MDB oyunlarına hazırlığın gedişatı ilə tanış olub

Gənclər və idman naziri Fərid Qayıbov III MDB oyunlarına hazırlıq işləri çərçivəsində inşası davam edən Yevlax olimpiya idman kompleksinə baxış keçirib.

Allsport.az saytı xəbər verir ki, o, tikinti işlərinin vəziyyəti ilə yerində tanış olub, müasir standartlara cavab verəcək kompleksin funksionallığı ilə bağlı cavabdeh şəxslərlə müzakirələr aparıb, müvafiq tövsiyələr verib. Boks yarışı bu kompleksdə keçiriləcək.

Nazir həmçinin Mingəçevirdə yerləşən “Kür” olimpiya tədris-idman mərkəzində aparılan əsaslı təmir işləri ilə də maraqlanıb. MDB oyunlarının akademik avarçəkmə, kanoe, taekvondo, karate idman növləri üzrə yarışları bu mərkəzdə təşkil ediləcək.

Nazir Fərid Qayıbov Qəbələ olimpiya idman kompleksində aparılan əsaslı təmir işlərinin gedişi ilə də yerində tanış olub. Təmir-bərpa işlərinin yüksək səviyyədə və vaxtında başa çatdırılmasının vacibliyini qeyd edən nazir Fərid Qayıbov hər iki idman qurğusunda aparılan təmir işləri ilə bağlı mütəxəssislərlə fikir mübadiləsi aparıb.

Nazir həmçinin Şəki olimpiya idman kompleksinin hazırkı vəziyyəti və davam edən təmir işləri ilə maraqlanıb, müvafiq tövsiyələr verib. Fərid Qayıbov səfər çərçivəsində Şəki şəhər stadionuna da baxış keçirib.

Həmin kateqoriyadan