Tarixin uğurun müəllifləri kimlərdir?

Bu il, 1996-cı ildən etibarən müstəqil olaraq olimpya oyunlarında təmsil olunan ölkəmiz adına artıq bir ilk yaşanacaq. Allsport.az saytı xəbər verir ki, qarşıdan gələn Paris Olimpiadasında ölkəmiz ilk dəfə olaraq komanda idman növündə təmsil olunacaq. Bu tarixi uğuru isə reallaşdıran, 3×3 basketbol üzrə qadınlardan ibarət milli komandamızdır. Qızlarımız bu tarixi zəfəri, 14 apreldə Honkonqda əldə etdilər. Dina Ulyanova, Aleksandra Mollenhauer, Tiffani HeysMersedes Volkerdən ibarət millimiz, Paris-2024 yolunda qazanılan bu qələbənin əsas memarlarıdırlar. Gəlin millimizin üzvləri ilə daha yaxından tanış olaq.

34 yaşlı Dina Ulyanova bakılıdır. O Bakıda doğulub və Azərbaycanda basketbol oynamağa başlayıb. Daha sonra karyerasını klub səviyyəsində Rusiyada davam etdirən Dina, hal-hazırda isə millimizlə yanaşı, “Neftçi” klubununda üzvüdür.

25 yaşlı Aleksandra Mollenhauer 5 yaşından Bakıda yaşayır. Valideynləri işlə əlaqədar ABŞ-dan Azərbaycana köçüblər və indi də burada işləyirlər. Aleksandra Azərbaycan basketbol məktəbinin yetirməsidir. İndi o, İspaniyanın “Estudyantes” klubunda oynayır. Onun atası Skott Mollenhauer əvvəllər Azərbaycan klublarında oynamış keçmiş basketbolçu, indi isə qadınlardan ibarət əsas yığmanın köməkçi məşqçisidir.

34 yaşlı Tiffani Heys və 37 yaşlı Mersedes Volker vətəndaşlıq almış amerikalılardır. Onlar 2015-ci il Avropa Oyunlarından Azərbaycan millisində çıxış edirlər.

Ulyanova, Mollenhauer və Volker 2017-ci ildə Bakıda keçirilən İslam həmrəyliyi oyunlarının qalibi olmuş Azərbaycan millisinin heyətində olublar. Ulyanova, Mollenhauer və Heys isə, 2022-ci ildə Türkiyənin Konya şəhərində İslamiadanın qalibidirlər.

Həmin kateqoriyadan