Kamandar Məcidov: Çalışmaq lazımdır millidə öz güləşçilərimiz olsun

Dağıstan Respublikasının Kaspiysk şəhərində Avropa çempionatı keçirilir. Qitənin ən mötəbər yarışını izləyənlər arasında olimpiya, dünya və avropa çempionu Kamandar Məcidov da var. O, ötən il Belarus Güləş Federasiyasının prezidenti seçilib. Uzun illər baş məşqçi olan həmyerlimiz, indi rəhbər olaraq bu ölkənin uğurları üçün çalışır. Onunla söhbətim mətbuat otağında baş tutdu. Allsport.az saytına müsahibəsində Belarus yığmanın çıxışını dəyərləndirdi və Azərbaycan güləşində ümumi duruma qiymət verdi:

– Yunan-Poma güləşindən çox medal gözləyirdim. Amma onlar ümidləri doğrultmadılar. Qızlarımız isə əksinə, yaxşı çıxış etdilər. Komanda hesabında 2-ci olduq. «Sərbəstlər» də normal güləşdilər.

Sizcə, çatışmayan sahələrdə vəziyyəti düzəltmək üçün etmək lazımdır?
– Hər şeyə aşağıdan başlamaq lazımdır. Məktəblərdə məşqçilər yaxşı işləməlidirlər. Yağmaya güləşçilər hazır gəlməlidirlər. Yarı hazır olanda, gərək onların üzərində hərtərəfli çalışasan. Belədə, vaxt gedir. Hamı tez nəticə istəyir. Bu işlər qısa müddətə düzələn deyil.

Yəqin ki, Azərbaycan güləşçilərinin çıxışlarını da izləyirsiniz.
– Təbii, qələbə olanda dostlarımı təbrik edirəm. Namiq Abdullayev, Aslan Ağayev, Rövşən Umudov – hamısı ilə eyni dövrdə güləşmişəm. Tez-tez zəngləşirik. Federasiyada məlum vəziyyətdən dolayı Azərbaycan komandaları çıxışı yaxşıdır. Kənarda elə bilirdilər, hər şey dağılacaq. Amma təməl möhkəmdir. Belə olan halda, tez toparlanmaq olur. Əminəm ki, dövlət də dəstəyini verəcək və güləş əvvəlki yaxşı günlərinə qayıdacaq. Çünki güləş milli idman növümüzdür.

Güləş federasiyasının rəhbərliyində dəyişiklik oldu. Bu barədə söyləyə bilərsiniz?
– Firdovsi Umudov yeni gəlib. Nə deyə bilərəm? O da mənim kimi uzun müddət məşqçi işləyib. İstəyir ki, hər şey yaxşı olsun. Təzə gələnin arzusu qısa zamanda müəyyən nəticə göstərməkdir. Çalışmaq lazımdır millidə öz güləşçilərimiz olsun. Legionçular da olar, amma qədərində. Yunan-Romada özümüzkülərdir. Görürsən ki, güləşə bilirlər. Niyə bu sərbəst güləşdə də olmasın. Rio olimpiadasında yerli idmançılar xoşuma gəldi. Bayaq qeyd etdiyim kimi, hər şey aşağıdan, məktəblərdən başlayır. Qadınlarda da inkişaf var. Artıq 2-3 perspektivli azərbaycanlı qız güləşçi var. Firdovsiyə yaşıl işıq yanır. Onun işlədiyi məşqçilərdən çox şey asılıdır.

Söhbətləşdi: Kamran HACI
Kaspiysk, Dağıstan

Həmin kateqoriyadan