FEI-nin şərəfinə “Dağüstü Park Cafe”də kokteyl-gecə

Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının iştirakçılarının şərəfinə “Dağüstü Park Cafe”də xüsusi kokteyl-gecə təşkil edib. Allsport.az saytı xəbər verir ki, şənliyə ARAF prezidenti Elçin Quliyev, FEI-in prezidenti xanım Haya Bint əl-Hüseyn, milli federasiyaların nümayəndələri və fəxri qonaqlar qatılıblar. Qonaqlara Azərbaycan mətbəxinin nəfis təamları, o cümlədən milli şirniyyatları təqdim edilib.

Bu axşam “Buta Palace”da FEI və ARAF tərəfindən tədbirin qala-gecəsi birgə təşkil olunacaq. Gecədə ilin ən yaxşı idmançısı, məşqçisi, mehtəri, komandası, gənc idmançısı və s. kimi nominasiyalar üzrə təltifetmə mərasimi keçiriləcək. Dekabrın 11-14-də Bakıda təşkil olunmuş toplantıda 350-dən çox nümayəndəsi və 110 ölkədən fəxri qonaq iştirak edib. Bu, indiyədək keçirilmiş Baş assambleyalar tarixində rekord göstəricidir.

FEI-nin Baş Assambleyasının iclası dünyada atçılıq idmanı sahəsində mühüm hadisələrdəndir. Hər il müxtəlif şəhərlərdə keçirilən tədbir bu il ilk dəfə Bakıda təşkil olunur. Bütün atçılıq milli federasiyalarının nümayəndələrinin toplaşdıqları forumda atçılıq idmanı qaydalarının inkişafının ən əhəmiyyətli məsələləri, maliyyələşmə problemləri, idarəetmə məsələləri və s. müzakirə edilir, qərarlar qəbul olunur.

Baş Asambleya çərçivəsində ARAF tərəfindən Bakıda “Mangal Steak House” restoranında FEI-nin Baş Assambleyası iştirakçılarının şərəfinə “Azərbaycana xoş gəlmişsiniz!” adlı qala-ziyafət təşkil olunub. Bayram gecəsinin qonaqlarına Azərbaycan milli mətbəxinin nəfis təamları təqdim edilib. Gecədə xalq musiqisi, muğam və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı keçirilib.

Qonaqların Bakı şəhəri ilə yaxından tanış olması üçün şəhər turları da təşkil olunub. Gəzintilər Xalça Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev Mərkəzini və Qala Tarixi Muzey Kompleksini əhatə edib.

Həmin kateqoriyadan