“Neftçi” bu ili də uğurla başa vurub! İdman klubu yarışlarda 997 medal qazanıb!

Ölkə başçısı, Milli olimpiya komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində bu gün Azərbaycan idmanı yüksək inkişaf səviyyəsinə çatıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan idmançılarının nüfuzlu beynəlxalq idman yarışlarında qazandıqları nailiyyətlər, həmçinin dünya miqyaslı mötəbər tədbirlərin respublikamızda uğurla keçirilməsi bunun bariz göstəricisidir.

“Neftçi” idman klubu bu sahədə dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edir və 2023-cü ildə də öz işini uğurla davam etdirib. Cari ildə mütəmadi olaraq neft, qaz və kimya sənayesi işçiləri arasında ölkəmizin əlamətdar tarixi və bayram günlərinə həsr olunmuş idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edən klub, həmçinin peşəkar idmançıların yetişdirilməsi işində də uğurla çalışır və Azərbaycan idmanının inkişafına dəyərli töhfələr verir.

Yola saldığımız ildə, klubunun istifadəsində olan 4 idman qurğusunda: Tofiq İsmayılov adına olimpiya təlim-idman kompleksi, Qaradağ təlim-idman bazası, “Məşəl” idman kompleksi və Sumqayıt təlim-idman zalında idmanın 26 növü üzrə bölmələrdə 105 peşəkar məşqçi-müəllimin rəhbərliyi ilə 2000-dən çox yeniyetmə və gənc, eləcə də yüzlərlə neftçi idmanla məşğul olub.

2023-cü ildə “Neftçi”nin fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə təmənnasız bədən tərbiyəsi və idman xidmətləri göstərilib. Klub tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol, qadınlar və kişilər arasında voleybol, səmti müəyyənetmə, üzgüçülük, stolüstü tennis turnirləri təşkil olunub. Bundan əlavə, 8 mart – Beynəlxalq qadınlar gününə həsr olunmuş dama, 1 iyun – Uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş «Atam, anam və mən» turizm, 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş şahmat üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri keçirilib ki, bu yarışlarda yüzlərlə neftçi iştirak edib.

Keçirilən yarışların nəticələrinə əsasən SOCAR-ın müxtəlif idman növləri üzrə yığma komandalarının heyəti müəyyən olunub, həmin komandalar il ərzində dövlət qurumları arasında təşkil olunan müxtəlif turnirlərdə böyük nailiyyətlər əldə ediblər.

İl ərzində böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlar qazanılıb. 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər – şahmat, boks, yunan-Roma güləşi, sərbəst güləş, akrobatika, budo, cüdo və qılıncoynatma idman növləri üzrə “Neftçi” idman klubunun açıq birincilikləri təşkil olunub.

2023-cü il ərzində klubun təmsilçiləri yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa, dünya çempionatlarında, həmçinin digər nüfuzlu beynəlxalq turnirlərdə, respublika və paytaxt miqyaslı yarışlarda, digər idman klubları və mərkəzlərinin açıq birinciliklərində yüksək nəticələr əldə ediblər. Ümumilikdə bu yarışlarda 997 medala sahib olan idmançılarımızın 347-si qızıl, 277-si gümüş, 373-ü isə bürünc medala layiq görülüb.

2023-cü ildə ən böyük uğura klubun güləşçiləri və cüdoçuları imza atıblar, dünya və Avropa çempionatlarında böyük əzmkarlıq göstərərək tarixi nailiyyətlər qazanıblar.

“Neftçi” idman klubunun üzvləri, həmçinin boks, muay-tay, karate, güllə atıcılığı, şahmat, ağırlıqqaldırma yarışlarında yüksək nəticələrə imza atıblar. İl ərzində  paralimpiyaçılarımız da üzgüçülük, cüdo, para güllə atıcılığı, parataekvondo yarışlarında uğurla çıxış ediblər. Gənclər və idman nazirliyi tərəfindən keçirilən 2023-cü ilin idman yekunlarına həsr olunmuş “İlin idman yekunları” ilə bağlı tədbirində klubun idmançıları müxtəlif nominasiyalar üzrə ilin qalibləri elan ediliblər.

Həmin kateqoriyadan