Paris-2024-də möhtəşəm qələbənin əsas memarları kimlərdir?

Böyük nailiyyətlərin özünün də, hər 4 ildən bir, başqa və tam fərqli böyük sınaq meydanı var. Bu, olimpiya oyunlarıdır. Azərbaycanda aparıcı və ənənələri olan idman növlərinin üzərinə bu mənada böyük yük düşür. Paris-2024-də əsas ümidləri cüdoçular doğrultdular. 2 qızıl medal Odlar yurdunun dünya sıralamasında 30-cu yerdə qərarlaşmasına səbəb oldu. Cinahlarda boks və taekvondo hərəyə 1 gümüş medal qazandırdı. Güləşçilər 28 il sonra aşağı nəticə göstərdilər. 3 bürünc mükafat – ilk dəfə finalın olmamasını rəsmi təsdiq edirdi (bundan nəticə çıxaran AGF var gücü ilə bölgələrdə maddi-texniki bazanın güclənməsinə yönəldib, hazırlıq planında dəyişikliyə başlayıb). Bəs tatami ustalarının möhtəşəm çıxışının sirri nədəydi? 2022-ci ildə cüdo federasiyasında rəhbər dəyişikliyi yalnız təkmilləşməyə, məşqçilər heyətinin yenilənməsinə və ciddi nizam-intizama səbəb oldu. Barıtın Parisdə gurultulu partlaması isə, uzun illərin əməyinin nəticəsi idi.

Saysız-hesabsız fəthlər, möhtəşəm zirvələr

Füzuli ƏləkbərovAsif ƏsgərovZair MəmmədovElnur KələntərliElnur Camalxanovun rəhbərlikləri dönəmində Mövlud Mirəliyev, Elçin M.İsmayılov, Mehman Əzizov məşqçi kimi Ağayar Axundzadə, Əli Dəvrişov,Hacıağa Hacıəhmədov və FərhadMəmmədovun yanında püxtələməyə başladılar. Qadın cüdosunda İbadulla Şahbanov, Rəşad Məmmədov, Rəşad Həsənov və Mətanət Süleymanova öz sözlərini deyirdilər. Həmin dövrdə Kifayət Qasımova ilə Ramilə Yusubova dünya səhnəsində sayılıb-seçilən titullu cüdoçularımızdan idi. Onlardan sonra yerli azərbaycanlılar səviyyəsində dünya və Avropa çempionatlarında medal qazanılmayıb.
Həmin dövrdə məşqçilərimizin çəkiləri də vardı. Onlarla hər yerdə hesablaşırdılar. Adları çəkilən ACF komandası zamanında zirvə göstərici Pekin-2008-də Elnur Məmmədlinin timsalında olimpiya çempionluğu, Mövlud Mirəliyevin bürüncü idi. Həmin Elnur Məmmədli ki, bu gün federasiyada vitse-prezident kürsüsündə əyləşib (bundan öncəki rəhbərliyin dövründə də həmçinin) və Hidayət Heydərovun Paris-2024-də qalib olmasında böyük pay sahibidir. Öz sadəliyi və işgizarlığı ilə seçilən Mövlud Mirəliyev həm millidə baş məşqçi olub, həm də rayonlarda müxtəlif olimpiya idman komplekslərinə rəhbərlik edib, bölgələrdə cüdonun inkişafına çalışıb. Pekin-2008-də yarımfinalda 100-kq-da çəkinin gələcək qalibi monqolustanlı Naydangiyn Tuvşinbayar dopinqli olmasaydı, kim bilir, bu cüdoçumuz da olimpiya çempionu olacaqdı. Hazırda o, DİN-in idman cəmiyyətinin direktoru vəzifəsini daşıyır; Mehman Əzizov da idman təşkili bölməsinin rəisidir.

