“Qələbə və qızıl medallar “Neftçi”nin olsun, amma biz daha yaxşıyıq”

“Biz idmançıyıq, böyük bir camiəyik. Azərbaycan futbolu üçün böyük işlər görmüşük. Biz çempionatda məğlubiyyəti ən normal şəkildə həzm edə bilən komandayıq. Çünki məğlubiyyətdən də dərs çıxarırıq”.

Allsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Qara Qarayev premyer liqanın son turunda “Netçi”yə uduzaraq (0:1) çempionluğu əldən verdikləri görüş barədə jurnalistlərə açıqlamasında deyib. O, fikirlərinə belə davam edib:

“Məğlubiyyət baş verə biləcək bir şeydir. Artıq 7 il ard-arda çempion olmuşuq. Hər il biz qalib gələcəyik deyə bir şey yoxdur. Sadəcə azarkeşlərimizi sevindirə bilmədiyimizə görə məyus oluruq. Amma bu, futboldur. Bəzən belə hallar yaşanır. Mən “Qarabağ”la, öz  komanda yoldaşlarımla fəxr edirəm. Fikirləşirəm ki, “Neftçi” ilə sonuncu oyunda da daha üstün və qələbəyə layiq biz idik. Şans onların tərəfində idi. Qələbə və qızıl medallar onların olsun, amma biz daha yaxşıyıq. Rəqibi təbrik edirəm. Yenə də qeyd edirəm, biz məğlubiyyəti ən normal şəkildə qəbul edən komandayıq. Çünki udanda da, uduzanda da rəqibə hörmətlə yanaşmışıq. Heç bir komanda deyə bilməz ki, biz oyunu udub, rəqibə qarşı hörmətsizlik etmişik”.

Həmin kateqoriyadan