“Neftçi”nin legionçusu Ronalduya sataşdı

“Neftçi”nin futbolçusu Mamadu Mboc Portuqaliya yığmasının ulduz hücumçusu Kriştianu Ronalduya sataşıb.

Allsport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi instaqram hesabında noyabrın 14-də keçirilmiş Portuqaliya – Serbiya oyunu ilə bağlı paylaşımlar edib.

Seneqallı oyunçu həmin matçda qonaq komandaya azarkeşlik etdiyini göstərib. Mboc paylaşımlarından birində “Ronaldu hələ də oturub hakimləri Mitroviçin zərbəsindən sonra topun qapı xəttini keçdiyinə inandırır” yazıb.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Serbiya DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb. Portuqaliya isə pley-offda iştirak edəcək. Bu görüşdə qələbə topunu 90-cı dəqiqədə hücumçu Aleksandar Mitroviç vurub.

Komandalar arasında martın 27-də keçirilmiş II tur görüşündə qalmaqal yaşanıb. Kriştianu Ronaldunun 90+3-cü dəqiqədə vurduğu qol qapı xəttini keçsə də, niderlandlı baş hakim Denni Makkeli “davam” qərarı verib. Həmin vaxt müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb.

Mamadu Mboc 2014/2015 mövsümündə Serbiyada “Srvena Zvezda”nın formasını geyinib. Stefan Mitroviç də həmin klubun yetirməsidir.

Həmin kateqoriyadan