“Əlimizə düşən fürsətlərdən istifadə etdik”

“Yaxşı, gərgin və maraqlı oyunun şahidi olduq. Matça üstün başladıq. Çalışdıq daha üstün oynayaq”. Allsport.az saytı xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov premyer liqanın 9-cu turunda “Keşlə” üzərində 2:0 qələbəni şərh edərkən deyib. Onun sözünə görə, komandası düşən fürsətləri lazımınca dəyərləndirib:

“Əlimizə düşən fürsətlərdən istifadə etdik, vacib qollar vurduq. Çalışdıq oyunumuzu “soyutmayaq”, davam edək. “Keşlə” də bəzi anlarda təhlükəli hücumlar qururdu. Rəqib fasilədən sonra sistem dəyişikliyi elədi, 2-ci hissəyə fəal başlayacaqlarını gözləyirdik. Hesabda geridə idilər, hücumda çoxalacaqlarını bilirdik.

İlk 10-15 dəqiqə də “Keşlə”nin üstünlüyü şəraitində keçdi. Amma daha sonra yenə öz oyunumuzu göstərdik, fərqi artırıb, oyunu bitirmək istədik. Düzdür, bu dəfə imkanlardan istifadə edə bilmədik. Amma komandamdan razıyam. Yaxşı oyunlarımızdan birini keçirdik. Artıq növbəti tura hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan