Elmar Baxşıyev: “Başabaş oyun alındı”

Azərbaycan premyer liqasının XII turunun “Qəbələ” – “Qarabağ” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Allsport.az 41 yaşlı mütəxəssisin fikirlərini təqdim edir:

“Bilirdik ki, bizi ağır oyun gözləyir. “Qarabağ” çempionatımızın lideridir və öz oyun dəst-xətti ilə seçilən komandadır. Futbolçularımızı ağır matça hazırlamışdıq. Təhlükənin haradan gələcəyini bilirdik. Komandamız meydanda istədiyimizi verdi və əzmkarlıq göstərdi. Başabaş oyun alındı. Fikrimcə, azarkeşlər üçün maraqlı, dinamik oyun alındı. Çalışacağıq ki, bu tempi qoruyaq və iddiamızı hər görüşdə ortaya qoyaq. Hakimlik barədə danışmaq istəmirəm. Amma elə epizodlar var ki, onları vurğulamaq lazımdır. Ülvi İsgəndərovun epizodunda penalti olduğu hakimdən başqa hər kəsə aydın idi. Komandanın oyunundan razıyam. Daha da yaxşı ola bilərik. İnanıram ki, getdikcə daha yaxşı olacağıq. Oyunun ab-havasını götürəndə belə matça ilk dəfə təyinat alan hakimin göndərilməsi qəribə gəldi. Ümumi götürəndə oyunu aşağı səviyyədə idarə etmədi. Matçın tempini saxlamağı bacardı. Amma bəzi epizodlar var ki,  bizdə müəmma yaratdı”.

Həmin kateqoriyadan