Beynəlxalq güləş günündə Şamaxıya səyahət

23 May – Beynəlxalq güləş günü münasibəti ilə Azərbaycan güləş federasiyası KİV üçün Şamaxıya səyahət təşkil etdi. Allsport.az saytı xəbər verir ki, AGF-nin hakimlər komitəsinin sədri Asif Şirəliyev qonaqları qarşılayaraq, güləş idman növünün tarixi, növləri və əsas qaydaları barədə ətraflı məlumat verdi. O, həmçinin son illərdə beynəlxalq arenada qəbul olunmuş yeniliklər, xalların qiymətləndirilməsi sistemi və hakimliklə bağlı aktual məsələlərə aydınlıq gətirdi, jurnidman yazarlarını maraqlandıran sualları cavablandırdı.

Güləşin təbliği və təşviqi məqsədilə keçirilən tədbirdə 1-ci kateqoriyalı hakim Əli Babayevin təşəbbüsü ilə hazırlanan “Beynəlxalq güləş qaydaları” kitabının təqdimatı da baş tutdu. Güləşlə bağlı əsas qayda və məlumatları özündə ehtiva edən nəşrin gələcəkdə daha geniş tirajla çap edilərək müxtəlif klub və idman cəmiyyətlərində fəaliyyət göstərən məşqçilərə paylanılması nəzərdə tutulur.

Tədbir çərçivəsində mətbuat nümayəndələri arasında güləş mövzusunda maraqlı müsabiqələr təşkil olundu, qaliblər mükafatlandırılıb. Fərqlənənlər arasında saytımızın təmsilçisi Kamran Hacı da vardı.

Seminardan sonra idman jurnalistləri Şamaxıda AGF-nin dəstəyi ilə fəaliyyət göstərən güləş zalına baxış keçirdilər, orada yaradılmış şəraitlə tanış oldular. KİV nümayəndələri məşqin gedişini izləydilər, məşqçilər və idmançılarla fikir mübadiləsi apardılar.

KİV üçün səyahətin əsas məqsədi güləş idman növü ilə bağlı biliklərinin artırılması, bu sahədə maarifləndirmənin gücləndirilməsi və güləşin ictimaiyyət arasında daha geniş təbliğinə töhfə vermək idi.

Həmin kateqoriyadan