Cavid Qurbanov: Biz idman ölkəsiyik, Avropa çempionatına da yüksək səviyyədə təşkil edəcəyik

Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov Avropa Voleybol Konfederasiyasının (CEV) vitse-prezidenti Özqan Mutligil ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, paytaxtda keçirilən toplantıda Azərbaycan və Gürcüstanın qadın voleybolçular arasında birgə təşkil edəcəyi Avropa çempionatı müzakirə olunub.

Oyunları qəbul edəcək Göygöldə Olimpiya İdman Kompleksində, ardınca Milli Gimnastika Arenasında olan qonaq hazırlıq işlərindən razı qaldığını vurğulayıb. O, CEV adından AVF-ə təşəkkür də edib: “İlk olaraq CEV adından sizə təşəkkür etmək isdəyirəm. Azərbaycan böyük bir yarışa ev sahibliyi edəcək. Sizin çox güclü komandanız var elə yeri gəlmişkən sizləri qazandığınız uğurlar münasibəti ilə təbrik edirəm.

Artıq Avropa çempionatına az vaxt qalıb. Qeyd edim ki, Avropa çempionatı 70 ölkəyə yayımlanacaqdır. Bu Azərbaycan üçün böyük reklamdır. Avropa Voleybol Konfederasiyası Azərbaycanda Avropa çempionatı öncəsi oyun arenalarında yoxlama oyunları keçirməyi nəzərdə tutur. Bu test oyunu həm sizin, həm də bizim üçün çox vacibdir”.

Görüşdə çıxış edən Cavid Qurbanov bildirib ki, sözü gedən yarışı yüksək səviyyədə təşkil etmək üçün çalışırlar: “Biz, Voleybol federasiyası olaraq, çalışırıq ki, Avropa çempionatına yüksək səviyyədə hazırlaşaq. Bildiyiniz kimi Azərbaycan böyük yarışlara yüksək səviyyədə ev sahibliyi edib və etməkdədir. Voleybol Azərbaycan populyar idman növlərindən biridir. Əlimizdən gələn hər şeyi edəcəyik ki, həm komandalar, həm də qonaqlar bizdən razi qalsınlar”.

Görüşün sonunda test oyunlarının keçirilmə tarixləri də dəqiqləşib. Matçlar iyulun 22-də Bakıda, 25-də Göygöldə olacaq. Qeyd edək ki, 16 komandanın qatılacağı Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup – biri Göygöldə, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.

Həmin kateqoriyadan