Ölkə başçısının sərəncamlarına zidd, açıq əks-Azad Rəhimov təbliğatına başlanılıb

Gənclər və idman nazirliyinin yeni qərəzli rəhbərliyi hakimiyyət daxilində etimadsızlıq birliyi yaradır?

Son dönəmdə mərhum gənclər və idman naziri Azad Rəhimova qarşı anti-təbliğat genişlənib. Məqsədli qara piarın mənsəbi elə onun rəhbərlik etmiş olduğu idarədən başlayır. Sonra bəzi idman dairələrinə yayılır – KİV də, öz növbəsində, təlimatlandırılır. Hərçənd indi çox az idmançı və mütəxəssis tapılar ki, ondan narazı qalsın. Əksinə, ona rəhmət oxutduranların sayı bütün təbəqələri bürüyüb.

21 iyun – 2 iyul Krakovda keçirilən 3-cü Avropa oyunlarında zəif nəticə nazirliyin yeni qərəzli rəhbərliyini daha aqresivləşdirib. Axı onlar Azad müəllimin yüksək bacaracağının və qazandığı uğurların heç dördə birini edə bilməyiblər. Onun idarəçiliyi barəsində atılan şər-böhtanı, ölkənin siyasi və idman nüfuzuna xələl gələcəyi üçün, təfərruatı ilə açıqlamıram. Amma bəzi qeydlər və xatırlatmalar yerinə düşər.

O, 7 fevral 2006-cı ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri təyin olundu. Bu sahədə canlanma elə onun dönəmində müşayiət edildi. Dəyişiklər, islahatlar bir müddət sonra öz sözünü dedi və “qənimətlər”in sayı surətlə artmağa başladı: Pekin-2008-də 7 (1 qızıl, 2 gümüş, 5 bürünc), London-2012-də 10 (2 qızıl(!), 2 gümüş, 6 bürünc), Rio-2016-da 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanıldı. Əyar baxımından “Dumanli Albion”dakı nəticələr hələlik ən yüksəkdir. Say baxımından isə, Braziliya – idman tariximizdə ən hərarətli yay olimpiya oyunlarıdır.

Azad Rəhimov nazir olduğu ilk ildə (2006) yurd dışında ümumi mükafat sayı 287 idisə, 2010-cü ildə artıq 685, 2013-cü ildə 782, 2017-ci ildə rekord həddə – 851-ə yüksəlmişdi! Azərbaycan şahmat millisinin komanda yarışında 3 dəfə Avropa çempionu, Şəhriyar Məmmədyarovun FİDE əmsalında 2800 xalı aşan ilk türk-müsəlman olması, şahmatın Top-10-ğunda 2 azərbaycanlının yer alması, sərbəst və yunan-Roma güləş yığmalarının Tehranda dünya kuboklarına sahib çıxmaları, sərbəst güləşçi Hacı Əliyevin və boksçu Məhəmmədrəsul Məcidovun 3-qat dünya, yunan-Roma güləşçisi Fərid Mansurovun, ağırlıqqaldıran Nizami Paşayevin və taekvondoçu Milad Hərçəqaninin 2-qat dünya çempionu olmaları da onun dövrünə düşür.
Onu da unutmayaq ki, gənclərə də daim dəstək verən mərhum dövlət məmuru “Avrovizia”da qalib olmağımızda və 3-cü yer tutmağımızda böyük səy göstərib.

Azad Rəhimov idmana rəhbərlik etdiyi dönəmdə ölkəmizdə xeyli mötəbər tədbirlər də keçirilib. O, 2007-2009-2014-2019-cu illərdə bədii gimnastika üzrə Avropa çempionatlarının, 2007-ci ildə güləş üzrə dünya çempionatının, 2010-cu ildə güləş üzrə Avropa çempionatının, 2011-ci ildə boks üzrə dünya çempionatının, 2012-ci ildə “Avrovizia” mahnı müsabiqəsinin və U-17 qızlar arasında dünya çempionatının, 2014-cü ildə Beynəlxalq idman mətbuatı assosiasiyasının 77-ci konqresinin, 2015-ci ildə Avropa oyunlarının, 2016-cı ildə Ümümdünya şahmat olimpiadasının və Formula-1 üzrə Avropa qran prisinin, 2017-ci ildə İslam həmrəyliyi oyunlarının və voleybol üzrə qadınları Avropa çempionatının, 2017-2020-ci illərdə Formula-1 üzrə Azərbaycan mükafat yarışlarının, 2019-cu ildə UEFA Avropa liqası finalının və gimnastika üzrə dünya çempionatının, 2019-cu ildə Avropa gənclərinin olimpiya festivalının, 2020-ci ildə isə UEFA Avropa çempionatının ölkəmizdə təşkili üzrə yaradılan dövlət komitələrin üzvü olmuşdur.

