AFFA premyer liqa klublarını cərimələdi

AFFA premyer liqa klublarını cərimələdi

AFFA intizam komitəsinin iclası keçirilib.

Allsport.az xəbər verir ki, iclasda premyer liqanın XXI turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Kəpəz” – “Sabah” oyununun 63-cü dəqiqəsində qonaqların futbolçusu İqor Noqeyra ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimə edilib (maddə 36.5.

“Şamaxı” “Neftçi” ilə səfər oyununda 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib (maddə 37).

“Turan Tovuz” – “Səbail” oyununun 45-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Kauan Martins rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub isə 1000 manat cərimə olunub (maddə 41). Eyni oyunun 45+3-cü dəqiqəsində “Turan Tovuz” klubunun məşqçisi Ruslan Abışov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, komandası 1500 manat cərimə edilib. Ona 3 ay sınaq müddəti təyin edilib (maddə 42.3, 32).

“Turan Tovuz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 1000 manat cərimə edilib (maddə 43.7).

“Araz-Naxçıvan” “Sumqayıt”la səfər oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib (maddə 37).

“Zirə – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə meydan sahibi 800 manat cərimə edilib (maddə 51.2).

Həmin kateqoriyadan