ÖZƏL
Azərbaycanda otüstü hokkey buraxıldı!

Ölkəmizdə otüstü hokkey buraxılıb. Bu barədə allsport.az saytına məlumat daxil olub. Bildirilib ki, federasiya milli komandanın məşqçiləri və oyunçuları ilə vidalaşıb. AzHF-də yalnız 10-a yaxın əməkdaş saxlanılıb.
Bəzi otustu hokkeyçilər bazada məşq etsələr də, onlar artıq məvacib almırlar. Təqvimə əsasən, gələn ay ölkə çempionatı keçirilməsi nəzərdə tutulsa da, cox güman, bu baş tutmayacaq. Çünki yığma komanda tamamilə buraxılıb. Yüksək dəstənin əsas özəyini isə, elə onlar təşkil edirdilər.

Ehtimala görə, xoşagəlməz vəziyyət müvəqqətidir. Amma durumun nə vaxt düzələcəyi bəlli deyil. Mülahizəyə əsasən, Rio-2016-dan sonra bərpa məsələyə yenidən baxılacaq. Amma bu zaman ərzində Azərbaycan ötüstü hokkeyinin hansı cəzalarla üzləşəcəyi naməlumdur.
2 dəfə (2008, 2012) olimpiya oyunlarına lisenziyanın bir addımlığında dayanan qadın komandamız, bu dəfə də hədəfə yaxın idi. Adil Paşayevin rəhbərlik etdiyi kollektiv cari ilin iyununda Belçikanın Antverpen şəhərində keçirilən həlledici mərhələyə çıxmışdı. Amma o zaman millimiz Dünya Hokkey Liqasının 3-cü mərhələsinə göndərilmədi. Belədə, Rio-2016 xəyallarının da üstündən birdəfəlik xətt çəkildi. Hərçənd yığmamızın üstündə qara bulud təhlükəsi qalırdı.

Əvvəlki yazımızda xəbər verdiyimiz kimi, 18-26 iyulda Praqa təşkil olunan Avropa çempionatına hər 2 komandanın ezam olunmaması söz-söhbəti dolaşırdı. Mülahizəyə görə, maliyyə çətinliyi vardı. Gənclər və İdman Nazirliyinin illik vahid təqvim planında bu səfəri təmin edən, yəni məsuliyyət daşıyan 3 təşkilat göstərilmişdi: AHF, GİN və AzHF. Azərbaycan otüstü hokkeyi adı çəkilən yarışda təmsil olunmayacağı halda, beynəlxalq qurumun cəzası ilə üzləşəcəkdi. Başqa sözlə, komandalarımız müəyyən müddətə beynəlxalq arenalarda iştirakdan məhrum olunacaq, yüksək məbləğdə cərimələnəcək və yığdığımız reytinq silinəcəkdi. Sevindirici haldır ki, bizim qabartdığımız məsələ sonda həllini tapdı: hər 2 komandamız qitə çempionatında iştirak etdi.

Nəticəyə gəlincə, qızlarımız iki ildən bir keçirilən mötəbər yarışın 8 ən güclü komandası sırasına düşməyə yaxın olublar. Digər qrupda 2-ci yer tutan ev sahibələri ilə görüşdə, hakimlərin əməyi sayəsində oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb; millimiz “Trofi” divizionunda yerini qoruyub. Elə kişi komandamız da 5-ci olmaqla bu dəstədə mövqeyini mühafizə edib.

FİH-in saytında yerləşdirilən açıq reytinq sıralamasında qadınlardan ibarət yığmamız 591 xalla dünya sıralamasında 19-cu, kişilərimiz 27-cidir (335). Bu, digər top komanda idman növlərimizlə müqayisədə çox yüksək göstəricidir! Amma, hələlik. Çünki komandalarımız beynəlxalq yarışlara qatılmayacağı təqdirdə, böyük ehtimalla, mövcud olduqları mövqeni xeyli itirəcəklər.

Bəli, durum ürəkaçan deyil. Hətta AzHF-in rəsmi saytı da çalışmır. Nəzərdən qaçırmayaq ki, ölkə klub idmanı tarixində ilk dəfə Avropa Çempionlar Liqasının finalına çıxan məhs qadın otüstü hokkyeçilərdən ibarət «Atasport» olub. Üstəlik, 2002-ci ildə Litvanın Şaulyay şəhərində keçirilən Avropa çempionatının seçmə yarışında qadınlardan ibarət millimiz final mərhələsinə adlamaqla, top komandada ilk ediblər. Atalarımız, Pis günün ömrü az olar deyib. İnanırıq ki, otüstü hokkeyimizə yeni nəfəs veriləcək və bu idman növü öz keçmiş qüdrətinə qayıdacaq.

Həmin kateqoriyadan