Azərbaycanın ilk dünya çempionluğu sevincini də sözü gedən rəhbərliyin vaxtında yaşayıb. 2013-cü ildə Rio-de-Ja­neyroda qalib olan El­xan Məm­mə­dov öncə gənclərdə, indi əsas yığmada məşqçidir, federasiyanın təzə rəhbərliyin sevimlisidir.
Füzuli Ələkbərovun komandasının möhtəşəm uğurundan biri də Elmar Qasımovun timsalında İrəvanın fəthi idi. 2009-cu ildə Ərmənlərdə keçirilmiş gənclərin Avropa birinciliyində “Atilla”nın yetirməsi tək sevinmədi. Tarixi torpaqlarımıza yollanan bütün heyət üzvləri müxtəlif əyarlı mükafata yetişdilər. Bu, Azərbaycan idmanı tarixində ilk və hələlik yeganə zəfərdir – düşmən evində dövlət himnimiz səsləndirildi! Fərəhlidir ki, bu uğurda da Ağayar Axundzadənin başçılıq etdiyi azərbaycanlı məqşçi heyəti nail olub!

El gücü, sel gücü

2015-ci ilin payızında ölkə cüdosunda köklü dəyişikliklər baş verdi, ACF-ə yeni idarəçilər gəldi. Rövnəq AbdullayevSadıq SadıqovElmar BabanlıElnur Əşrəfoğlu dönəmində millidə adlı-sanlı, titullu idmançılar çalışmağa başladı, məşqçilər heyətəndə gəncləşməyə qədəm qoyuldu, yeni bacarıqlı nəsil formalaşmağa başladı: əvvəlki rəhbərliklə işləyən Fərhad Məmmədov, Elçin M.İsmayılov və Mehman Əzizova əsas millidə Mövlud Mirəliyev qoşuldu. Sonradan müxtəlif yaş qruplarına Elxan Məmmədov, Nicat Şıxəlizadə, Elxan Rəcəbli, Rüstəm Alimli, İlham Məmmədov, Şümşad Bəhramov, Ramiz Ramizzadə və Zaur Babayev dəvət olundular. Bununla belə, qocaman mütəxəssislər federasiyada müxtəlif vəzifələrdə yer aldılar. Cüdoda “müxalifət”ə son verildi, Sahib İsmayılov, Fərhad Rəcəbli, Əhməddin Rəcəbli, Ruzbek Vəliyev,Tərlan Həsənov və Tərlan Poladov kimi ustadların rəyi nəzərə alındı.
Qadın cüdosunda Elçin İsmayılovun qısa baş məşqçiliyi dönəmində Bakı-2017 İslam oyunlarında seçməmiz uğurlu çıxışı ilə yadda qaldı.

Bu rəhbərliyin zamanında maddi-texniki baza yaradıldı, aşağı yaş qruplarının və veteranların beynəlxalq yarışlara göndərilməsinin sayı xeyli artdı, mükafatlar bərpa edildi, bölgələrə qayğı çoxaldı, zona yarışları təsis olundu. Dünya çempionatı-2018 və “Böyük dəbilqə” yarışının hər il ölkəmizə salınması ehtiyat qüvvənin özünü göstərməsinə şərait yaratdı.
Rio-2016-da Rüstəm Orucovla Elmar Qasımovun qazandığı 2 gümüş medalda əsas pay köhnə rəhbərliyə düşsə də, Tokio-2020-də, cüdonun vətənində ilk dəfə bu növdə Azərbaycan millisi kişilərdə tam heyətlə iştirak etməsi və legionçu İrina Kindzerskayanın sayəsində ilk dəfə qadınlarda olimpiya medalı qazanılması “islahatçılar”ın əməyi idi. 2021-ci ildə Mövlud Mirəliyev kişilərdən ibarət milliyə baş məşqçi təyin olunması gecikmiş addım idi. Çünki avsrtiyalı Peter Zayzenbaxerdən sonra komanda Fərhad Məmmədova qalmışdı və o arxadan əsən rüzgarla yola çıxaraq, silsilə uğurlara yetişirdi. Qəfil onu dayandırmaq və yerinə uğursuz ukraynalı məşqçi Ruslan Maşurenkonun gətirilməsi yanlış idi və bu özünü Yaponiyada hərtərəfli göstərdi.
2016-cı ildə Tatarıstan paytaxtı Qazanda keçirilmiş Avropa çempionatında 1-ci dəfə komanda yarışda fəxri kürsüyə çıxdıq. Varşavada (2017) və Praqada (2020) təşkil olunan eyni yarışda 5 cüdoçumuzun fərqlənməsi də ilk hadisəydi. Bu uğuru indiki rəhbərlik ancaq 2025-ci ildə Podqoriçada təkrarlaya bildi. Medal əyarı baxımından əvvəlkilər daha üstündür. 2017-ci ildə Budapeştdə dünya çempionatında qazanılan 4 mükafat rekord sayda idi və hələ də təkrar olunmayıb.

