Kamran HACI
Əndəlüsü bəzəyən türk naxışları və ya «Sevilya bərbəri»nin son ariyası

Kamran Hacı | kamran-haji@mail.ru

Azərbaycan o nadir ölkələrdəndir ki, qədim və zəngin tarixi sadəcə ənənə – mədəniyyət deyil, həm də milliliyin, ruhun, mənəvi dəyərlərin, ədalət və haqqın tərənnümçüsüdür. Tarixən Şərqlə Qərb arasında körpü olmuş Odlar yurdunda bu bəşəri sərvəti qorumaqda dəyərlərin, istedadın əvəzsiz rolu və yeri var. Noyabrın 26-da Pireney yarımadısının güneyinə, Əndəlüs diyarına səfərimdə buna bir daha əyani şahid oldum. Hələliksə, ezamiyyədə bizlə bağları olduğu şəhər haqda söz açım.
1963-cı ildə 20 yaşlı bir azərbaycanlı dünyanı heyran qoydu. Bariton səsli Müslüm Maqomayev Rossini Coakkinonun «Sevilya bərbəri» operasında Fiqaronu yüksək səviyyədə ifa etməklə, millətinin necə böyük istedadlı və yaradıcı olduğunu növbəti dəfə isbatladı. Onun ağlına gəlməzdi ki, sovetlər dağılanda həmyerlisi Vəli Qasımov uzaq İspaniyaya üz tutaraq, həmin şəhəri təmsil edən «Betis» futbol klubu ilə Primeroda oynayacaq və azərbaycanlı olduğu deyilən, Avropa əsərlərində hər qarşısına çıxan qızı aldadaraq özünə aşiq edən, sonra onu tərk edərək arxasında qırıq qəlblər buraxan, amma əslində, diplomat, yazıçı, şair və rəssam olan Don Juanın (Oruc bəy Bayat) şöhrətinə şöhrət qatacaq.

«Qarabağ»ın himayədarı «Azərsun» hər il sosial layihələr həyata keçirir. Onlardan biri də idman KİV-inin geniş tərkibdə avrokubok oyunlarına ezamiyyəsidir. Komandanın idman direktoru Əmrah Çəlikəl sağ olsun, onun dəstəyi sayəsində İspaniya ikinci səfərim baş tutdu. İki il öncə çempionlar liqasının qrupunda Madriddən xalla qayıtmışdıq. Təəssüf ki, eyni sevinci Sevilyada yaşaya bilmədik. Düzdür, «Atletiko»ya qarşı heyətimiz də güclüydü, amma bu əsas vermirdi ki, 5-ci turda əsasən gənc futbolçulardan təşkil olunun «Sevilya»ya qarşı 90 dəqiqə duruş gətirməyək. Görünür, futbolun ümumi problemləri «Qarabağ» inkişafına təsir edir, onu dirçəlməyə qoymur.

Çarterlə təqribən 7 saatlıq uçuşdan sonra, axşam məkana çatdıq. Hava limanında isti qarşılandıq. Sözsüz ki, cənub havasındandır. Adətən, «Qarabağ» mərkəzdə yer ayırır. Amma bu dəfə düz görüşün keçirildiyi «Ramon Sançes Pisxuan» stadionunun yanında qərarlaşdıq. 2-nəfərlik otaqlar qəribəydi. Beləsini ilk dəfə görürdüm: hər çarpayı ayrıca enli, yəni bitişik 2-nəfərlik. Yol yorğunlu olduğundan, şəhərlə tanışlığa ertəsi gün çıxdım. Sevilya Əndəlüs vilayətinin paytaxtıdır. 7-ci əsrdə Əməvilər dönəmində, ərəblər Mərakeşdən indiki Cəbəllütariq bolğazından adlayıb bir neçə aya Qalliyanı tutdu. Müsəlmanlar franklara elə ilk toqquşmada, 732-ci ildə, Puatye döyüşündə yenilməsəydi, indiki Fransanı da ələ keçirəcəkdilər. Niyyət firəngləri və germanları məğlub edib Konstantinopola (İstanbul) qədər irəliləmək idi. Amma xəlifənin sərkərdə Musa ibn Nəsiri geri Şama çağıqmaqla bu hədəf yarımçıq qalır. 13-cü əsrdə ərəblər İspaniyadan qovulduqdan sonra, zamanla bu mədəniyyətə aid tikililər məsihilər tərəfindən dəyişdirilmişdir. Amma nə qədər müdaxilə olsa da, İslam silinə bilinməyəcək bir dindir – Uca Rəbbin son böyük əsəridir!

Quadalquivir çayının kənarında şəhərin daha bir rəmzi olan «Torre Del Oro», yəni «Qızıl qüllə» dairəvi qalası yerləşir. 13-cü əsrdə inşa edilən tikili samandan istifadə edildiyi üçün, günəş şüaları dəyərkən qızıl kimi parıldayır. Məşhur ispaniyalı yazıçı Migel de Servantes burda həbsdə yatıb və «Don Kixot»u qələmə alıb. Amerikanı kəşf etmək üçün səyahətə çıxan Xristofor Kolumbun yolu da bu qaladan düşüb.

