Bakı-2022 dünya kubokunda ilk günün nəticələri bilinib

Bakı atıcılıq mərkəzində güllə atıcılığı üzrə dünya kuboku başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışın 1-ci günündə 10 metr məsafəyə tüfəng, pnevmatik tapançadan atəşaçma üzrə kişilər və qadınlar seçmə mərhələdə iştirak ediblər. İyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növ üzrə mübarizə aparacaq. Turnirdə qarışıq komanda, komanda və şəxsi yarışlar keçirilir. Azərbaycanı dünya kubokunda 36 idmançı təmsil edir. Onlardan 17-si kişi, 19-u qadındır.

Yarışın açılışında çıxış edən gənclər və idman nazirinin müavini Mariana Vasileva iştirakçıları, həmçinin xarici ölkələrdən gələn qonaqları salamlayıb və belə bir tədbirin Bakıda keçirilməsindən qürur duyduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu gün Azərbaycanda ən əlamətdar günlərdən biridir. Xalqımız 28 may – Respublika gününü qeyd edir.
Həmin gün olimpiya çempionumuz Zemfira Meftəhəddinovanın doğum günü olduğunu bildirən nazir müavini, onu bu münasibətlə təbrik edib.

Atıcılıq federasiyasının baş katibi Emin Cəfərov, Azərbaycanda bu nüfuzlu turnirin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanların yaradıldığını bildirib: “Ölkəmizdə çox nüfuzlu tədbirlər və yarışlar yüksək səviyyədə keçirilir. Əminik ki, dünya kuboku yarışı da yüksək səviyyədə baş tutacaq və idmançılar öz potensiallarından maksimum istifadə edə biləcəklər”.

Beynəlxalq idman atıcılığı federasiyasının prezidenti Vladimir Lisin çıxışında bildirib ki, Azərbaycan bu yarışa lazımi səviyyədə hazırlaşıb və təşkilatçılıq ən yüksək formadadır. O, Azərbaycan prezidenti İlham Əliyevin idmana və atıcılığa göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib. “Azərbaycan gənclər və idman nazirliyinə və atıcılıq federasiyasına yüksək təşkilatçılıq üçün təşəkkür etmək istəyirəm. Beynəlxalq idman atıcılığı federasiyası olaraq atıcılıq idmanının inkişafına, daha da tərəqqi etməsinə bundan sonra da dəstəyimizi göstərəcəyik”.

10 m-lik tüfəng atıcılığında yarımfinallara keçən komandalar müəyyənləşib. Qadınlar arasında yarışda 96 nəfər iştirak edib. Macarıstan, Fransa, Polşa, Danimarka, Fransa, Rumıniya və Koreyadan ümumilikdə 8 nəfər (Polşadan 2 nəfər) yarımfinala vəsiqə qazanıb. Ən yüksək xalı Macarıstan nümayəndəsi toplayıb.

Tüfəng atıcılığı növündə 78 kişi mübarizə aparıb. Serbiya, Qazaxıstan, İsrail, Hindistan, Macarıstan, Avstriya, Polşa, Xorvatiya atletləri yarımfinala keçib. Kişilər arasında ən yüksək nəticəni Serbiya nümayəndəsi nümayiş etdirib.

Azərbaycanı bu növdə 3 kişi, 4 qadın təmsil edib.

Həmin kateqoriyadan