Batı YAR
İnkişafa zəmin yaranıb

Bəxtiyar Məmmədov | batyyar@mail.ru

 

Dörd fərqli və məğlubiyyətsiz oyun da bunu gösətirir

Azərbaycan milli futbol komandası bu seçmə mərhələdə – 2016-cı il Avropa çempionatına aparan yolda ikinci baş məşqçisinin rəhbərliyi ilə keçirdiyi 4-cü rəsmi matçda da məğlub olmadı. Sentyabrın iki matçından birincisində komanda elə sükançısının həmvətənləri ilə üz-üzə gələrək, onları qızıl qiymətli 2 xaldan məhrum etdi və heç-heçəyə nail oldu.
Əlbəttə, komandaya konkret dövrə görə qiyməti məhz son iki oyun çərçivəsində də vermək olar. Çünki məhz qoşa oyun günündə güclü rəqiblə evdə, zəiflə səfərdə oyun məşqçi korpusunun əməyinə, bacarığına qiymət vermək baxımından ən rahat məqam idi.

Xorvatlarla görüşdə bəxt amili, əlbəttə, daha zəifin tərəfində idi. Lakin bəxt heç vaxt zəifin üzünə gülmür. Yalnız səy, zəhmət sayəsində o bu qiyməti ala bilər. Komandamızın, ilk baxışda, müdafiəyə meyilli oyunu, əslində, ağıl taktikası üzərində qurulmuş fürsət ovuna bənzəyirdi. Evdə olsa da, obyektiv güclü rəqib qarşısında gözləmə mövqeyi, qəsdən üstünlüyü əldən vermək cəhdi azarkeşin xoşuna gəlməsə də, bəyənilən tərz sayıla bilər. Bu mənada xorvatların meydanın rəqibə aid hissəsində fəal pressinqləri qorxulu röyalara bənzəsə də, onlar da tezliklə nədənsə donub qaldılar. Bəlkə də ənənəvi Azərbaycan çılğınlığına fürsət verdilər. Lakin Prosineçkinin meydan kənarında fəal «söz ötürmələri»nin təsiri ilə komanda bu tələyə düşmədi. Komanda 20-ci dəqiqədən sonra özü topa uyğunlaşıb, onu qorumağa, fırlatmağa, qalaqurmalar etməyə başladı və bu, fasilədən sonra rəqib sükançının başağrısına çevrildi. Bu məqamda məşqçinin cinahlarda rəqibə meydan ötürüb cinah müdafiəçiləri cərimə meydançası daxilində kombinamiyalı oyuna cəlb etməsi xüsusi qeyd oluna bilər. Doğrudur, asma ötürmələr zamanı təhlükələr aşkar hiss olunurdu. Lakin bu qoşalaşmış oyun tərzi bəhrəsini verirdi.

İkinci hissədə isə meydanda rəqibin tam plansız oyuna düçar olması da məşqçi işinin bəhrəsi idi. Bir sözlə, yeni məşqçi korpusu, əvvəlki işbazlardan fərqli olaraq, nəyəsə cəhd göstərir. Axı, Prosineçki hələ uzun müddət meydan kənarında dirijor çubuğunu əlində saxlamaq fikrindədir. Ona qədər bu sükanda olan isə karyerasının qürubunu 90-cı illərin sonunda Almaniyada qoyub odu sönmüş və közü ilə oynayan biri idi və onun yerli işbazlarla əməli oyunçuluğu uzun sürsə də, bir gün tam nəticəsiz və iflasla başa çatdı. Bu mənada yeni sükançının işi, söz yox ki, heç müqayisə olunacaq səviyyədə deyil. Foqts meydana nəinki bu heyəti buraxmazdı, hətta oyundan-oyuna heç nəyi də dəyişməzdi. Onun müdafiə tərzinə ən gözəl cavabı Prosineçkinin gözləmə mövqeyi verdi. Malta ilə ev oyunundan bu yana komandanın hər oyunda tam fərqli aspektdə görürük və hər rəqibə qarşı məhz yeni oyun variantını tətbiq etmək istəyən Prosineçki təkcə bununla futbolumuza yeknəsəq oyunçuluqdan fərqli tərzlərə doğru ilk addımı gətirdi. Açığı, bu tərzi Əhməd Ələsəgrovlu millinin dövrlərindən sonra heç izləməmişdim.