Şübhəsiz ki, dünya sivilizasiyasının əsasını qoyan, ona misilsiz töhfə verən türk izi burda da seziləcəkdi. Şəhərin mərkəzində Kordova xilafəti dönəmində Əbu Yusif Yaqub əl-Mənsurun Mərakeşdə Əl-Qütb məsçidinin oxşarı əsasında tikdirdiyi (1184-1198) və Rekonkista hərəkatında yerində qotik (qoç) üslubunda inşa edilmiş, yalnız yenilənən 89 metrlik hündürlüyündə dördkünclü minarəsi qalan, Xristofur Kolumbun məzarı yerləşən nəhəng Xiralda kafedralının (1401-1519) yanında 12-ci əsrdə Əlməhəd sülaləsi tərəfindən ilk salınan Əl-Qəsr yerləşir. İqamətgahın divanxanası, hamamı, ovdanı, bir neçə hovuzlu həyəti və bağçaları var. Sarayda əksər işləmələr AzərbaycanTəbriz naxışlarıdır. Əl-Qəsr çox füsunkar olduğu üçün, 700 il ispan krallarının iqamətgahı olub.

İndi muzeyə çevrilən İspaniya universitetinin San Telmo sarayına baxan qapısı qalanı xatırladır. Çünki ön hissəsində uzun xəndək var və bu da müdafiə istehkamı sayılır. Onun yanında Veqa teatrının binası da məscidi xatırladır. Bir qədər aralıda, şəhərin şərq ərazisində bir neçə hektarı əhatə edən parkda qotik və mavr üslubunda tikililər, qurtaracağında isə İspaniya meydanı yerləşir. Muxtar vilayətin nazirlikləri elə bu binadadır.

Şəhərin o başında müqəddəs Mariya de las Kuevas monastırı da bir zamanlar məscid olub. Geniş əraziyə malik məbəddə bizim naxışlara rast gəlinməklə yanaşı, kərpicdən tikilmiş bir uca minarə, onun yanındasa üç minarəyə bənzər qüllə var ki, o da qədim Misirdə taxıl saxlanılan anbara bənzəyir.

Mərkəzi küçələrdə addımbaşı qarşına iri zibil qutuları çıxır. Eləcə də, portağal ağacları. 1982-ci ildə İspaniyada keçirilmiş Dünya Kubokunda əbəs yerə yarışın rəmzi «Naranxito» deyildi. Əhali 2 milyonu aşmır. Şəhərdə avtobus, tramvay və metro var. Futbolu Sevilyada da sevilir. Müxtəlif nöqtələrdə tez-tez rast gəlinən futbol meydançaları boş qalmır. Vilayət paytaxtda Türkiyə restoranı tapmaq mümkün olmasa da, Bakının adına rast gələnlər oldu. Allahın əlinin onun üzərində olduğu, Azərbaycanın döyünən ürəyini sevənlər bütün cahanda var!
Əhalinin xeyli hissəsi qoşaçarxdan istifadə edir. Nadir halda hansısa küçədə velosiped çığırı görməyəsən. Motosklietdən də yararlanan az deyil. Sevilyalılar da digər kiçik tutumlu, yanacağa qənaət edən avtomobillərə üstünlük verirlər. Şəhərdə memarlıq abidələri çox olduğundan, addımbaşı turistə rast gəlirsən.

Azərbaycanlıların necə qonaqpərvər olduqlarını orda bir daha əyani şahidi oldum. «Ramon Sançes Pisxuan» stadionunun media otağında fasilədə KİV-ə adi sudan başqa heçnə qoyulmamışdı. İsti çay, qəhvə belə yox idi. «Qarabağ» – tək Avropa deyil, məncə, digər qitə klublarından da fəqlənir – bir nümunədir! Çünki camiyə hər sahədə peşəkar və diqqətlidir!
«Qarabağ»da çalışan dostlar dedilər ki, səbirsizliklə təəəssürat yazımı gözləyəcəklər. Bu dəfə həmkarlardan bir kəlmə də yazmayacacam. Çünki ölkə futbolu necədirsə, hansı durumdadırsa, ondan da acınacaqlı vəziyyət futbol mediasındadır. Əslində, «acınacaqlı» yazmaqla bu sözü bir az təhqir etmiş oldum. Amma yəqin, söz məndən inciməz. «Köhlən atlılar»a gəldikdə, onlar bu dəfə də qrup səddini aşmağa yaxın idilər. Lakin obyektiv və subyektiv səbəbdən, arzumuz yenə növbəti illərə qaldı. Hər sınaq düşünməyə əsas verir. Ümid edirəm ki, müasir futbolumuzun qayəsinə çevrilən Qurban Qurbanovlu «Qarabağ» avrokubokda ölkəmizi ayaqda saxlamaqda davam edəcək. Son 6 ildə olduğu kimi…

Y.S. «Sevilya bərbəri»nin 4-cü səhnəsində komediya xoş sonluqla bitsə də, futbolumuzda bunun tam əksi baş verir. Ariyanı bizim Fiqaro – «Boz ev»in ikinci şəxsi oxumaqda davam edir. Hərçənd tamaşanın bitməyinə çox qalmayıb. Pərdənin bağlanması futbolumuzun qaranlıqdan nura çıxacağı gün olacaq.

Həmin kateqoriyadan