Azərbaycan idmançıları Minsk 2-ci Avropa oyunlarına yola düşüb

Azərbaycan nümayəndə heyəti Minsk 2-ci Avropa oyunlarına yola salınıb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında yolasalmada idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər və KİV iştirak ediblər. Gənclər və idman nazirliyinin idman şöbəsinin müduri Fərid Mansurov da nümayəndə heyəti arasında olub. Dövlət və hökumətimizin idmana qayğısından danışan idmançılarımız Mins-2019-a yüksək həvəslə yollandıqlarını vurğulayıb, bu mötəbər oyunlardan qızıl medalla qayıdacaqlarına söz veriblər. 2-ci Avropa oyunları çərçivəsində 15 növ üzrə medallar uğrunda mübarizə aparılacaq. 8 növdə yarışlar Tokio oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları dərəcəsində keçiriləcək.

Oyunlar zamanı Belarus paytaxtına 4 minə yaxın idmançının, 2 minə yaxın məşqçi və xidmət heyətinin gələcəyi gözlənilir. Onlar Avropanın 50 milli olimpiya komitəsindən olan rəsmi nümayəndə heyətini təmsil edəcəklər. Yarışlar idman üzrə 650 beynəlxalq, həmçinin 410 yerli hakim tərəfindən idarə olunacaq. Minskə xarici KİV-lərin mindən artıq nümayəndəsi, idmanın müxtəlif növləri üzrə Avropa federasiyalarının100-dən çox prezidenti və baş katibi, Avropa ölkələrinin idman nazirlər, EOC-un mənzil-qərargahının 250-dən çox nümayəndəsi və işçisi, Avropa MOK-larının prezidentləri və baş katibləri, Avropa MOK-un 200-dən çox qonağı, həmçinin Avropa dövlətlərinin prezidentləri, baş nazirləri və yüksəkvəzifəli şəxsləri gələcəklər. Tədbirdə 8 minə yaxın könüllü fəaliyyət göstərəcək.

2-ci Avropa oyunları ən iri idman qurğularında, o cümlədən “Dinamo”, “Minsk-arena”, “Çijovka-arena” stadionlarında keçiriləcək. Oyunların Minskdə təşkili və keçirilməsi Avropanın idman həyatında əlamətdar hadisədir. Bu, Belarus Respublikasının etibarını möhkəmlətməyə və olimpiya dəyərlərinin yaxşılaşdırılmasına, sağlam həyat tərzinə, bədən tərbiyəsi və idmanın inkişafına çox böyük diqqət ayıran sosialyönümlü dövlət kimi nüfuzunu təsdiqləməyə imkan verəcək.

Oyunların iştirakçılarının və xarici azarkeşlərin qonaqpərvərliklə qarşılanması və mənzil başına rahat çatması məsələlərində Belarus paytaxtının turizm sahəsi, mehmanxana və nəqliyyat infrastrukturu tam şəkildə cəlb olunub. Bununla əlaqədar nəqliyyat xidmətinin kompleks planı hazırlanır. Planda şəhərin gündəlik tələbatı da nəzərə alınacaq.

Qeyd edək ki, iyunun 21-dən 30-dək idmançılar 200 medal dəsti uğrunda yarışacaqlar. İlk Avropa oyunları 2015-ci il iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtında keçirilib. Qeyri-rəsmi ümumi komanda hesabında medalların dəyərinə görə Rusiya Federasiyası birinci yeri tutub. Rusiyalı idmançılar 164 mükafat, o cümlədən 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar. Azərbaycan komandası 56 mükafat (21 qızıl, 15 gümüş və 20 bürünc) qazanıb və qeyri-rəsmi ümumi komanda hesabında ikinci yeri tutub. Belarus yığması isə 43 mükafatla (10 qızıl, 11 gümüş və 22 bürünc) yeddinci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan