Paytaxtımızda FEİ-nin də Baş Assambleyası keçiriləcək

Beynəlxalq Atçılıq Federasiyası öz ali orqanı olan Baş Assambleyanın illik iclasının dekabrın 11-dən 14-dək Bakıda keçirilməsi barədə qərar qəbul edib. Allsport.az saytı xəbər verir ki, mövcud təcrübəyə əsasən növbəti il üçün bu toplantının təşkil olunacağı şəhər və tarixlər FEİ-nin idarə heyətinin üzvləri tərəfindən müəyyən olunur. Ötən ilin noyabrında İsveçrənin Montrö şəhərində yığıncaq ərəfəsində ARAF-in təqdimatı bəyənilib və şəhərimiz bu cür möhtəşəm tədbirə ev sahibliyi etmək hüququnu qazanıb.

Tədbirdə iştirak etmək üçün Beynəlxalq Atçılıq Federasiyasının prezidenti ülyahəzrətləri Haya Bint Əl Hüseyn və bu sahədə digər tanınmış nümayəndələrin ölkəmizə səfəri nəzərdə tutulub. Baş Assambleyanın iclasında federasiyanın yeni prezidentinin seçiləcəyi ilə əlaqədar tədbir beynəlxalq atçılıq ictimaiyyətinin diqqət mərkəzində olacaq.

Hazırda bu vəzifəyə belçikalı İnqmar De Vos, fransalı Pier Durand, isveçrəli Pier Genesand, danimarkalı Ulf Helqstrand, britaniyalı Con Mak İven və ispaniyalı Xavier Revuelta Del Peralın namizədlikləri irəli sürülüb. Namizədlərdən britaniyalı Con Mak İven FEİ-nin vitse-prezidenti, İnqmar De Vos isə hazırki baş katibidir.

İclasda iştirak üçün 350-dən çox nümayəndə qeydiyyatdan keçib. Bu, indiyədək keçirilmiş Baş assambleyalar tarixində rekord göstəricidir. Dekabrın 14-də “Buta Palace”da FEİ  və ARAF tərəfindən tədbirin qala gecəsi təşkil olunacaq. Gecədə ilin ən yaxşı idmançısı, məşqçisi, mehtəri, komandası, gənc idmançısı və s. nominasiyalar üzrə mükafatlar təqdim ediləcək.

Qonaqların Bakı şəhəri ilə yaxından tanış olmaları məqsədi ilə dekabrın 11-də, 12-də və 13-də şəhər turları təşkil olunacaq. Xatırladaq ki, öyən ay payraxtımızda Avropa Olimpiya Komitəsinin də Baş Assambleyası keçirilmişdi.

Həmin kateqoriyadan