1 görüşə 3 rekord

Premyer liqanın 12-ci turunda “Keşlə”yə 2:1 hesabı ilə qalib gələn “Sabah” 3 rekord edib. Allsport.az xəbər verir ki, Bakı klubu tarixinin 2 ən yaxşı göstəricisini müəyyənləşdirib və daha birini təkrarlayıb.

Paytaxt təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb. Sonuncu dəfə 7-ci turun “Qarabağ”la matçında (1:2) uduzan “Sabah” “Sumqayıt” (3:0), “Qəbələ” (3:1), “Zirə” (3:3), “Neftçi” (2:1) və “Keşlə” (2:1) ilə görüşlərdə xal qazanıb. Bakılılar bu 5 görüşdə 13 xal yığıb. Bu seriya 2020/21 mövsümünün 21-25-ci turlarında qeydə alınan rekordun təkrarıdır. Həmin vaxt 5 oyun uduzmayan komanda daha az – 9 xal toplamışdı.

Premyer liqada 4-cü mövsümünü keçirən komanda ardıcıl 6 oyundur qol vurur. Bu, klub tarixində mütləq rekorddur. 2019/20 mövsümünün ilk yarısında ardıcıl 5 görüşdə fərqlənən “Sabah” 9 qola sevinmişdi. Bu dəfə 6 matçı əhatə edən seriyada 14 qol qeydə alınıb.

Paytaxt futbolçuları ilk 12 turda 16 dəfə rəqib qapısına yol tapıb. Bu da yeni rekorddur. “Sabah” əvvəlki 3 mövsümün heç birində belə məhsuldarlıq göstərməyib. 2018/19 mövsümünün müvafiq dövründə 12, növbəti 2 çempionatda isə 14 qol vurulub.

Həmin kateqoriyadan