“Qərbi Azərbaycan kuboku”nu hansı klub qazandı?

İyunun 25-də Qərbi Azərbaycan icmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycan kuboku” minifutbol turnirinin bağlanışı və mükafatlandırması olub. Allsport.az saytı xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, icma üzvləri və gənclər iştirak ediblər.

Öncə ümummilli liderin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, ardınca dövlət himni səsləndirilib.

Sonra, 26 İyun – Silahlı qüvvələr gününə həsr olunan final matçında “Loru” və “Amasiya” komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada əsas hissə 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə 4:3 hesabı ilə “Loru” komandası çempionatın qalibi adını qazanıb.

Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 18 komandanın iştirak etdiyi turnirin keçirilməsində məqsəd Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşmasına dəstək verməkdir.

Turnirdə 18 komanda iştirak edib: “Axta”, “Allahverdi, “Amasiya”, “Basarkeçər”, “Böyük Qarakilsə”, “Barana”, “Çəmbərək”, “Qafan”, “Gorus”, “Keşişkənd”, “Karvansaray”, “Loru mahalı”, “Hamamlı”, “İrəvan”, “Paşalı”, “Vedi”, “Sərdarabad” və “Zəngibasar”.

Həmin kateqoriyadan