Otüstü hokkeyçilər mövsümünə yekun vurdular

Yola saldığımız 2014-cü ildə Azərbaycan otüstü hokkeyçilərindən ilk olaraq beynəlxalq yarışlarda mübarizəyə Bakının qadın otüstü hokkeyçilərdən ibarət“Atasport” klubu qoşulub. Allsport.az saytı azhf.az-a istinadən xəbər verir ki,  komanda bu ilin aprel ayında  Hollandiyanın Hertogenboş şəhərində Avropa Çempionlar Kuboku uğrunda turnirin 8 ən güclüsü sırasında yarışıb. Təəssüf ki, öz qrupunda ilk 2 qarşılaşmada “Amsterdam”, “Railvay Union”(İrlandiya) və İngiltərənin “Readnig” klublarına məğlub olan həmyerlilərimiz  qrup sonuncusu olublar.

Beləliklə, “Atasport” klubu 2005-ci ildən “daimi qeydiyyatda” olduğu qitəmiqyaslı Çempionlar Kuboku uğrunda turnirin 8 ən güclüsü sırasındakı  yerini itirərək növbəti mövsümdən bir pillə aşağı – “Trofi” divizyonunda mübarizə aparmaq məcburiyyətində qaldı.2014-cü ilin iyun ayında isə  Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət “Atasport” komandası 1 il əvvəl “Çelenc I” turnirinin qalibi olmaqla İtaliyanın Kagliari şəhərində keçirilən klublararası Avropa çempionatının “Trofi” divizyonunda mübarizəyə ilk dəfə   qoşulub. Son vaxtlar qitəmiqyaslı yarışın “Çelenc” divizyonunda ilə 1 mərhələ irəliləməklə Avropanın ikinci 8-liyinə daxil olan “Atasport”   həmin divizyonda ən azı daha 1 mövsüm dayanmalı olub.

“B” qrupunda   İrlandiya təmsilçisindən sonra 2-ci yeri tutan  hokkeyçilərimiz pley-offda yalnız 3-cü yer uğrunda mübaizə aparmaq məcburiyyətində qalıb. Həmin mərhələdə “Atasport”-un rəqibi digər qrupda II nəticə göstərən İtaliya    təmsilçisi- “Amsikora”  komandası olub.  Həlledici  matçda 4:0 hesablı qələbə qazanan kişi otüstü hokkeyçilərdən ibarət  Bakının “Atasport” komandası Klublararası Avropa Çempionatının “Trofi” divizyonunda ilk çıxışını yüksək nəticə ilə – 8 iştirakçı  arasında  III yeri tutmaqla  qeyd etdi.

Bu yarışla paralel olaraq Çexiyanın Rakovnik şəhərində keçirilən Avropa Klub Çempionatının “Çelenc I” divizyonunda çıxış edən Azərbaycan çempionu -“Akkord” komandası da qrup mərhələsində II yeri tutub və Pley-Offa vəsiqə qazanıb. Reqlamentə görə “Trofi” divizyonundan fərqli olaraq “Çelenc I” turnirində iştirakçılar Pley-Off  mərhələsində çarpaz üsulla görüşüblər. “Akkord” finala və növbəti mövsümdən “Trofi” divizyonuna vəsiqə qazanmaq üçün    digər qrupun  qalibi- İrlandiyanın daha bir təmsilçisi- “Banbridge” klubu ilə qarşılaşıb. Təəssüf ki, həmin oyunda çempionumuz  3:6 hesabı ilə uduzub və   son illərdəki pillə-pillə irəliləmək ənənəsini pozaraq “Çelenc I” divizyonundan irəli gedə bilməyib.

Ölkə çempionatının yüksək dəstəsində yarışan kişi otüstü hokkey komandaları sentyabrın 23-də  son tura yekun vurublar.   Əslində son görüşlər elə bir prinsipial xarakter daşımırdı. Belə ki, yarışın başa çatmasına 1 tur qalmış “Atasport”(Bakı) qızıl, ötən illərin çempionu “Akkord” isə  gümüş mükafatları özlərinə təmin etmişdilər.  Qusarın “Şahdağ” klubu 3-cü , “Atasport” (Sumqayıt) isə sonuncu – 4-cü yeri tutub.  Mükafatlandırma mərasimində I-III yerləri tutan komandaların üzvlərinə Gənclər və İdman nazirliyinin diplomları, eləcə də federasiya tərəfindən medallar və pul mükafatları təqdim edilib.

Sentyabrın 26-da bazar günü qadın otüstü hokkey komandaları da çempionatın sonuncu və həlledici oyunlarını başa çatdırıblar.  Final mərhələsində son tur çərçivəsində   artıq çempionluğu özünə təmin edən   Qusarın “Şahdağ” komandası Şəmkir hokkeyçilərinə 1:0 hesabı ilə qalib gələrək 16 xalla qızıl medallara layiq görülüb. “Atasport-Binə” və “Akkord”(Sumqayıt) komandalarının qarşılaşmasında Binə təmsilçiləri gərgin oyunda “Akkord”-u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb və 9 xalla II yeri tutub. “Şəmkir” komandası ölkə birinciliyinin bürünc mükafatına sahib olub. Son görüşlərinin  uğursuz keçirən “Akkord” isə yarışı 4 xalla –sonuncu 4-cü yerdə başa vurub.  Yekunda komandalara müvafiq medallarla yanaşı, diplomlar,   I yerin sahiblərinə isə pul mükafatları təqdim edilib.

Həmin kateqoriyadan