Sərt üsul-idarə, bürokratiya və daha nələr…

2021-ci ilin noyabrında Azərbaycan cüdo federasiyasında növbədənkənar konfransda gənclər və idman naziri Fərid Qayıbov və Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin xeyir-duası ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qurumun yeni prezidenti oldu. Hər 2 idman orqanı ACF-ə dəstəyini davam etdirdilər. Öncəkilərdən fərqli, yenilər – Rəşad NəbiyevRəşad Rəsullu sərt üsul-idarə ilə bürokratiya yolunu seçdilər, bəsit tənqidə dözümsüz oldular – adi ölkə çempionatına qeydiyyat elanı verərək onların bu qanunsuz əməllərini qələmə alanı bu yarışa buraxmayaraq, Azərbaycan cüdo federasiyası tarixində ilkə imza atdılar; unutdular ki, ictimai qurumda fəaliyyət göstərirlər – yəni, qapı hər kəsə açıq olmalıdır.
Yayılan xəbərə görə, bir müddət öncə yeni rəhbərlik dünya və Avropa çempionatları və birinciliklərində medal qazanan idmançıların şəxsi məşqçilərinə mükafatları ləğv edib. Bu, stumulsuzlaşmaya yol açır. İdmançılara yüksək şərait yaradılıb, amma məşqçilərin “kölə” kimi işlədilməsi böyük narazılığa gətirib çıxarıb. Artıq cüdoda bu sahəyə maraq azalıb. Ola bilsin, elə bu səbəbdən Paris-2024 oyunlarından sonra keçirilmiş toplantıda ACF prezidenti millidə birini ayağa qaldıraraq, əvvəlki mütəxəssislərimizin nəticələrini unutmuş kimi, kənardan aşağılayıcı görünən şəkildə Azərbaycanda bir uğurlu yerli məşqçinin olub-olmamasını soruşub. Qarşı tərəf məcbur qalıb işini qorumaq naminə “yox” sözünü deyib. İndi aydın olur, bu il Bakıda təşkil olunmuş “Böyük dəbilqə”də azərbaycanlı məşqçi Şümşad Bəhramov düşünülmüş və ya təsadüfən dəhlizdə Rəşad Nəbiyev ilə Marius Vizerə (BCF-in prezidenti) yaxınlaşıb əl sıxması ona niyə baha başa gəlib. Son dövrdə azərbaycanlı mütəxəssislərin yurd dışına işləməyə yollanması da səbəbsiz deyil. Yeri gəlmişkən, bu günlərdə ACF-in baş himayədarı “Azərsel”in bir neçə istiqamətdə qiymətləri qaldırması ictimaiyyətdə hiddət yaradaraq geniş narazılığa səbəb olub.

Bir tərəfdən də deyilənlərə adamın inanmağı gəlmir. Axı hörmətli nazirimizin özü cüdoçu olub, sumqayıtlı İlham Məmmədovla bir güləşib – həmin şəxs bacarıqlı məşqçilərdən sayılır, yaşadığı şəhərin cüdo məktəbinin direktoru olub; amma sonradan nədənsə o da kim(lər)insə xoşuna gəlməyib və bu vəzifəsindən uzaqlaşdırılıb. Rəşad Nəbiyevin digər məşq yoldaşı hakimlər üzrə menecer Mətin Rəhimli olub. O, əvvəlki rəhbərliyin dönəmində komitə sədri idi və məşqçiliklə əlaqəsi olmayan referilərin yetişdirilməsinə başlamışdı. Onu yarıyolda yenilər qoydu, əsas səlahiyyəti ACF prezidentinin müşaviri Natiq Bağırova tapşırıldı. Bu həmyerlimizin idmançı kimi bütün uğurları Belarusa yazılıb – cüdo üzrə 2-qat Avropa və 2-qat dünya çempionatının bürünc medalçısı; sambo üzrə 5-qat qitə və 3-qat dünya çempionu. Sidney-2000 olimpiadasında 2-ci mərhələdə Azərbaycan millisinin üzvü Elçin M.İsmayılova yenilərək mübarizəni dayandırmışdı. Yeri gəlmişkən, cüdoda hakimliklə bağlı nöqsanlar zirvə həddinə çatıb, artıq bu sahənin adamları problemləri sosial şəbəkədə də açıq yazmağa başlayıblar (onların sırasında 2-ci Vətən müharibəsinin qazisi də var). Bu üzdən rəhbərlik nəzarət üçün özünə yaxın şəxs təyin edib: Abbas Şahverdiyev. Adı çəkilən şəxs həkim olub. Bəzi məsələlərdə yardımçı olmağa çalışır.

