“Artıq sabit heyətə yaxınıq“

“Səbail” premyer liqanın 24-cü turunda evdə “Sabah”a 2:0 qalib gəlib.

Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında ev sahibinin baş məşqçisi Şahin Diniyev bunu dedi:

“İqor Ponomoryovun bu gün doğum günüdür, onu təbrik edirəm. Əsas can-sağlığıdır. Bu gün hər cür nəticə ola bilərdi. “Sabah” yaxşı komandadır. Hansı rəqibə qarşı oynayacağımızı bilirdik. Onların keyfiyyətli oyunçuları var. Təşkilatlanmış kollektivdir, oyun stilinə sahibdirlər.

Bizim üçün çətin idi. İlk yarıda hücum qurmağa tələsirdik. Fasilədən sonra dinamik futbol oldu, qarşılıqlı hücumlar şəraitində keçən oyun idi. Azarkeşlər üçün də maraqlı matç alındı. Qapılar qarşısında yetərincə qol epizodları yarandı. Bu gün “Səbail” kompakt, komanda şəkildə xarakteri özünü göstərdi. Futbolçular meydanın hər qarışı uğrunda canlarını, başlarını qoymağa hazır idilər. Komandanın toparlanması məni sevindirir. Müdafiədə səhvlər etmədik. Hücumda potensialımız böyükdür. Sadəcə, müdafiədə kobud səhvlər olurdu. Ötən oyunda iki müdafiəçimizin hədiyyəsindən sonra 2:2 olmuşdu. Bu gün həmin hədiyyələr olmadı. Komanda düzgün yoldadır. Artıq sabit heyətə yaxınıq. Stabil heyət olacaqsa, stabil oyun və stabil nəticə olacaq. “Sabah”a gələcək oyunlarda uğurlar arzulayıram”.

Həmin kateqoriyadan