Məşqçilər sərbəst güləşçilərimizin çıxışı barədə nə dedilər?

Bu gün Təbrizdə sərbəst güləş üzrə Təxti kuboku sona yetdi. 16 ölkədən 160 bahadırın iştirak etdiyi sınaqda Azərbaycan millisi 4 medal qazandı. Yarışdan sonra yığmanın məşqçiləri allsport.az saytına açıqlama verdilər.

Rövşən Hacıyev (şəkildə soldan 1-ci): “Komandamızın nəticəsini qənaətbəxş sayıram. Düzdür, bundan da yaxşı ola bilərdi. Amma nəzərə alaq ki, mövsüm təzə başlayıb. Güləşçilərimiz hələ tam formada deyillər. Üstəlik, Təbrizdə “ikinci nömrələr” mübarizə apardı”.

Nazim Əlicanov (şəkildə sağdan 2-ci): “Təxti kubokunda güləşçilərimizin çıxışını normal sayıram. Mövsüm yeni başlayıb. Bu, komandanın ilk yarışı idi. Bəziləri formada hələ deyil. 3 yığma üzvü yarımfinalda mübarizə apardı. Qaçırılan imkanlar oldu. 97 kq-da Roman Bəkirovun 8:8 hesabı ilə məğlub olduğu iranlı Əmir Məhəmmədi sonda çempion oldu. Bir də, nəzərə alaq ki, yeni dəyişən qaydalara uşaqlar hələ tam uyğunlaşmayıblar “.

Kamran HACI, Təbriz

Həmin kateqoriyadan