2 saylı RİOEUGİM-in voleybolçuları “Zirvə” oyunlarında 1-ci yer tutub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda 7-ci “Zirvə” beynəlxalq uşaq oyunları çərçivəsində növbə voleybolçulara çatıb. Allsport.az saytı xəbər verir ki, “Zirvə” liseyinin idman zalında qurulan meydançada qızlar və oğlanlardan ibarət komandalar iki gün ərzində tamaşaçılara böyük bir voleybol bayramı nümayiş etdirdilər.

Qızlarda “Azəri”, “Azerreyl”, 7 N-li İOEUGİM (Xətai rayonu) və 2 saylı RİOEUGİM, oğlanlarda isə “Neftçi”, “Zirvə”, 2 N-li RİOEUGİM, “Lokomotiv” və 1 N-li RİOEUGİŞM (Sumqayıt) dairəvi sistemlə yarışaraq qalibləri müəyyən ediblər.

Qızlarda tanınmış voleybolçumuz, əfsanəvi “Azərreyl” komandasının və milli komandamızın kapitanı olmuş Alla Həsənovanın baş məşqçisi olduğu “Azərreyl” qızıl medal qazanmağı bacarıb. Son turda onlar əsas rəqibləri 2 N-li RİOEUGİM-ə 2:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bürünc medalla “Azəri” komandasına qismət olub.

Oğlanlarda isə 2 N-li RİOEUGİM qələbəni bayram edib. Onlar son turda “Neftçi”li həmkarları üzərində zəfər çalaraq çempion adını qazanıblar. Bürünc medalı isə 1 N-li RİOEUGİŞM (Sumqayıt) əldə edib. Həm qızlar, həm də oğlanlarda mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

Həmin kateqoriyadan