Elxan Məmmədovun şərait yaratdığı fars işğalı: Məşhəd və Mazandarandan hara, biz hara?

AFFA millini “qalıq yığılmışlar komandası”na çevirməkdə davam edir. Canni de Byazi baş məşqçi postuna gəldikdən sonra, işbaz menecerlərin fəaliyyəti bir qədər də genişlənib. “Sumqayıt”ın prezidenti ola-ola menecerlik fəaliyyətindən əl çəkməyən, özünü milli komandanın sahibi kimi aparan Riad Rəfiyev əməllərindən qalmır. Çünki o, AFFA icraçı vitse-prezidenti Elxan Məmmədovun yaxın dostudur.

Robert Prosineçki elə bu kimi səbəblərə görə millidən getdi. Xorvat çalışdırıcı müqavimət göstərir, AFFA-nın yığmaya sırımağa çalışdığı sıradan əcnəbilərə dəvət göndərmirdi. Sözəbaxan olmaması onun uzaqlaşdırılmasına səbəb oldu. Nikola Yurçeviç hər tapşırığa “baş üstə” deyirdi, lakin bu bədən tərbiyəsi müəlliminin nəticələri o qədər zəif oldu ki, onu qoruya bilmədilər.

AFFA ötən il nəhayət, illərdi çalışdığı planı reallaşdırdı, de Byazini gətirdi. Və indi onun vasitəsi ilə milli komanda əcnəbilərlə doldurulur. Məşqçinin gəlməsinə vasitəçilik edib, 100 min manata yaxın komisyon haqqını cibinə qoyan Rəfiyev indi də ona tapşırıqlar verir. İtaliyalı da ağıllıdı, görür ki, Azərbaycanda futbol heç kimə lazım deyil, müqaviləsinin artırılmasına kömək edəcək insanların tapşırıqlarını yerinə yetirir, pulunu qazanır.

Zatən Albaniya millisindən sonra ciddi iş yeri tapmayan birinə bundan sonra kimsə bizdəki qədər pul verməyəcək. 10-15 ilə qazanacağını Azərbaycanda 2-3 ilə əldə etmək fürsəti olan de Byazi ahıl yaşında cibini doldurur. Elxan Məmmədovun göstərişi ilə dövlətin milyonları xərclənərək milliləşdirilən Eddi İsrafilov, Dmitri Nəzərov, Dəniz İlmaz, Rüfət və Renat Dadaşov qardaşları artıq lazımsız sayılır, onların qazandırma həddi bitib, yeni dəstə formalaşdırılır.

Dünən milli komandanın heyəti açıqlandı və bəlli oldu ki, siyahının 1/3-ni “Sumqayıt”ın futbolçuları təşkil edəcək. Komandanın son vaxtlar yaxşı çıxış etməsinə söz yox, lakin çempion “Neftçi”dən 3, bürünc medalçıdan 8 nəfər düşərgəyə dəvət alırsa, deməli, məsələ başqadı. Onlardan beşinin milliləşən, agentlərinin Rəfiyevin özünün olması digər məqamdır.

“Sumqayıt”ın legionçu futbolçu gətirməsinə qadağa qoyulub. AFFA-dan maliyyələşən klubun strategiyası yalnız yerli futbolçulara güvənməkdi. Amma bu, yalnız görüntüdə belədi. Heyətində 8 əcnəbi olan komandada Mehdi Şərifi, Camaləddin Xocaniyazov və Höccət Haqverdi başqa ölkə vətəndaşı kimi göstərilir. Sənədləri qaydasında olmadığı üçün onları bugünədək milliləşdirə bilməyiblər. Əli Qurbani transfer olunandan sonra 30 yaşında (!) milliyə çağırılaraq milliləşdirilib, dünən də Höccət Haqverdi üçün qapı açdılar.

Mənzərə aydındır. AFFA rəhbərliyi hakimiyyətdə olduğu 14 il ərzində papağını günə verib, uşaq futbolunun inkişafı üçün ciddi layihə ortaya qoymayıb. Müstəqil fəaliyyət göstərib milliyə namizədlər yetişdirən “Bakı” və “Qəbələ”nin yetirmələri olmasaydı, yəqin heç “11-lik” düzəlməzdi. Bu klublardan biri tarixin yaddaşına köçüb, digəri də can üstədi. AFFA isə oyunçu çatışmazlığını gizlətmək, öz səriştəsizliyini ört-basdır etmək üçün əcnəbiləri milliləşdirməklə məşğuldu. 14 il ərzində 100-ə yaxın əcnəbi Azərbaycan pasportu alıb, nəticəsizlik isə göz önündədi.

İndi də Höccət milliləşdirilir. 28 yaşlı müdafiəçi yetişməsi gərəkən və bundan sonra yetişəcək hansısa azərbaycanlı balalarının yerini tutacaq. Haqverdinin gəlişi ilə Avropa, dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanacağıqmı? Yox. İranlı hətta “Neftçi”ni, “Qarabağ”ı gücləndirəcək biri deyil. Sadəcə, Rəfiyev onu baha qiymətə sata bilsin deyə vizit vərəqində milli oyunçusu olması barədə qeyd yazılacaq.

Bu futbolçu azərbaycanlı olsaydı, yenə göz yummaq olardı. İş ondadı ki, həm Höccət, həm də Əli Qurbani farsdır. Haqverdi Məşhəddə, Qurbani Mazandaranda doğulub ki, bu şəhərlərin əhalisinin mütləq əksəriyyəti farslardır. Sözügedən oyunçular Azərbaycan dilini belə bilmir. Klubun əlaqə saxladığımız nümayəndələri də faktı etiraf edir. Onlar Höccətlə Əlinin ulu nənəsinin Azərbaycanla müəyyən bağlılığının olduğunu bildirir.

Ata-anası fars olan “nənə uşaqları” Azərbaycan millisi üçün buqədərmi vacibdi? Əli 2 matça çıxıb, nəyi dəyişib ki, Höccət də nə etsin? Bütün bu milliləşdirmələr yalnız Rəfiyevə, bir də illərdi ölkə futbolunun anasını ağladan, indi isə eyiblərini ört-basdır etmək üçün yırtığına yamaq vurmağa çalışan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova lazımdır. Bu şəxslərin sayəsində millidə dağıstanlı, ukraynalı, rus və iranlının sayı yerlilərdən çoxdur, düşərgədə Azərbaycan dilindən başqa hər dildə danışılır.

Növbədə Filip Ozobiç var. Zədəsini sağaldan kimi, bir ay sonra ölkəmizdə yaşamasının 5 ili tamam olan kimi xorvata da milli forma geyindirəcəklər. Allah axırımızı xeyir etsin! (futbolinfo.az)

Həmin kateqoriyadan