Dövlət diasporası Fərid Qayıbova qarşı? Cəbhə böyüyür! Ya seçkidən, ya Paris-2024-dən sonra…

Bu il ölkəmizdə 21 idman növü üzrə 51 beynəlxaq yarış keçiriləcək: basketbolda 4; 3×3 növündə, bədii gimnastika, güləş, boks və sumoda 3; cüdo, idman gimnastikası, şahmat, avarçəkmədə 2; badminton, tamblinq, Çin döyüş növləri, yaycitsu, aykido, kendo, Formula-1, atıcılıq, qrapplinq güləşi və timcimdə 1 turnir olacaq. Demək, gənclər və idman nazirliyinin qərəzli rəhbərliyinin vəzifədən sui-istifadəsi nəticəsində, yenə onların “qara siyahı”larında olan idman jurnalistləri həmin tədbirlərdən də kənar qalacaqlar. Baxmayaraq ki, bu ilin avqustunda “dördiliy”in ən böyük idman bayramı – Paris yay olimpiya oyunları keçiriləcək və istiqamət üzrə təcrübəli yazarların yerində geniş fəaliyyəti, ölkə idmanın uğurlarının daxili və xarici auditoriyaya çatdırılmasında böyük kömək ola bilər.

Amma əks-Azərbaycançılar öz simalarında qalaraq, hər vəchlə qələbələrimizin az təbliğ olunmasına çalışırlar. Yeganə çıxış yolu Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) xətti ilə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) vəsiqəsinə yiyələnmə olsa da, bizdə bu çox müşkül məsələdir. Çünki o qədər də geniş olmayan rəhbərlikdə fikir ayrılığı var və artıq AİJA prezidenti Eldar İsmayılovun sözü eşidilmir, istəyi yerinə yetirilmir. Hazırda əsas güc vitse-prezident Natiq Nəsirovdadır. O, Azərbaycanın diasporla iş üzrə dövlət komitəsinin sədri Fuad Muradovun qeyri-rəsmi köməkçisidir, ən yaxınıdır, idarədə əsas işləri görür və hazırda gənclər və idman nazirliyinə qarşı əks mövqedə çıxış edir. İdman mediasında acınacaqlı və rüsvayçı durumla bağlı bir neçə yüksək səviyyədə görüşlər keçirib; ölkə başçısı İlham Əliyevə ünvanlanan məktubun əsas təşəbbüskarıdır.

İdman naziri Fərid Qayıbov bunu gözləməyib. O, AİJA-nı razı salmaq, olanlardan kənarda qalması üçün, 2022-ci ildən AİPS-in tədbirlərinə səfər (bilet) xərclərinin dövlət hesabına ödənilməsini tapşırıb. Amma görünən odur ki, assosiasiya buna tam qane olmayıb. Kəsəsi, 1-ci vitse-prezident Nərgiz Mahmudova AİPS Avropanın (UEPS) icraiyyə komitəsinin üzvü seçildikdən sonra AİJA-nın əli güclənib və imkanı genişlənib. Üstəlik, Eldar İsmayılov uzun illərdir ki, təşkilatın üzvü olan Fərid Qayıbovun üzvlük haqqını öz cibindən verir. Yəni, oradakılar üzvlük haqqını dövlətin deyil, öz hesablarına ödəməlidirlər.

Natiq Nəsirovun hazırda başlıca hədəfi isə, bacardıqca beynəlxalq qurumlarda mökəmlənməkdir. Bu üzdən, yaxın gələcəkdə AİJA rəhbərliyinin AİPS və UEPS-in icraiyyə komitələrində yeni yer alması heç kəsə təəccüb doğurmasın. Əsas onların öz maraqlarıdır. Ola bilsin, Fərid Qayıbov sonra məcbur qalıb qarşı tərəfə müəyyən səlahiyyət versin və maliyyəsini artırsın. İctimaiyyətə açıqlanmayan görüşlər, müxtəlif instansiyalara şikayət məktubların yazılması daxili auditoriyaya hesablanıb. Əks halda, onlar düzgün istiqamət tutar, allsport.az saytında yazılanlardan nəticə çıxarardılar. Bəllidir ki, bolqar Mariana Vasilyeva naziri çətin durumda qoyur, çıxılmaz məqamlarda arxasında gizlənir.  

Müavin olan gündən sonra ümummilli liderin büstünü bir neçə ay səbəbsiz yerə nazirliyin dəhlizindən götürtdürən, GİN-in həyətində mərhum nazir Azad Rəhimovun tapşırığı ilə hazırladılan iri şərəf lövhəsindən Heydər Əliyevin, İlham Əliyevin, Mehriban Əliyevanın və olimpiya çempionlarının şəkillərini yox edən, bacarıqlı milli kadrları işdən uzaqlaşdıran, idmanı bədən tərbiyəsinə çevirən, olimpiya mükafatçılarını ölkə başçısının sərəncamına qarşı qaldıran, “Gülüstan” sarayında MOK-un 30-illik rəsmi yubiley mərasimə qatılmayan, 31 idman federasiyasının statusunu dayandıran, 2-ci Vətən müharibəsi qaziləri və idman veteranlarını tibbi reablitasiya instutunda dövlət hesabına müalicəsini təmin etməyən və Azərbaycan gimnastika federasiyası ilə bağlı tədbirlərin tanıtımında ermənilərə yer verən birisi ölkə başçısının məktubuna necə müsbət reaksiya verə bilər? Bunu ancaq beynəlxalq müstəvidə həll etmək olar. Ona isə AİJA-nın nə gücü var, nə istəyi nə də imkanı. İndiyədək yalnız bir dəfə jurnalistin çətin durumu ilə bağlı açıq mövqe bildirib. O da həmkarımızın ailə zəmində olan məsələsi idi.

Y.S. İndi bütün ümidlər Allaha, sonra İlham Əliyevədir. Qalib xalqın qalib liderinin gələn ay keçiriləcək prezident seçkisində növbəti dəfə qalib gəlməsi heç kimdə şübhə doğurmur. Xalqın tərkib hissəsi olan idman ictimaiyyəti də hər zaman onun ədalətinə inanıb, sözünü eşidib, qayğıkeşliyini görüb, etibarına güvənib və öz dəstəyini verib. Hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. İdman uğurların imtahan məqamı isə 26 iyul – 11 avqustda qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, Paris yay olimpiya oyunları deyəcək…

Kamran HACI

Həmin kateqoriyadan