Adsız qəhrəmanlar

Paris-2024-də əldə olunan 2 qızıl medala gəlincə, onda pay sahibi çoxdur. Birincisi, xeyli müddətdir ölkə cüdosu “Atilla”, “Neftçi” və “Cüdo-2012” klublarının çiyinlərində dayanıb. Milli komandaya əsas və ehtiyat qüvvəni  hazırlanması və müxtəlif yaş qruplarında qazanılan medallar onların xidmətləridir. İkincisi, gənclər və idman naziri Fərid Qayıbovun tapşırığı ilə “Neftçibaza” adı ilə tanınan Olimpiya növləri üzrə milli komandalar üçün təlim-məşq mərkəzi ACF-in ixtiyarına verildi və orada müasir hazırlıq məkanı ərsəyə gəldi. Üçüncüsü, Hidayət Heydərov əvvəlki rəhbərliyin əməyinin məhsuludur. İstedadlı, çevik və amansız olduğuna görə, mərhum həmkarımız Elnur Əşrəfoğlu ona “Pantera” ləğəbini verilmişdi. Zelim Kotsoyevi isə, daha öncəki rəhbərliyin dönəmində Gürcüstanın Qori şəhərində hazırlıq zamanı onun Şimali Osetiyadan olan şəxsi çalışdırıcısı millimizin o vaxtkı məşqçisi Fərhad Məmmədova təklif edib. Həmyerlimiz buna çox müsbət yanaşıb və istedadlı idmançı Elçin M.İsmayılovun nəzarəti ilə yarışlara hazırlaşıb, ardıcıl yeniyetmə-gənclərdə qitə və dünya birinciliklərində nəticə verib. Uğurlara rəğmən, 2018-ci ildə Fərhad Məmmədov əsas millidən uzaqlaşdırılandan sonra, Zelim Kotsoyev yavaş-yavaş çevrədən çıxmağa başlayıb və Tokio-2020 bitməklə daha Elçin M.İsmayılovun deyil, hazırlığı Elxan Məmmədovun şəxsi məşqçiliyi ilə davam etdirib.
Bakı-2017 İslamiadasında qadınlarımızı komanda yarışında 1-ci yerə çıxaran Elçin İsmayılova nəinki millidə yer verilir, doğulub böyüyüb başa çatdığı doğma Biləcəridə cüdo zalını ona çox gördülər.

Kişilərdə adlı-sanlı yerli məşqçilər millisən uzaqlaşdırılan dönəmdə ACF-in baş katibi Rəşad Rəsullu fürsətdən yararlanıb idmançı karyerasında böyük uğuru olmayan öz doğma əmioğlusu Abdulhaq Rəsullunu əsas komandaya dürtüşdürüb. 
Hər ötən dövrün hesabat məqamı, ələlxüsus da cəmiyyətdə oynadığı rola görə həm də milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri olmaqla, inkişaf səviyyəsinin göstəricisidir. Yarışlar isə hələ bundan sonra da müxtəlif cəhətlərdən çözüləcək, təhlillər aparılacaq. Hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. ACF-in yeni rəhbərliyinin öz imtahanı qarşıdakı 3 ildə, Los Anceles-2028-in yekun səviyyəsi ilə ölçüləcək. Demək, nöqsanları aradan qaldırmaq, açıq mühit yaratmaq və ötən nəticəni təkrarlamaq üçün zaman var.



Həmin kateqoriyadan