“İdman filmləri və proqramları milli televiziya festivalı”nın münsiflər heyəti təqdim olundu

Yanvarın 10-unda Milli olimpiya komitəsinidə “İdman filmləri və proqramları milli televiziya festivalı” ilə bağlı münsiflər heyətinin təqdimatı və mətbuat konfransı keçirildi. Allsport.az saytı xəbər verir ki, MOK-un təşkil etdiyi tədbirdə əvvəlcə rəsmi tanıtım çarxı təqdim olundu. Festivalın baş prodüseri Avrasiya televiziya və radio akademiyasının akademiki Arzu Qulamov öz çıxışında festivala tərəfdaş qismində qoşulan ictimai və media qurumlarına təşəkkür edərək, festivalda 5 nominasiya üzrə qiymətləndirmə aparılacağını bildirdi.

“Ötən festivala 70 layihə təqdim edilmişdi. İlk seçimlərdən sonra 4 nominasiya üzrə 40 layihə festivalın gündəliyinə salınmışdı. Hər nominasiya üzrə qaliblər mükafatlandırılmışdı. İkinci festivalda qaliblərin seçimində yenilik etməyi düşünürük. Qaliblər “Oskar” sistemi ilə müəyyənləşəcək. Biz iki nominasiyanı qadın idmançılarına həsr etmişik. Bunlar “Zərif qəhrəman”, uşaq və yeniyetmələrlə bağlı “Gələcəyin qalibləri” nominasiyasıdır. Əsas məqsədimiz televiziya kanalları və idman federasiyaları ilə sıx əməkdaşlıq qurmaq, onların təqim etdiyi məhsulları ictimaiyyətə çatdırmaqdır. Artıq layihələri qəbul etməyə başlamışıq. Bu günə qədər festivala 15 yaradıcılıq işi təqdim edilib”.

Sonra festivalın münsiflər heyətinin üzvləri MOK-un vitse-prezidenti Zemfira Meftəheddinova (sədr), Azərbaycan kinematoqrafçılar ittifaqının katibi, rejissor, ssenarist Oleq Səfərəliyev, “Vətən” uşaq yaradıcılıq mərkəzinin təsisçisi Zəhra Quliyeva, “Bakılı oğlanlar” komandasının üzvü, rejissor və prodüser Ənvər Mansurov, Əməkdar jurnalist Xanlar Məmmədov KİV nümayəndələrinə təqdim olundular.

Mətbuat konfransında MOK-un vitse-prezidenti, “İdman filmləri və oroqramları milli televiziya festivalı”nın təşkilat komitəsinin sədri Çingiz Hüseynzadə də iştirak etdi.

Zemfira Meftəhəddinova çıxış edərək, bu layihənin ölkəmizdə idmanın inkişafına, olimpiya hərəkatının təbliğinə böyük töhvələr verəcəyini bildirib. O, qadın idmanına da budəfəki layihədə yer ayrılmasının sevindirici hal olduğunu diqqətə çatdırdı. Münsiflər heyətinin digər nümayəndələri festivalın uğurlu olacağına inandıqlarını bildiriblər. Daha sonra KİV nümayəndələrinin sualları cavanlandırıldı.

Mətbuat konfransında bildirilib ki, ölkəmizdə idmanın və incəsənətin inkişafında əməyi olan tanınmış şəxslərdən ibarət münsiflər heyəti festival çərçivəsində müəyyən olunmuş nominasiyalar üzrə 1-ci yerə layiq olan 3 namizəd işləri seçib, qalibləri müəyyən edəcək.

Eyni zamanda, festivalın rəsmi internet səhifəsində tamaşaçı səsverməsi aparılacaq və onun nəticələri əsasında, ən çox müsbət rəy almış layihə də qiymətləndiriləcək. Mart ayında təntənəli bağlanış mərasimi keçiriləcək. Qaliblərə mükafatlar, bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq.

Həmin kateqoriyadan