Qurban Qurbanov: “Bəzi məğlubiyyətlərin bizə faydası olur”

“Gözlədiyimiz gün gəlib çatdı. Seriya qırılmalı idi. Əfsuslar olsun ki, belə oyunla məğlub olduq. Futbolçulara deyiləcək sözüm yoxdur. Şəraiti hamımız gördük. Amma şərtlər hamı üçün eyni idi. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Topu idarə edə bilmiriksə, futbolçulardan yaxşı oyun da gözləyə bilmərəm. Bəzi məğlubiyyətlərin bizə faydası olur. Qarşıdakı matçlara hazırlaşacağıq”.

Allsport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, premyer liqanın 8-ci turunda səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis hava şəraiti və qazonun əlverişli olmadığını bildirib: “Çox səbəb axtarmaq olar. Fiziki və psixoloji yorğunluq var. Məni daha çox şan-şöhrətdən sonra uduzmaq narahat edir. Uğurlu oyunlar bizi yoldan çıxara bilər. Komandadan çox danışılırdı. Məni narahat edən bu idi”.

Təcrübəli mütəxəssis məğlubiyyətə görə futbolçulara cəza verilməyəcəyini söyləyib: “Hamısına dedim ki, qarşıdakı matça hazırlaşmalıyıq. Hansı əziyyətləri çəkdiklərini mən görürəm. Daha yaxşı meydança, daha yaxşı şərtlərdə pis oynasaydıq, onlardan başqa şey tələb edərdim”.

Həmin kateqoriyadan