Söz yox ki, hətta Xorvatiya ilə oyunda da bəzi məqamları fərqli etmək mümkün idi. Lakin qiymətli bir xal əldə ikən eksperimentlə onu əldən vermək, görünür, bu məşqçi korpusu üçün yersiz cəsarətdir. Əlbəttə, bu Əhməd Ələsgərov çılğınlığının bəhrəsi ola bilər. Amma hesablanmış, tərəzi-mizan oyununun üstünlüklərini də etiraf etməliyik.
Malta səfəri bu mənada Prosineçkiyə dərs olacağına əminəm. Həmin oyunda onun Cavid Tağıyevə üstünlük verməsinin təsdiqi elə ilk dəqiqələrdən özünü büruzə verdi. Prosireçki rəqibin müdafiədən oynayacağına əmint olduğundan daha sürətli hücum versiyasına əl atdı. Bu halda həm də yaradıcılıq vacib idi. Yalnız bu təqdirdə rəqib qapısı alına bilərdi. Elə də oldu. Məhz Cavidlə başlayan hücum «cinas»ının nəticəsi də rahidin kuryoz qolunda əksini tapdı. Amma bu qol ən azı ona görə ədalətli idi ki, komandamız onun axtarışında idi və bunun üçün variantlar axtarırdı. Rəqib isə qapısı qarşısına futbolçu səddi çəkməklə əks-hücumlarda bəxt axtarmağa belə səy etmirdi.

Baş məşqçinin oyundan əvvəl «sayıqlıq, ehtiyat» barədə dedikləri bundan sonra özünü doğrultdu. Əlbəttə, yorğunluq da hiss olunurdu. Lakin qoldan sonra top oynatmağa başlayan kollektiv səhvi də tez-tez buraxmağa başladı. Phosineçkinin meydan kənarından dirijorluğu da kömək etmədi. Futbolçular elə halsızlaşdılar ki, Mifsud karyerasının 40-cı qollunu əl işarəsi ilə göstərib oyunu tərk etdi. Ardınca daha bir qol şoku yaşandı. Baş məşqçinin dəyişikliyi də ani bəhrəsini verməklə onun artıq azərbaycan futboluna yaxından bələd olmağa başladığını göstərir. Hərçənd bəzi mövqelərə cəlb edələn futbolçular, bəzi tatiki qərarlarla bağlı onunla mübahisə müzakirəsi açmaq da olar. Komandanın hücum quruculuğu nəinki tam formalaşmayıb, hətta buna meyl də yoxdur. Bu xüsusda asma ötürmələrin tam məzmunsuzluğu, mücərrədliyi, məqsədsizliyi və qeyri-müəyyənliyi suallar doğurur. Ümumən meydanın rəqibə aid hissəsində ötürməli oyun, əksərən, ən sadə variant və yolla davam etdirilir. Konkret bu matçda və əvvəlki oyunlarda da qurucuların Ruslan Qurbanovla anlaşa bilməməsini də xüsusi qeyd etmək lazımdır. Hərçənd rahidin ikinci qolu onun effektli ötürməsinin məhsulu oldu. Hücum quruculuğu ilə yanaşı, komandamızın gah mərkəz, gah da cinah kombinasiyasının, əlaqəli oyununun qəfil «qısaqapanmalar»ı müdafiəyə meyilli oyuna da əks təsirini göstərirdi. Malta bundan bəhrələnib haqlı qələbəsini qazana bilərdi.

Əlbəttə, millimiz Malta səfərində bu mövsüm üçün ən mühüm qələbəsini əldən verdi. Bununla belə komanda asta-asta özünü doğrultmağa çalışır. Hələ meydana kifayət qədər azarkeş toplamaq iqtidarında olmasa belə, artıq meydanda oyun görməyə başlamışıq. Bu isə etimadın başlanğıcı da sayıla bilər. Komanda, klubların Avropa kuboklarındakı oyunlarını da əlavə etməklə, yeni səviyyəyə doğru yol ala bilər. Yeri gəlmişkən, sükançının klubları diqqətdən kənar qoymamasını xüsusi qeyd etməliyik. Bu gün millinin oyun tərzində «Qarabağ»la düzxətli yaxınlıq da görə bilərik. Əlbəttə, Robert Prosineçki Qurban Qurbanovu kor-koranə təqlid etmir – fərqlər göz önündədir. Amma o, Amerika da ixtira etmək fikrində deyil. O, Foqts kimi, sızıldamır, günahlandırmır, səhvlərini kiminsə boynuna atmır, ən əsası, hələ ki, iş görməyə çalışır. Ona görə hələlik ki, hər məşqçi belə başlayır. Amma sonra nədənsə nadanların da əl-qol açması ilə kurs tam əksinə dəyişir. Axı, məlumdur – məşqçi və qərarları nə qədər müstəqil və əngəllərdən uzaq olsa, futbol da bir o qədər obyektiv inkişafına yaxın olar. Son 4 rəsmi oyun bunu əyani nümayiş etdirir. Məşqçilər gəldi-gedərdi, lakin onların hər birinin qoyduğu inkişaf damlası göl də yaratmağa qadirdir.

Təbii ki, hələ son sözə və məşqçinin çalışdığı dövrə qiymət verməyə vaxt var. Çünki prosineçki və onun heyətini hələ qarşıda iki oyun və iki vacib sınaq da gözləyir. Ona görə iki deyi rik ki, komandamızın 3-cü yer uğrunda nəzəri şansına da Maltada nöqtə qoyuldu. Amma buna əvvəldən də kim inanırdı ki?

BATI YAR, “İdman”

Həmin kateqoriyadan