“Bilməyən”dən növbəti bilməməzliklər. Görəsən, nazir nəyi düz bilir və hansı yaşı gənc sayır?

Başına əfsanə düşdüyü zaman
Allah qorxusunu unutma bir an.
Öz adına layiq işlər gör ki, sən
Axırda utanma xəcalətindən.

Nə hiyləgər, nə də vicdanı dar ol,
Hal bilən, hal duyan bir sənətkar ol.
Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Məndən söyləməkdir, səndən eşitmək:
Bir insan əliboş gəzməsin gərək.

Gənclər və idman naziri Fərid Qayıbov dünən azərtac.az-a açıqlama verib. Həmkarımızla söhbətdə o, 14 avqust – 1 sentyabr tarixlərində Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının yekunlarından danışıb. Dövlət rəsmisi yenə ötən uğurları hesaba almayıb. Görünür, təyin olunduğu bu 3 ildə hələ də nazirliyin nə olduğunu bilmir, futbolun gələləcəyi haqqında dəqiq nəsə deyəməyə çətinlik çəkir; statistikanı öyrənməyib və olimpiya oyunlarında uğurları yadda saxlamayıb. Sitat:

“Dünya çempionatında həm güllə, həm də stend atıcılığı üzrə yarışlar keçirildi. Bu format dörd ildən bir baş tutur. Yarışda 1200-dən çox idmançı qüvvəsini sınadı. Təşkilatçılıq yüksək səviyyədə idi. Ümumiyyətlə, atıcılıq federasiyası son iki ildə xeyli irəliləyişə nail olub.
İstərdik ki, bundan sonra uğurlu nəticələrimizin sayı daha da artsın. Əvvəllər bu idman növündə nəticələrimiz aşağı idi. Lakin hazırda gənc idmançılarımız bizi öz uğurları ilə sevindirməyi bacarırlar. Səbirli olmalıyıq. İnanıram ki, bu idman növündə çox yaxşı nəticələrimiz olacaq”.

Əvvəllər bu idman növündə (yəqin ki, güllə atıcılığını nəzərədə tutur) nəticələr necə aşağı ola bilərdi ki, Afina-2004 olimpiadasında İradə Aşumova 3-cü yer tutub. “Dördilik”dən yüksək dərəcəli mübarizə meydanı varmı? Üstəlik, o, 1998-ci ildə İspaniyanın Barselona, 2002-ci ildə Finlandiyanın Lahti şəhərlərində təşkil olunan dünya çempionatlarında gümüş medal qazanıb. Bu 2 uğur da 25 metr məsafəyə tapançadan atəş açmada olub. Demək, olimpiya proqramına daxildir.  Çox keçmişə getsəm, adı çəkilən idmançımız eyni nailiyyətə 1985-ci ildə Mexikoda da nail olub. İradə Aşumovanın oğlu Ruslan Lunyov Bakı-2017 İslam oyunlarında 5 qızıl medala yiyələnib, 2019-cu ildə İtaliyada (Bolonya) Avropa çempionatında 1-ci yer tutub.

Azərbaycan atıcılıq məktəbinin yetirməsi Albert Udaçin, SSRİ komandasının tərkibində 1966-cı ildə Qahirədə dünya çempionatında tapançadan 25 metr məsafəyə atəş açmada qızıl medal qazanıb. O, Avropa çempionatlarında da məharətini göstərib: Budapeşt-1961-də 1 qızıl və 1 gümüş mükafata sahib çıxıb, Stokholm-1963-də 1-ci yerə yüksəlib.   

Stend atıcılığına gəlincə, burada uğurlarımız saysız-hesabsızdır. Qısa olaraq onu xatırladım ki, Zemfira Meftəhəddinova Sidney-2000 olimpiya oyunlarında qızıl, Afina-2004-də bürünc mükafata yiyələnib. Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanma mərasimində mən də vardım. O zaman siz Azərbaycan gimnastika federasiyasında hələ təzə-təzə, idman və logistika üzrə menecer olaraq çalışırdınız. Ölkənin 3-cü ən tutullu (Namiq Abdullayev – 1, Toğrul Əsgərov – 2) idmançısı 1995-ci ildə Kiprdə və 2001-ci ildə Misirdə dünya çempionatlarında, 1986-cı ildə Mentekatini, 1987-ci ildə Lahti, 1988-ci ildə İstanbul, 1990-cı ildə Uddevala, 1997-ci ildə Sipo, 1993 və 2003-cü illərdə Brnoda qitənin ən güclülərinin yarışlarında qızıl medallara yetişib. Bu sınaqlarda “gümüş” və “bürünc”ləri də var.

Azərbaycan məktəbinin 2 yetirməsi – Valeri Timoxin 1995-ci ildə Nikosiyada dünya çempionatında 2-ci olub. 1984-cü ildə Saraqosada gümüş, 1983-cü ildə Buxarest və 1987-ci ildə Lahtidə qitə çempionatlarında bürünc mükafata sahib çıxıb; Natalya Kuzmenko 1982-ci ildə Montekatini və 1984-cü ildə Saraqosada qitə çempionatında SSRİ komandasının heyətində 1-ci, 1980-ci ildə İspaniyada 2-ci yer tutub.

Anlayıram, sizdə idmanda hesablama tarixi 2021-ci ilin 7 sentyabrından başlayır. Bu üzdən nazirliyin dəhlizində 2 sələfiniz – Əbülfəs Qarayevlə rəhmətlik Azad Rəhimovun şəkillərini götürtdüz, yerinə ancaq özünüzkünü yerləşdirtdiniz. Ona da inanıram ki, Azərbaycanın keçmiş uğurlarına kölgə salmaq fikriniz yoxdur.

Yeri gəlmişkən, paytaxtda keçirilən dünya çempionatında qeyri-olimpiya proqramında 25 metr məsafəyə tapançadan mərkəzə atəş açmada Nigar Nəsirova (16.09.1987) qızıl, Nərminə Səmədova (04.12.1996) gümüş medal qazanıb. Bu atıçılarla yanaşı, Zeynəb Sultanova (12.11.2003) 25 metr məsafəyə tapançadan standart atəş açmada komanda yarışında 2-ci yer tutublar. Nəticələrlə bağlı açıqlamasında nazir, “hazırda gənc idmançılarımız bizi öz uğurları ilə sevindirməyi bacarırlar” deyib. Adı ilk çəkilən idmançının 36, digərinin 27 yaşı var. Fərqlənənlər içində tək Zeynəb gənc sayılır: 20 yaş. Belə olan halda, hansı gənclərdən söhbət gedə bilər? 

Fərid Qayıbovun avqustun 5-ində azərtac.az-a verdiyi digər açıqlamasında, onun adından xatırladılıb ki, Zöhrə Ağamirova ölkəmizi olimpiadada təmsil edən ilk bədii gimnast olub. Halbuki ölkəmizi indiyədək olimpiya oyunlarında kifayət qədər bədii gimnast təmsil edib: Aliyə Qarayeva, Dinarə Gimatova, Anna Qurbanova, Marina Durunda. Əgər söhbət sırf azərbaycanlılardan və bizim məktəbin yetirmələrindən gedirsə, qrup hərəkətləri komandasında Vəfa Hüseynova (Pekin-2008), Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva və Zeynəb Hümmətovanı (Tokio-2020) nümunə göstərmək olar.

Y.S. Yazını əvvəlini Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasından misralarla başladım, Seyid Əzim Şirvaninin bir kəlamı ilə bitirmək istəyirəm: “Kişi bir sənəti bilər xalis, çoxuna meyl edən qalar naqis”.

Kamran HACI

Həmin kateqoriyadan