Mübariz İbrahimovun xatirəsinə sərbəst güləş üzrə açıq ölkə birinciliyi

Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə sərbəst güləş üzrə yeniyetmə və azyaşlılar arasında açıq respublika turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 200-dək idmançı qüvvəsini sınayıb. Turnirin təşəbbüskarı olan “Olimpsport” jurnalının baş redaktoru Ramin Allahverdiyev yarış haqqında təəssüratlarını bölüşüb:

“Bu yarışı keçirmək çoxdankı arzum idi. Çünki Mübariz İbrahimovun qəhrəmanlığını təbliğ edib yaşatmaq hər bir azərbaycanlı kimi mənim də borcumdur. Əslində bu turniri beynəlxalq səviyyədə keçirmək niyyətində idik. Maddi vəziyyətlə bağlı hələ ki respublika səviyyəsində keçirmək qərarına gəldik. Bu, həm də bizim üçün test xarakteri daşıyır. Əsas odur ki, ənənənin təməlini qoyduq. Məqsədimiz yeniyetmələrimizin mübariz ruhlu yetişməsi və güləşin kütləviliyini artırmaqdır. Ümid edirəm ki, gələn il bu yarış federasiyanın təqvimində yer alaraq daha geniş miqyasda keçiriləcək”.

Yarışa marağın böyük olduğunu vurğulayan turnirin təşəbbüskarı bildirib ki, paytaxtla yanaşı, bölgələrdən ondan çox komanda mübarizə aparıb. O, yarışın təşkilinə verdiyi dəstəyə görə Güləş federasiyasına və mətbuat şurasına minnətdarlığını bildirib.

Həmin kateqoriyadan