Hafiz Məmmədov 600 min manat vergi borcunu ödəyib

“Bakı” klubunun keçmiş sahibi Hafiz Məmmədov 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib. Allsport.az saytı xəbər verir ki, bu barədə dövlət vergi xidmətindən məlumat verilib.

Məşhur iş adamı barəsində bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış 1.465.200 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət məcəlləsinin 213.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Yasamal rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hafiz Məmmədov istintaqda ona qarşı irəli sürülmüş ittihamı qəbul edib, 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib, qalan borcun 1 həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürülməsi barədə iltizam verib. Göstərilənləri nəzərə alaraq, Yasamal rayon məhkəməsi 31 yanvar tarixində onun vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətini təmin edib.

Həmin kateqoriyadan