ulduzlular»ın əsas heyətində bürünc mükafata yiyələnmiş Alpay Özalan, Ümid Davala, Tayfur Havutçu, İlhan Mansız və Yıldıray Baştürk belələrindən idi.
Amma məsələ ondadır ki,bizdə bu iş birtərəfli, özü də çox sürətlə aparılır. Milli komandaya belə ucdantutma futbolçu dəvət olunacaqsa, onda AFFA uşaq futbolunun inkişafı adı altında pulları niyə göyə sovurur?
Müxtəlif liqalarda legioner limit tətbiq olunur. Yerli futbolçuların yetişdirilməsi istiqamətində manevrlər edilir. Amma baxırsan, ortada bir şey yoxdur. Bilmirsən, dərdini kimə deyəsən. Bu söhbəti assoiasiyanın mətbuat xidmətinni rəhbəri Nəriman Mikayıloğlu ilə etsəm, o saat başlayasaq, haqq qazandırmağa. SSRİ dönəmində Sovet İKP-in Plenium iclaslarını xatırladıb, alovlu çıxış edəcək. Elə hey tutub duracaq ki, bütün qərarlar düzdür. Başlayacaq, bir-bir olmayan uğurlardan danışmağa.
Yaxşı yadımdadır, ölkə çempionatında yüksək eşalonunun adının dəyişdirilərək «importnı», yəni Premyer liqa qoyulması təşəbbüsü də AFFA-nın baş katibindən gəlmişdi. Axı, «premyer» nəyə lazımdır, niyə lazımdır? Əvvəldən, gül kimi adı vardı: güclülər dəstəsi. İndi güclü oldu premyer – nə dəyişdi. Əvvəl yenə bilirdin ki, güclünü axtarırlar, indi isə premyer axtarırlar.
Fikrimi elə «Mozalan»ın həmin süjeti ilə bitirmək istəyirəm. Səhnəcikdə vətəndaş o qədər «İmpotnıdır? » deyə sourşur ki, axırda xarici eynəyin üzündən başına iş gəlir. Əməliyyat zamanı, tibb bacısı professordandan soruşur: «Narkoz yerlidir». Cərrah cavabında, «bəli» deyir. Bunu eşidən xəstə vərdişindən qalmayıb, çətinliklə olsa, əməliyyat masasından başını qaldırıb, həkimlərdən narkozun «importnı» olmasını xahiş edir. Nə isə, lətifəsi Elxan Məmmədovdan uzaq…
Amma bir gün bu «importnı» məsələsi elə belə də bitməyəcək. İmportnı-importnıdırsa, elə baş katibliyin də «baş»ını «premyer»ləşdirib ora da bir importnı «katib» gətirək. Axı «importnı» «importnı»nı bizimkilərdən yaxşı başa düşər, anlayar.