2017-ci ildə, ilin yekunları ilə bağlı çay süfrəsi arxasında ənənəvi toplantı keçirildi. O zaman yandaş media idman akademiyasına yığışmışdı. Nazirin kefi kök idi. Həmin mövsüm həddən artıq məhsuldar olmuşdu. Sual hissəsində söz alıb, rəhmətliyə “ilin uğurlarını bir-bir saydım və soruşdum ki, nə vaxtsa təkrar belə nəticə gözləyirmi?” Azad müəllim gülümsəyərək, sualıma sual ilə cavab verdi: – Sən gösləyirsənmi? Bir anlıq duruxdum. Asan deyildi. Həm görkəmcə, həm də şəxsiyyətcə həqiqətən də əzəmətliydi. Sakitcə, “xeyr” dedim. Yenə gülümsədi. Üzündəki cizgələri “mən də” cavabını verirdi. Hər ikimiz olanı və olacaqları düzgün qiymətləndirmişdik. Amma Dədə Qorqud demiş: “Şadlıq elədik, çaldıq, oxuduq. Elə bildik ki, Oğuz elinin qadalı-balalı günləri qurtarıb getdi. Nə biləydik ki, müsibətli günlərimiz qabaqdaymış”.

Azad Rəhimov, ölkə başçısının 29 iyun 2015-ci il tarixli sərəncamı ilə idman sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə, 24 iyul 2019-cu il tarixli sərəncamı ilə gənclərlə iş sahəsində xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltiflənib. O, 2021-ci ildə 30 apreldə ağciyər xərcəngindən vəfat edib. Məzarı 2-ci Fəxri xiyabanın ən nəzərə çarpan yerindədir. Adında göründüyü kimi, fəxr olunası ictimai-siyasi xadimdir. Dünyasını dəyişənədək vəzifə başında olub. Demək, bu 15 ildə Azərbaycan prezidentinə və xalqa layiqincə xidmət edib. Belə olan halda, sosial şəbəkələrdə onun bostanına daş atmağa başlanması nə dərəcədə doğrudur? Bu, həm də ölkə rəhbərinə qarşı çıxmaq deyil, bəs  nədir?! Dədə-babadan görmüşük ki, rəhmətə gedənin barəsində pis danışmazlar. İndi tərsinədir: adət-ənənə ayaq altına atılır.

Bütün olanların mərkəzində nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov dayanır. Onun məqsədi, diqqəti üzərindən Fərid Qayıbova çəkməkdir. Avropa oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri bilir ki, zəif nəticədə əsas səbəbkar özüdür. Bu üzdən, hiyləgərliyindən və yalanlarından yararlanıb manevr edir. Son dövrdə, işdən dolayı, yandaş mediaya daha yaxınlaşması, ona əlavə imkanlar yaradıb. Mısleniçedə yeni ələ aldığı jurnalistlə xeyli söhbət edib təzə taktika qurub(lar). O, boşuna heç kimi çarter təyyarəsinə əyləşdirmir. Baxmayaraq ki, bütün hesablar dövlət xətti ilə aparılır. Amma ona elə gəlir bunların hamısı – nazirlik, xidməti avtomobil, xəzinə, hava gəmisi – özünküdür.
Polşada söhbət zamanı, bəndəniz barədə fərziyyə də irəli sürüb, nağıl danışıb. Görünür, tənqidi yazılar onları möhkəm silkələyir. Yoxsa, özlərinə yaxın federasiya və şirkətlərə allsport.az saytını “qara siyahıya sal” əmrini niyə versinlər ki?! Aydın məsələdir, hədəfi, uğursuzluqdan yararan tənqidlərin ona yox, nazirə ünvanlanmasına nail olmaqdır.

Öncələr Azad Rəhimova və onun mətbuat katibəsinə, indi də nazirliyin məlum qərəzli rəhbərliyinə hərtərəfli xidmət edən jurnalist vasitəsi ilə Elnur belə xəbər buraxıb ki, guya yazılanlar vec(lər)inə deyil. Əlbəttə, vec(lər)inə olsaydı, Azərbaycan prezidenti İlham Əliyev 7 sentyabr 2021-ci ildə sərəncamla yeni gənclər və idman naziri təyin edəndə, onun verdiyi tapşırıqlar icra olunardı. Sitat: “Eyni zamanda, idman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Xüsusilə olimpiya oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Onu da nəzərə almalıyıq ki, son olimpiya oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir.

Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz, bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin. Nəzərə alsaq ki, Tokio olimpiya oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır.
Mən əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və bu prinsipləri gündəlik fəaliyyətinizdə rəhbər tutaraq nazirliyin fəaliyyətini təşkil edəcəksiniz. Sizi təbrik edirəm və sizə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Həmin dönəmdən bu yana nəticə göz önündədir – Azərbaycan olimpiya proqramında dünya çempionluğuna həsrətdir! Yeganə təsəlli, keçən il gəlmə qılıncoynadan Anna Baştanın qazandığı gümüş medaldır. Yeni komandanın ilk ciddi sınağı Krakov-2023 idi ki, bu Avropa oyunlarında Azərbaycan 100 idmançı ilə 11 medalla (3 qızıl, 2 gümüş, 6 bürünc) 49 ölkə arasında 24-cü yer tutdu. Hərçənd, Bakı-2015-də olimpiyaçılarımız 56 medalla (21 qızıl, 15 gümüş, 20 bürünc) komanda hesabında 2-ci, Minsk-2019-da 28 medalla (5 qızıl, 10 gümüş, 13 bürünc) 10-cu olmuşdu. Artıq heç bir bəhanədən söhbət gedə bilməz. 2021-ci ilin sonunda yeni, bu dəfə qərəzli və qisasçı rəhbərlik formalaşanda, Azad Rəhimovun bütün kadrları kənarlaşdırıldı və federasiyalara yeni rəhbərlik gətirildi. Bu dövr ərzində, aparıcı olimpiya idman növlərində ən azı 1 dünya çempionu çıxmalıydı. Necə ki, əvvəllər bunca zəfərlərə sevinirdik, öyrəşmişdik.

Özünü təmiz göstərmək üçün Elnur dəridən-qabıqdan çıxır. Buna görə hətta yeni anlaşdığı jurnalistə Krakovda xeyli mühazirə oxuyub. Onun “Neftçi”də vitse-prezident olduğu dönəmdə korrupsiyaya bulaşdığı barədə söz-söhbət indi də dolaşır. Bacarıqsız olduğuna görə ölkə futbolunun flaqmanı tarixinin ən ağır yenilgisini alıb və bundan sonra o idman aləmində “Cənab 0:8” olaraq tanınır. Məmmədovun keçmiş sürücüsü (xalasıoğlu) Emilin korrupsiya əməllərini də oxucular unutmayıblar. Özünü nazirliyin müfəttişi (ola bilsin, Elnur onu bu adla işə götürüb) kimi qələmə verərək, qurumun tabeçiliyində olan idarə və komplekslərə işə düzəltmə adı ilə ayrı-ayrı şəxslərdən 8.500, 4.300 və 2 nəfərdən 6.500 manat alıb, amma vədinə əməl etmədiyi üçün işdən qovulub.

Yeri gəlmişkən, şöbə müdirinin 23-29 iyulda Maribor-2023 Avropa yeniyetmələrin olimpiya festivalına və 4-14 avqustda Minsk-2023 yeniyetmələrin MDB oyunlarına aparılacaq KİV nümayəndələrinin siyahısının tutulduğu barədə söz-söhbət dolaşır. Yəqin, o şəhərlərdə də nüfuzlu şəxslər vasitəsi ilə eyş-işrət məclisləri qurulacaq, cibxərcliyi və dövlət səfərlərindən yararlanıb başqa ölkəyə adlama olacaq. Necə ki, Krakovda olmuşdu. Bunu nazirliyin 1 nömrəli jurnalisti Ağa Dadaşzadə and-aman edərək, dönə-dönə bizə təsdiqləyib.  Hətta fərəhlə “Q” otelində dövləti 700 avro cəriməyə salmasını həvəslə globalinfo.az-a danışıb. Amma məsələ böyüyüncə və ciddi əks-səda doğurunca, yalvar-yaxar, xahiş-minnət, bəlkə də təzyiqlə yazını oradan sildirib. Hərşeyşünas Krakovda mehmanxananın vanna otağının qapısını yaman günə qoymuşdu. Yəqin, Mariborda çöl otaq qapısı mərtəbə xidmətçilərinin üstlərinə gələcək…  

Kamran HACI

Həmin kateqoriyadan